Beynəlxalq təşkilatlarla əməkdaşlıq

Dünya Bankı

Azərbaycan Respublikası Dünya Bankı (DB) Qrupuna daxil olan beş quruma aşağıda qeyd olunan tarixlərdə üzv olmuşdur:

• Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı – 18 sentyabr 1992
• Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi – 23 sentyabr 1992
• Beynəlxalq İnvestisiya Mübahisələrinin Həlli Mərkəzi – 18 oktyabr 1992
• Beynəlxalq İnkişaf Assosiasiyası – 31 mart 1995
• Beynəlxalq Maliyyə Korporasiyası – 11 oktyabr 1995

Azərbaycan Mərkəzi Bankının (AMB) Sədri DB-də Azərbaycan üzrə müdirdir. Bu səbəbdən AMB DB-nin Azərbaycan Hökuməti ilə birgə fəaliyyətində əlaqələndirici kimi çıxış edir.

DB bazar iqtisadiyyatına keçid üzrə islahat proqramlarının həyata keçirilməsi, makroiqtisadi stabitləşdirmə və neft gəlirlərinin idarə edilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yardım, infrastrukturun bərpa edilməsi (su, irriqasiya, avtomobil yolları), təhsil və səhiyyə, enerji sektoruna investisiyaların cəlb edilməsi sahəsində tədbirlər, dövlət sektorunda islahatlar, kənd təssərrüfatında və ümumiyyətlə qeyri-neft sektorunda artım və yeni iş yerlərinin açılması sahələrində Azərbaycana yardım göstərir. Azərbaycan DB ilə Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) çərçivəsində əməkdaşlığı davam etdirməkdədir. ÖTS Azərbaycan Hökuməti tərəfindən müəyyən olunmuş ehtiyac və prioritetlərə əsaslanan tərəfdaşlıq planıdır.

AMB DB ilə birlikdə iki iri layihə həyata keçirmişdir. Bunlardan birincisi icrası 2007-ci ildə uğurla sona çatmış Maliyyə Sektoruna Texniki Yardım Layihəsi, ikincisi isə 2010-cu ildə yekunlaşmış Maliyyə Xidmətlərinin İnkişafı Layihəsidir.

Ölkədə makroiqtisadi vəziyyətin təhlili, səmərəli anti-krizis tədbirləri çərçivəsində maliyyə sektorunun adekvat prudensial tənzimlənməsi, effektiv monetar siyasətin həyata keçirilməsi, eyni zamanda DB ilə birgə həyata keçirilən layihələrin müzakirə edilməsi məqsədilə Azərbaycanda səfərdə olan DB-nin missiyası ilə AMB rəhbərliyinin mütəmadi görüşləri təşkil edilir və məsləhətləşmələr aparılır.

www.worldbank.org


Beynəlxalq Valyuta Fondu

Azərbaycan Beynəlxalq Valyuta Fonduna (BVF) 18 sentyabr 1992-ci ildə üzv olmuşdur. Azərbaycan Respublikasının Maliyyə naziri Azərbaycanın BVF-də Müdiri, Azərbaycan Mərkəzi Bankının (AMB) Sədri isə əvəzedici müdiridir.

BVF-nin Azərbaycanla əməkdaşlıq əlaqələri Struktur İslahatları Proqramı (SİP) kontekstində qurulmuşdur. Qeyd etmək lazımdır ki, əməkdaşlıq əlaqələrinin ilkin qiymətləndirilməsi dövründə BVF-nin Azərbaycanda həyata keçirdiyi proqramların iqtisadi səmərəsi böyük olmuşdur. Belə ki, müstəqilliyin bərpa olunması dövründə BVF-nin maliyyə dəstəyi ilə aparılmış struktur islahatları proqramı daxili və xarici balansın tarazlaşdırılması və iqtisadi sabitliyin təmin edilməsinə töhfə vermişdir.

BVF tərəfindən Azərbaycana aşağıdakı proqramlar həyata keçirilmışdır:

• Yoxsulluğun azaldılması və iqtisadi inkişaf;
• Struktur quruculuğunun artırılması;
• Sistem dəyişikliyi;
• Əlavə maliyyələşmə proqramları

BVF ilə Azərbaycan Hökuməti arasında Maddələr Sazişinin IV Maddəsinə uyğun olaraq bu günə kimi Azərbaycan hökumətinə iqtisadi proqramların həyata keçirilməsinin dəstəklənməsinə təqdim edilmiş maliyyə yardımları ilə yanaşı BVF texniki yardım, institusional və monetar idarəetmə üzrə potensialın artırılması üzrə Azərbaycanda bir sıra sahələrdə, o cümlədən dövlət xərclərinin idarə olunması, vergi-gömrük siyasəti və idarə olunması, mərkəzi bankçılıq, bank nəzarəti, pul siyasəti və statistika sahələrində texniki yardımlar da göstərmişdir. Azərbaycanda makroiqtisadi təhlillər və siyasət, maliyyə proqramlaşdırılması, fiskal siyasət və idarəçilik, mərkəzi bank mühasibatlığı və bank nəzarəti sahələrində BVF tərəfindən təmin edilmiş təlimlərdən faydalanılmışdır.

BVF-nin ekspertlərinin AMB-yə mütəmadi səfərləri təşkil edilir. Bu səfərlər zamanı qısa müddətdə inflyasiyanın səviyyəsini azaltmaq və orta müddətdə inflyasiya proqnozlarının sabitləşdirilməsi üçün Mərkəzi Bankın apardığı siyasətlər, ölkənin bank sisteminin həssaslığının qiymətləndirilməsi, məzənnə və faiz dərəcəsi siyasəti, müdaxilə və sterilizasiya, manatla pul bazasının artımı, bank sistemində likvidlik şəraitinin inkişafı və xarici valyuta ehtiyatlarının diversifikasiya planları və digər məsələlər barədə BVF ekspertləri ilə müzakirələr aparılır.

BVF ilə əməkdaşlıq çərçivəsində bank nəzarəti çərçivəsinin gücləndirilməsi məqsədilə tənzimləyici normativ aktların və likvidlik normalarının təhlil edilməsi, likvidlik tələblərinin təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi, nəzarət təcrübəsi, həmçinin çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması, bu sahədə bank nəzarətinin gücləndirilməsi, pul və məzənnə siyasəti çərçivəsinin təkmilləşdirilməsi, orta müddətli perspektivdə sərbəst üzən məzənnə rejiminə keçid, həmçinin, Mərkəzi Bankın monetar, makroiqtisadi, real və xarici sektorlar üzrə statistik göstəricilərdəki kəmiyyət və keyfiyyət meyarlarının artırılması, statistik proseslərin formalaşması işini təkmilləşdirilməsi üzrə məsləhət xidmətinin göstərilməsi məqsədilə BVF-nin missiyasının səfərləri mütəmadi təşkil olunur.

www.imf.org


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanla sıx əməkdaşlıq əlaqələri vardır. Belə ki, Azərbaycan özünün regiondakı geosiyasi mövqeyinə görə ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. USAID 1992-ci ildən başlayaraq Azərbaycanda inkişaf və humanitar yardım istiqamətində layihələrin maliyyələşdirilməsini həyata keçirilmişdir. USAID-in maliyyə yardımı əsasən idarəçilik və demokratiya, iqtisadi inkişaf və tərəqqinin təmin edilməsinə yönəlmiş proqramların həyata keçirilməsində istifadə olunur.

Azərbaycan Mərkəzi Bankı (AMB) da texniki yardımların cəlb edilməsi istiqamətində USAID ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində USAID tərəfindən bir neçə layihənin həyata keçirilməsi təmin edilmişdir.

“Bank Nəzarəti üzrə Texniki Yardım” layihəsi çərçivəsində 2002-2006-cı illər ərzində AMB-yə bank nəzarətinin normativ hüquqi və metodoloji bazasının qiymətləndirilməsi və təkmilləşdirilməsi, daxili və xarici bank nəzarəti proseslərinin təkmilləşdirilməsi, bank nəzarətinə hüquqi dəstək, bank sektorunda Beynəlxalq Maliyyə Hesabatlılıq Sisteminin (BMHS) tətbiqi istiqamətlərində texniki yardım göstərilmiş və AMB-nin əməkdaşları üçün müxtəlif mövzularda təlimlər keçirilmişdir.

“Maliyyə Sektorunun Sabitliyinə Dəstək” proqramı çərçivəsində 2007-2011-ci illər ərzində prudensial nəzarət üzrə qayda və təlimatların, makroiqtisadi və maliyyə idarəetmə siyasət və təlimatların hazırlanması, Mərkəzi Bankın tədqiqat, proqnozlaşdırma və modelləşdirmə imkanının artırılması, insan resursları və informasiya texnologiyalarının idarəedilməsi strategiya və sisteminin planlaşdırılması, nağd pulun iadəedilməsi, Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin, risklərin və korporativ idarəetmə imkanlarının, bank nəzarətinin, büdcə və maliyyə planlaşdırmasının təkmilləşdirilməsi istiqamətlərində texniki yardım göstərilmişdir.

“Azərbaycanda Rəqabətlilik və Ticarət” layihəsi çərçivəsində 2011-2013-cü illər ərzində Maliyyə Monitorinqi Xidmətinin institusional potensialının gücləndirilməsi, nağd pul sferasında biznes proseslərinin avtomatlaşdırılması, risk yönümlü bank nəzarətinin gücləndirilməsi, strateji idarəetmənin institusional çərçivəsinin təkmilləşdirilməsi, AMB-nin maliyyə idarəetməsi potensialının gücləndirilməsi, AMB-də əməliyyat risklərinin idarəedilməsi çərçivəsinin yaradılması, DSGE modelinin qurulması, “Təminatlı əqdlər haqqında” Qanun layihəsinin hazırlanması və İpoteka Fondu üçün aktiv-passivlərin və risklərin idarəedilməsi sisteminin inkişafı istiqamətlərində texniki yardım göstərilmişdir.

www.usaid.gov


İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə Azərbaycan Mərkəzi Bankı (AMB) arasında faydalı əməkdaşlıq əlaqələri 2002-ci ildə yaradılmış və bu əməkdaşlıq çərçivəsində real sektorun monitorinqi, maliyyə proqramlaşdırılması, menecerlik bacarıqlarının artırılması istiqamətində texniki yardım göstərilmişdir. Əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə 2003-cü ildə SECOAMB arasında ilk “Texniki Yardım və Treyninq Proqramı” imzalanmışdır. Daha sonra Proqramın müddəti 2006-cı ildə 2008-ci ilə qədər, 2008-ci ildə isə 2011 ilə qədər uzadılmışdır. Proqram çərçivəsində AMB-də pul siyasəti, bazar əməliyyatları, insan resursları, modelləşdirmə və makroiqtisadi təhlil, maliyyə proqramlaşdırılması, korporativ idarəetmə sisteminin tətbiqi və digər istiqamətlər üzrə texniki yardımlar cəlb olunmuşdur. Bundan əlavə, layihə çərçivəsində SECO ekspertləri tərəfindən AMB-nin əməkdaşları üçün kəmiyyət metodları, kommersiya banklarında korporativ idarəetmə standartları, monetar sektorun proqnozlaşdırılması və təhlili və s. mövzularda seminarlar keçirilmiş, real sektorun monitorinqi, maliyyə proqramlaşdırılması, inflyasiya modelləri, ekonometrik modellər və s. mövzularda məsləhət xidməti göstərilmişdir.

SECO-nun “İkitərəfli texniki yardım və instusional quruculuq” (BCC) proqramı (2012 – 2016) çərçivəsində AMB-yə inflyasiyanın qısa müddətli dövr üçün proqnozlaşdırılması, pul siyasətinin təhlilində iqtisadi aktivlik ölçülərinin istifadəsi, beynəlxalq investisiya mövqeyi üzrə hesablaşmalar sisteminin yaradılması, ev təsərrüfatları arasında sorğunun nəticələrinin unifikasiyası metodologiyasının hazırlanması, indekslərin hesablanması və sorğunun nəticələrinin təhlili, makroiqtisadiyyat, proqnozlaşdırma metodları, makroiqtisadi modellər və pul siyasəti üzrə modelləşmə mövzularında təlimlərin keçirilməsi, 3P layihəsi çərçivəsində təlimatların hazırlanması, layihə idarəetmə potensialının artırılması üzrə təlimlərin keçirilməsi istiqamətlərində texniki yardım göstərilmişdir.

www.seco-cooperation.admin.ch


Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi

Azərbaycan Mərkəzi Bankı təlim proqramlarının həyata keçirilməsi istiqamətində Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi (ATTF) ilə 2006-cı ildən əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ATTF-in ekspertləri tərəfindən bankçılığın aktual sahələri üzrə ölkəmizin kommersiya bankları və maliyyə institutlarının əməkdaşları üçün mərkəzi bankçılığın müxtəlif istiqamətləri üzrə Bakıda və Lüksemburqda seminarlar təşkil edilmişdir.

www.attf.lu


Almaniyanın İnkişaf Bankı

Almaniyanın İnkişaf Bankının (KfW) və Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin formalaşması 1995-ci ilə təsadüf edir. Bu əməkdaşlıq çərçivəsində KfW Azərbaycanda müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi və məsləhət xidmətlərinin göstərilməsini həyata keçirmişdir. KfW tərəfindən verilən vəsaitin əksər hissəsi (təxminən 85%) aşağı faizli kreditlər olmaqla uzunmüddətli dövr üçün və vəsaitin kiçik hissəsi əvəzsiz qrantlar şəklində verilmişdir. KfW Azərbaycana davamlı iqtisadi inkişaf, energetika, kommunal, infrastruktur və səhiyyə sahələri üzrə kreditlər ayırmışdır. Azərbaycanın bir neçə kommersiya banklarında KfW kapitalı iştirak edir. Bununla yanaşı, KfW Əmanətlərin Sığortalanması Fondunun yaradılması istiqamətində də yardım göstərmişdir. KfW hazırda ölkədə müxtəlif aktiv və hazırlıq mərhələsində olan layihələrdə iştirak edir.

Azərbaycan Mərkəzi Bankı Azərbaycanda alternativ ipoteka modellərinin araşdırılması və tətbiqi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi Əmanət-Tikinti Banklarının yaradılması istiqamətində “Yaşayış-tikinti əmanətləri haqqında” qanun layihəsinin hüquqi ekspertizasının aparılması və iqtisadi təhlillərin həyata keçirilməsi, eyni zamanda bu sahədə Almaniya təcrübəsinin öyrənilməsi, “Azərbaycanın Maliyyə Sektorunda Əmanətçi və İstehlakçıların Müdafiəsi” layihəsi çərçivəsində maliyyə institutları üçün istehlakçıların müdafiəsi üzrə pilot çərçivənin hazırlanması, hüquqi/tənzimləyici məsələlərin beynəlxalq təcrübə nəzərə alınmaqla yerli şəraitə uyğunlaşdırılması, maliyyə savadlılığı kampaniyasının aparılması, instehlakçıların müdafiəsi sahəsində əlaqədar təşkilatların vəziyyətinin qiymətləndirilməsi və istehlakçıların müdafiəsinin hüquqi və texniki aspektləri üzrə texniki yardımın göstərilməsi məqsədilə KfW ilə əməkdaşlıq etmişdir.

www.kwf.de


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Mərkəzi Bankda informasiya texnologiyalarının idarəedilməsi və təhlükəsizlik sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində AMB-də İT sisteminin diaqnostikası, İT menecment sahəsində institusional, struktur, əməliyyat və texniki imkanların qiymətləndirilməsi, İT menecment sistemi üzrə əsas strateji hədəf və məqsədlərin müəyyən edilməsi, İT menecment və İT təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, elektron imza alətinin tətbiqi, AMB-nin İT sisteminin COBIT 4.1 standartlarına uyğunlaşdırılması, İT menecment sisteminin inkişafı və tətbiqi üzrə təlim planının hazırlanması istiqamətində məsləhət xidmətinin göstərilməsi, AMB-nin əməkdaşlarının Koreyada müxtəlif mövzularda təşkil edilən seminarlarda iştirakının təmin edilməsi istiqamətində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə əməkdaşlıq etmişdir.

www.koica.go.kr


Türkiyə Beynəlxalq Əməkdaşlıq Agentliyi

Türkiyə Beynəlxalq Əməkdaşlıq Agentliyinin (TIKA) Bakı Proqram Koordinasiya Ofisi Türkiyə ilə Azərbaycan Hökumətləri arasında imzalanmış “Texniki Əməkdaşlıq Protokolu” çərçivəsində 1994-cü ilin iyun ayından etibarən fəaliyyət göstərir. Ofis öz fəaliyyətində Azərbaycanın dövlət strukturları və yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi əhəmiyyət verir. Bu çərçivədə bu günə qədər Azərbaycanın inkişafına kömək göstərilməsi və Türkiyə-Azərbaycan dostluğunun inkişaf etdirilməsi istiqamətində TIKA tərəfindən kənd təsərrüfatı, kiçik və orta sahibkarlığın inkişafı, turizm, statistika, səhiyyə də digər istiqamətlərdə sosial layihələr həyata keçirilmişdir.

TIKA ilə əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycan Mərkəzi Bankının əməkdaşlarının təcrübə mübadiləsi məqsədilə Türkiyə Mərkəzi Bankı və Türkiyə Bank Fəaliyyətinin Tənzimlənməsi və Nəzarəti Agentliyinə səfərlərinin və müxtəlif mövzularda təşkil edilən təlim kurslarında iştirak etmələrinin təşkili üzrə dəstəyin göstərilməsi istiqamətində əməkdaşlıq etmişdir.

www.tika.gov.tr


Avropaya İnteqrasiya

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əlaqələrin hüquqi və praktiki bazasının əsası bu münasibətlərdə yeni imkanlar açan və 1996-cı ildə imzalanan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” ilə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyasında Mərkəzi Bank da təmsil olunur. Eyni zamanda Aİ ilə Azərbaycan arasında qəbul edilmiş Fəaliyyət planında Mərkəzi Bankın təklifi əsasında bir neçə məsələlər öz əksini tapmış və bu sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.

Avropa Komissiyasının (AK) Tvinninq, “TAİEX” və SİGMA alətləri üzrə əməkdaşlıq çərçivəsi mütəmadi olaraq müzakirə olunur və Mərkəzi Bankın bu alətlərdən istifadəsi istiqamətində birgə fəaliyyat aparılır. AK-nın TAIEX proqramı çərçivəsində ödəniş sistemləri və xidmətləri üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, böhran kommunikasiya sisteminin yaradılması, daxili nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətlərində Mərkəzi Banka texniki yardım göstərilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə