Birinci Beynəlxalq Tədqiqat Konfransı

30 – 31 oktyabr 2014-cü il tarixlərində Bakı şəhərində “İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri” mövzusunda 1-ci Beynəlxalq Tədqiqat Konfransı keçirilmişdir. Konfransda 15 ölkənin mərkəzi bankları və universitetlərindən 30-a yaxın tanınmış tədqiqatçı, habelə ölkəmizin qabaqcıl ali məktəb, beyin mərkəzlərinin tədqiqatçıları və maliyyə-bank sferasının nümayəndələri iştirak etmişlər.

Konfransın əsas məqsədi tədqiqatçılar və siyasətçilər arasında institusional islahatlar, makroiqtisadi və maliyyə siyasəti çərçivəsi, həmçinin böhrandan sonrakı dövrdə maliyyə sabitliyi məsələləri də daxil olmaqla inkişaf edən iqtisadi sistemlərdə rast gəlinən çağırışlar ətrafında interaktiv müzakirələrin təşkil edilməsindən ibarət olmuşdur.

Konfransda ABŞ-ın Cənubi Kaliforniya Universitetinin professoru Joshua Aizenman “Post-böhran dövründə inkişaf etməkdə olan və resurslarla zəngin ölkələrin fiskal və monetar siyasət təcrübələri” və Türkiyənin Bilkent Universitetinin professoru Refet Gürkaynak “Mərkəzi bankçılığın optimal mandatı” mövzusunda təqdimatla çıxış etmişlər.

Əsas məruzələrdən sonra konfrans sessiyalar üzrə öz işini davam etdirmişdir. Konfransda 7 sessiya üzrə qabaqcıl mərkəzi bankların və universitetlərdən 30-a yaxın tanınmış tədqiqatçısı, o cümlədən Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin tədqqiatçıları təqdimatla çıxış etmişdir.

Konfransın sonunda sessiyalar üzrə aparılmış tədqiqat işlərinin nəticələri ümumiləşdirilmiş və post-böhran dövründə inkişaf etməkdə olan və resursla zəngin ölkələrdə makroiqtisadi çağırışlar, monetar siyasət çərçivəsinin formalaşması, makro-prudensial siyasət və maliyyə bazarlarının tənzimlənməsinə dair təkliflər hazırlanmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə