Mərkəzi banklarla əməkdaşlıq

İsveçrə Milli Bankı

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə İsveçrə Milli Bankı (İMB) arasında 2001-ci ilin iyun ayından başlayaraq monetar siyasət, statistika, tədqiqatlar, bazar əməliyyatları, kredit təşkilatlarının fəaliyyətinə nəzarət, ödəniş sistemləri, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, maliyyə idarəetməsi, nağd pulun idarəedilməsi, nəzarətin metodologiyası, insan resurslarının idarə olunması, daxili audit və lisenziyalaşdırma üzrə texniki yardımın göstərilməsi istiqamətində əməkdaşlıq əlaqələri formalaşdırılmışdır.

Potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və müvafiq sahələrdə öz təcrübələrini bölüşmək məqsədilə İMB-nin ekspertləri müntəzəm olaraq AMB-də səfərdə olmuşlar. Səfər çərçivəsində ekspertlər müxtəlif departamentlərdə görüşlər keçirmiş və daxili audit fəaliyyətinin qiymətləndirilməsi və COBİT standartlarının tətbiqi imkanlarının araşdırılması, ödəniş sistemlərinə nəzarət, tədqiqatlar departamentinin işçi heyətinin vəziyyəti, inflyasiya modelləri, real sektorun monitorinqi, statistik məlumatlar bazasının təkmilləşdirilməsi, informasiya texnologiyaları departamentinin işçi heyətinin peşəkarlığı və insan resurslarının idarə olunması, banknotların dizaynı və dövriyyəsi, yeni nəsil pulların buraxılması və denominasiyaya hazırlıq, bazar əməliyyatlarının qeyri-inzibati metodlarla idarə edilməsi, maliyyə bazarının inkişafı, risklərin idarə olunması, informasiya texnologiyaları təhlükəsizliyi, intranetdən istifadə, kargüzarlığın avtomatlaşdırılması, internetdən istifadə zamanı təhlükəsizlik, ödəniş sistemlərinin informasiya təhlükəsizliyinin monitorinqi, Mərkəzi Bankda Fövqəladə Hallarda Fəaliyyət Planı və Biznes Proseslərin Davamlılığı Planının hazırlanması kimi mövzularda fikir mübadiləsi aparmışlar.

Eyni zamanda AMB-nin əməkdaşları daxili audit planlaşdırılması prosedurları, monetar siyasətin həyata keçirilməsi mexanizmi, birgə auditin keçirilməsi, Cash Menecment Sistemin yaradılması, insan resurslarının idarəedilməsi, nağd pulun hərəkətinin izlənilməsi üçün “Barkod” sisteminin tətbiqi, maliyyə idarəetməsi, strateji idarəetmə, monetar siyasətin transmissiya mexanizminin öyrənilməsi istiqamətlərində İMB-nin təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə İMB-də səfərdə olmuşlar.

“İnsan resurslarının effektiv idarə olunması sisteminin formalaşdırılması” layihəsi çərçivəsində İMB-nin eksperti tərəfindən məsləhət xidməti göstərilmişdir.

www.snb.ch


Polşa Milli Bankı

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Polşa Milli Bankı (PMB) arasında 2002-ci ilin dekabr ayından başlayaraq intensiv əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əməkdaşlıq çərçivəsində lisenziyalaşdırma və nəzarətin metodologiyası, daxili audit, təhlükəsizlik, xarici nəzarət, beynəlxalq əlaqələrin təşkili, monetar siyasət, maliyyə idarəetməsi, strateji planlaşma prosesinin institusional çərçivəsi, performansın idarə edilməsi və qiymətləndirilməsi sistemləri, sistem risklərinin qiymətləndirilməsi və maliyyə sabitliyinin təhlili istiqamətində təcrübə mübadiləsi məqsədilə AMB-nin əməkdaşlarının PMB-yə səfəri təşkil olunmuşdur.

Eyni zamanda, “stress-testlərin” qurulması, bank risklərinin təhlili və qiymətləndirilməsi, daxili nəzarət sisteminin təkmilləşdirilməsi, AMB-də xəzinə infrastrukturunda müasir və beynəlxalq standartlara cavab verən video-müşahidə sisteminin qurulması istiqamətində məsləhət xidmətinin göstərilməsi məqsədilə PMB-nin ekspertləri AMB-də səfərdə olmuş və öz tövsiyələrini vermişlər.

PMB-nin ekspertləri tərəfindən AMB-də “Dinamik Stoxastik Tarazlıq Modelinin qurulması” və “E-təhsil” mövzusunda seminar keçirilmişdir. Həmçinin, AMB-nin əməkdaşları mütəmadi olaraq PMB tərəfindən təşkil edilən təlim kurslarında iştirak edirlər.

www.nbp.pl


Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə Türkiyə Mərkəzi Bankı (TMB) arasında 1995-ci ildə ikitərəfli Əməkdaşlıq Sazişinin imzalanması ilə intensiv əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əməkdaşlıq çərçivəsində AMB-nin əməkdaşları monetar siyasət, statistika, insan resursları, daxili audit, mühasibat uçotu, beynəlxalq əlaqələr, ödəniş sistemləri, bazar əməliyyatları üzrə təcrübə mübadiləsinin aparılması məqsədilə TMB-də səfərdə olmuşlar. Bununla yanaşı maliyyə sabitliyi və satınalma xidmətinin təkmillləşdirilməsi mövzularında seminarların keçirilməsi məqsədilə TMB-nin ekspertlərinin Mərkəzi Banka səfəri təşkil olunmuşdur.

AMB-nin Türkiyənin Bank Tənzimlənməsi və Nəzarəti Agentliyi (TBTNA) ilə ilə faydalı əməkdaşlıq əlaqələri 07 sentyabr 2005-ci il tarixində Bank nəzarəti sahəsində Əməkdaşlıq Sazişinin imzalanması ilə yaradılmış və bu əməkdaşlıq çərçivəsində AMB-nin əməkdaşlarının nəzarətin metodologiyası üzrə Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə Türkiyənin sözügedən təşkilatına bir sıra səfərləri təşkil edilmişdir.

www.tcmb.org.tr


Almaniya Bundesbankı

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Almaniya Bundesbankı arasında 2001-ci ilin aprel ayından başlayaraq intensiv əməkdaşlıq əlaqələri qurulmuşdur. Əməkdaşlığın ilk illərində Bundesbank tərəfindən üç – Bundesbankda keçirilən beynəlxalq seminarlarda iştirak, Bakıda keçirilən fərdi seminarlarda iştirak və Bundesbankın ekspertlərinin AMB – yə məsləhət xidmətinin göstərilməsi istiqamətlərində texniki yardımın cəlb edilməsi barədə razılıq əldə edilmişdir.

24 iyul 2001-ci ildə Bundesbank və AMB arasında Mərkəzi Bank Texniki Əməkdaşlıq Niyyət Protokolu imzalanmışdır. Protokolda texniki yardım göstəriləcək sahələr öz əksini tapmışdır. Protokola uyğun olaraq, Bundesbankda AMB-nin əməkdaşları üçün mərkəzi bankçılığın müxtəlif istiqamətləri üzrə seminarlar təşkil edilmiş, AMB-də Bundesbankın ekspertləri tərəfindən statistikanın ümumi aspektləri, daxili audit, beynəlxalq əlaqələr, hüquq departamentinin işinin təşkili, mühasibat uçotu məsələləri, monetar siyasətin aspektləri, kredit reyestrinin yaradılması, xəzinə əməliyyatları, nağd pulun idarəedilməsi, insan resurslarının idarəedilməsi, mərkəzi bankda təhlükəsizlik məsələləri, Ekspertiza İnstitutunun yaradılması, İcra Aparatının işinin təşkili üzrə məsləhət xidməti göstərilmişdir. Eyni zamanda Bundesbankın ekspertləri tərəfindən AMB-də müxtəlif mövzularda seminarlar təşkil edilmişdir.

www.bundesbank.de


Qazaxıstan Milli Bankı

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Qazaxıstan Milli Bankı (QMB) arasında 16 sentyabr 1996-cı ildə “Azərbaycan Respublikasının Mərkəzi Bankı və Qazaxıstan Respublikasının Milli Bankı arasında hesablaşmaların təşkili haqqında” və 23 oktyabr 1998-ci ildə “İnformasiya mübadiləsi və maliyyə-bank sistemində tədqiqatlar istiqamətində” Əməkdaşlıq Sazişlərinin imzalanması ilə intensiv əməkdaşlıq əlaqələri qurulmuşdur.

Bu əməkdaşlıq çərçivəsində bank sisteminin restrukturizasiyası və inkişafının əsas istiqamətləri, maliyyə bazarlarının inkişafı və ipoteka kreditləşməsi, nağd pul dövriyyəsinin yaxşılaşdırılması, informasiya təhlükəsizliyi, iqtisadi və bank statistikası, Prosessinq Mərkəzinin yaradılması, beynəlxalq əlaqələr, əmanətlərin sığortalanması sistemi, pensiya sisteminin inkişafı, monetar siyasət, Baş Mühasibat Sisteminin yaradılması, daxili nəzarət prosedurları, informasiya texnologiyaları, valyuta tənzimlənməsi, kapitalın liberallaşdırılması, kargüzarlıq və elektron sənəd dövriyyəsi, daxili audit istiqamətlərində təcrübə mübadiləsi məqsədilə AMB-nin əməkdaşları QMB-də səfərdə olmuşlar. Həmçinin, tədiyə balansı və valyuta tənzimlənməsi, pul-kredit siyasəti, valyuta ehtiyatlarının idarəedilməsi sahələrində öz təcrübələrini bölüşmək və pul nişanlarının çap edilməsi istiqamətində əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi məqsədilə QMB-nin nümayəndələrindən ibarət heyət AMB-də səfərdə olmuşdur.

Eyni zamanda, AMB-nin əməkdaşları mütəmadi olaraq mərkəzi bankçılığın müxtəlif istiqamətləri üzrə QMB tərəfindən təşkil edilən konfrans və seminarlarda iştirak etmişlər.

İqtisadi Tədqiqatlar Proqramı çərçivəsində pensiya təminatı sisteminin effektiv inkişafı istiqamətində ən yaxşı təcrübənin öyrənilməsi məqsədilə Qazaxıstan Pensiya Təminatı Fonduna səfər təşkil edilmişdir.

www.nationalbank.kz


Digər

Azərbaycan Mərkəzi Bankının Macarıstan Milli Bankı, İspaniya Bankı, Latviya Milli Bankı, Çexiya Milli Bankı, Rusiya Mərkəzi Bankı, Ukrayna Milli Bankı, Fransa Bankı, İngiltərə Bankı, İsveç Bankı, Portuqaliya Bankı, Səudiyyə Ərəbistanının Monetar Agentliyi, Gürcüstan Mərkəzi Bankı, Malayziya Bankı, Cənubi Afrika Ehtiyatlar Bankı və digər ölkələrin mərkəzi bankları ilə yaxın əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıq çərçivəsində xarici ölkələrin mərkəzi banklarının nümayəndələri təcrübə mübadiləsi məqsədilə AMB-yə, AMB-nin nümayəndələri isə həmin dövlətlərin mərkəzi banklarında mütəmadi olaraq səfərdə olurlar.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə