İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 5-6 mart 2012-ci il tarixlərində Dünya Bankı ilə birlikdə Bakı şəhərində İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu təşkil edilmişdir. Forum ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasına həsr edilmişdir və dünyanın ən nüfuzlu beyin mərkəzlərinin, “Nobel” mükafatı laureatlarının və tanınmış ekspertlərin iştirakı ilə beynəlxalq əhəmiyyətli intellektual diskussiyaların aparılmasına imkan vermişdir. Forum çərçivəsində iqtisadi diversifikasiya və artım üçün qeyri-neft ixracı, kənd təsərrüfatı siyasətləri, bazar institutları, inkişaf və diversifikasiya üçün insan kapitalı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmış və təqdimatlar edilmişdir. Bununla yanaşı Forumda ölkə iqtisadiyyatının şaxələnməsi ilə bağlı iştirakçılar tərəfindən tövsiyələr verilmiş, ən yaxşı dünya təcrübələri müzakirə olunmuş və bu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarının araşdırılması təklif olunmuşdur.

Tədbirdə Çilinin sabiq prezidenti, Çilinin Demokratiya və İnkişaf Fondunun rəhbəri cənab Rikardo Laqos, Perunun Azadlıq və Demokratiya İnstitunun prezidenti cənab Hernando de Soto, Avropa Yenidənqurma və İnkişaf Bankının baş müşaviri, London Biznes məktəbinin professoru cənab Saymon Kommander, UNESCO Banqkok Ofisinin direktoru cənab Qvanq-Co Kim, Adelaida Universitetinin İqtisadiyyat Məktəbinin professoru cənab Kim Anderson və Moskva Dövlət Universitetinin Tətbiqi İnstitusional İqtisadiyyat Məktəbinin rəhbəri cənab Aleksandr Auzan müxtəlif mövzular üzrə təqdimatla çıxış etmişlər.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə