DB və BVF-də Seçki Qrupunun növbəti toplantısı

05 – 06 iyul 2014-cü il tarixlərində Bakı şəhərində Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu Seçki Qrupunun növbəti toplantısı keçirilmişdir. Toplantı üzv ölkələr üzrə DB və BVF-də Müdir və Alternativ müdir vəzifəsini yerinə yetirən 8 ölkənin Mərkəzi Banklarının, Maliyyə, eləcə də İqtisadi inkişaf nazirliklərinin rəhbərlərinin, həmçinin DB və BVF-nin yüksək səviyyəli nümayəndələrinin, habelə akademik heyətin iştirakı ilə keçirilmişdir.

Toplantının Bakıda keçirilməsinin əsas məqsədi Seçki Qrupunda təmsil olunan ölkələrlə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin DB və BVF Seçki Qrupunda ölkəmizin mövqelərinin daha da gücləndirilməsindən ibarət olmuşdur. Toplantıdan öncə “Resurslarla zəngin ölkələrdə iqtisadi diversifikasiya və makroiqtisadi siyasət məsələləri” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda DB-nin baş iqtisadçısı Hans Timmer “Diversifikasiya olunmuş inkişaf: səbəb, yoxsa nəticə?” və BVF-nin Orta Şərq və Mərkəzi Asiya departamenti üzrə şöbə rəisi Hüseyn Samiei “Enerji resurs sərvətlərinin idarə edilməsi: makro-fiskal perspektiv” mövzusunda təqdimatla çıxış etmişlər.

Seçki Qrupunun iclasında isə DB və BVF-nin növbəti illik toplantısına dair hazırlıq işləri, qlobal iqtisadiyyatda gedən proseslər, üzv ölkələrin qarşılıqlı maraqlarının qorunması, həmçinin gündəlikdə duran digər məsələlər müzakirə olundu.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə