Layihə haqqında

Maliyyə savadlılığı maliyyə istehlakçılarının öz rifah hallarını yaxşılaşdıra bilmək üçün maliyyə məhsulları və konsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə bacarıqlar toplusudur (İƏİT).

İnkişaf etmiş və etməkdə olan ölkələrin əksəriyyətində Maliyyə Savadlılığı (MS) üzrə müxtəlif hədəf qrupları üçün orta məktəblərdə bu mövzuya həsr olunmuş müxtəlif formatlarda dərslər keçirilir, MS-ə həsr olunmuş internet portalları yaradılır, KİV-də geniş miqyaslı kampaniyalar, bu sahədə təlimçilər üçün treninqlər, konfranslar, dəyirmi masalar və s. aidiyyatı tədbirlər həyata keçirilir. Bütün bu işlər dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyətləri tərəfindən yerinə yetirilir.

Beynəlxalq təcrübədən görə bilərik ki, bir çox ölkələrdə MS üzrə dövlət proqramları və ya strategiyalar mövcuddur və eyni zmanda MS-in təhsil proqramına əlavə edilməsi üzrə işlər aparılır. Mərkəzi Banklar və kommersiya bankları fərqli hədəf qrupları üçün maarifləndirmə kampaniyaları aparırlar. Bəzi ölkələrdə hətta MS üzrə məsləhət mərkəzləri də mövcuddur. MS-ə dair ictimaiyyət üçün məlumatlandırıcı tədbirlər, təbliğat kampaniyaları, KİV-də verilişlər və digər müvafiq fəaliyyətlər icra edilir. Müxtəlif hədəf qrupları üçün müxtəlif növ resurslarla zəngin portallardan istifadə edilir.

Bank əməkdaşları məktəblərə səfərlər edir və ya şagirdləri banklara dəvət edirlər, onlara qələm, bloknot, şokolad, pul daxılları kimi kiçik hədiyyələr və ya əyani dərs vəsaitləri və maraqlı kitabçalar verirlər. Həmçinin əsas dərs fənlərində istifadə oluna biləcək interaktiv oyunlar, quizlər, krossvordlar və s. keçirirlər. Bundan başqa banklar tərəfindən rəsm və ya inşa müsabiqələrinin keçirilməsi tədbirlərin daha da yaddaqalan olmasına xidmət edir. Sadaladığımız bütün bu tədbirlər maliyyə savadlılığı məsələsinin vacibliyini bir daha vurğulayır.

Bankların bu işdə məqsədini (a) maliyyə və iqtisadi baxımdan daha savadlı və bacarıqlı müştərilərin yetişdirilməsi, (b) uşaqların vasitəsilə valideynlərin də maarifləndirilməsi, (c) insanların maliyyə davranışlarında dəyişikliyin edilməsi, (d) korporativ sosial məsuliyyət və (e) risklərin azaldılması kimi icmallaşdırmaq olar.

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankı özünün təşkilati missiyasına əassən 2010-cu ildən Maliyyə Savadlılığı üzrə layihənin icrasına start vermişdir. Əsas məqsədlərdən biri kimi maliyyə və iqtisadi savadlılığın ictimai dəyər kimi tanıdılmasını qeyd etmək olar.

MB adından bu sahədəki işləri Tədqiqatlar və İnkişaf Mərkəzinin İnkişaf Departamenti həyata keçirir. MS Layihəsinin əsas hədəf qrupları məktəblilər, geniş ictimaiyyət, iqtisadiyyat üzrə ixtisaslaşan jurnalistlər və MB-ın əməkdaşları, bank işçiləri, bank işi üzrə təhsil alan tələbələri göstərmək olar.

İndiyə kimi İD tərəfindən MS sahəsində görülmüş işlərə beynəlxalq təcrübənin öyrənilməsi, donor təşkilatlarla münasibət yaradılması, tələbə və jurnalistlər üçün maarifləndirici tədbirlərin aparılması, Təhsil Nazirliyi ilə birgə məktəblərdə görüşlərin keçirilməsi, kurrikulum üçün tövsiyələrin hazırlanması, “Banklar məktəblərə, məktəblilər banklara” adlı silsilə tədbirlərin keçirilməsi, VISA təşkilatı və Vergilər Nazirliyi ilə birgə “İqtisadi futbol” interaktiv oyununun təşkil olunması, və ötən ilin sonlarında Beynəlxalq Əmanət Günü adlı tədbirin keçirilməsini göstərmək olar.

MS sahəsində gələcək fəaliyyət istiqamətlərinə ölkənin sosial-iqtisadi inkişafının gücləndirilməsi, Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək, ölkədə iqtisadi və maliyyə savadlılığının artması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında dəyişikliyi vurğulamaq olar. Bu fəaliyyət istiqamətlərinə uyğun olaraq hazırlanmış tədbirlər planına MS-ın qiymətləndirilməsi üçün əhali arasında sorğu keçirilməsi, MS üzrə Strategiyanın hazırlanması, orta məktəblərdə maliyyə-iqtisadiyyat sahəsində tədrisin təkmilləşdirilməsi, IV–VIII siniflər üçün maliyyə təhsili və maliyyə bacarıqlarının gücləndirilməsinə dair fakültativ proqramların hazırlanması və “Banklar məktəblərə, məktəblər banklara” silsilə tədbirlərinin davam etdirilməsini qeyd etmək olar.

Maliyyə Savadlılığı sahəsindəki İnkişaf Departamenin tərədaşları kimi Azərbaycan Kitabxana Konfederasiyası (AKK), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (IFLA), Amerika Resurs Mərkəzi (ARC), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), PricewaterhouseCoopers (PWC), Dünya Bankı (WB), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) və Təhsil Nazirliyini (TN) vurğulamaq olar.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə