Dünya Bankının Vaşinqtondakı baş qərargahında keçirilmiş “Azərbaycan günləri”

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankının (DB) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15-16 mart 2011-ci il tarixlərində Dünya Bankının Vaşinqtondakı baş qərargahında “Azərbaycan günləri” keçirilmişdir. Azərbaycan günlərinin əsas məqsədi Dünya Bankı ilə Azərbaycan arasında məhsuldar əməkdaşlığın qeyd olunması, bu təşkilatla dialoqun daha da gücləndirilməsi və bank əməkdaşları arasında Azərbaycan mədəniyyətinin tanıdılmasından ibarət idi.

Azərbaycan günləri çərçivəsində Dünya Bankının prezidenti, Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı, DB-nin və BVF-nin icraçı direktorları və DB-nin digər rəsmi şəxsləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə əsasən DB ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişaf tarixi, bu əməkdaşlıq nəticəsində əldə olunan nailiyyətlər və gələcək əməkdaşlıq perspektivləri, DB-nin ölkə üzrə iqtisadi inkişaf strategiyası, Azərbaycan üzrə kredit portfeli, qarşılıqlı intellektual mübadilənin zəruriliyi, Azərbaycan və DB-nin birgə həyata keçirdiyi layihələr, Azərbaycanın bank sektorunun inkişafı, Mərkəzi Bankın məzənnə siyasətinin orta və uzunmüddətli strategiyası, eləcə də maliyyə sabitliyinin gücləndirilməsi üçün görülmüş makroprudensial və nəzarət tədbirləri müzakirə olunmuşdur. Eyni zamanda “Neft gəlirlərinin idarə olunması və şəffaflıq” mövzusuna və “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə dair təqdimat da keçirilmişdir.

Rəsmi tədbirlərlə yanaşı DB-nin binasında Azərbaycan mədəniyyətini təqdim etmək məqsədilə xalçaçılıq və ipək sərgisi, foto qalereya təşkil olunmuş, canlı xalça istehsalı və milli geyimlər nümayiş etdirilmiş, DB və BVF-nin əməkdaşlarına Azərbaycan mətbəxini tanıtmaq məqsədilə nahar zamanı klassik Azərbaycan musiqisinin müşayiəti altında milli xörəklər təqdim edilmişdir. Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsi, paytaxt Bakının mənzərələri, eləcə də ölkədəki iqtisadi inkişafı əks etdirən şəkil və plakatlar, Azərbaycan haqqında qısametrajlı video materiallar nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə