şrift ölçüsü çap etmək bölüşmək
Pages

FAQ

Pul siyasəti

1. İnflyasiya və deflyasiya nədir?

İnflyasiya mal və xidmətlərin keyfiyətinin yüksəlməməsi halında qiymətlərinin ümumi səviyyəsinin qalxmasıdır. Başqa sözlə desək, inflyasiya mal və xidmətlərin qiymətinin artması ilə müşaiyət olunan pulun dəyərsizləşməsi prosesidir. Ayrıca götürülmüş mal və ya xidmətin qiymətinin qalxması inflyasiya demək deyil. Yalnız qiymətlərin ümumi səviyyəsi qalxdığı zaman inflyasiya baş vermiş hesab olunur. Deflyasiya isə əksinə mal və xidmətlərin azalmamasıhalında qiymətlərinin ümumi səviyyəsinin aşağı düşməsi və ya pulun dəyərinin artması prosesidir. İnflyasiyanı ölçmək üçün “İstehlak Qiymətləri İndeksi”ndən istifadə olunur. Azərbaycanda bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən “istehlak səbəti” əsasında aylıq əsasda hesablanır və ictimaiyyətə təqdim olunur. İstehlak səbətinə bütün zəruri tələbat malları və xidmətləri daxil edilir. Hər bir mal və xidmətin səbətdə xüsusi çəkisyə malikdır.

2. “Baza inflyasiya” nədir?

“Baza inflyasiya” dedikdə qiymətləri dövlət tərəfindən tənzimlənən malların və xidmətlərinqiymətlərinin dəyişimindən və mövsümi faktorlardan təmizlənmiş inflyasiya nəzərdə tutulur. Başqa sözlə, “baza inflyasiya” hesablanarkən qiymətləri dövlət tərəfindən tənzimlənən və mövsümi amillərin güclü təsirinə məruz qalan (meyvə-tərəvəz) və sair kimimal və xidmət növləri “istehlak səbəti”ndən təmizlənir. Mərkəzi Bankın tənzimləyə biləcəyi inflyasiya məhz “baza inflyasiya”dır. Məsələn, tutaq ki, hökumət elektrik enerjisinin qiymətinin qaldırılması barədə qərar qəbul edir. Bunun nəticəsində ümumi inflyasiya səviyyəsi də qalxır. Mərkəzi Bank bu qalxmanın qarşısını almağa qadir deyil. Çünki sərəncamında olan alət və mexanizmlər çərçivəsində Mərkəzi Bank yalnız məcmu tələbə təsir göstərməklə inflyasiyanı (sərbəst qiymətləri) tənzimləyə bilir. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin dəyəri isə birbaşa tələbdən asılı olaraq dəyişmir. Ümumi inflyasiya kimi “baza inflyasiya” da Dövlət Statistika Komitəsi tərəfindən hesablanır.

3. İnflyasiyanın əsas səbəbləri hansılardır?

Yaranma səbəblərinə görə inflyasiya 2 cür ola bilər: tələb inflyasiyası və təklif inflyasiyası. Tələb inflyasiyası əmtəə və xidmətlərə tələbin izafi artımı nəticəsində pul kütləsinin çoxalmasından irəli gəlir. Yəni dövriyyədəki pulun miqdarı təklif olunan malların miqdarı ilə müqayisədə daha yüksək templə artdıqda tələb inflyasiyası baş verir. Pul kütləsinin kəskin artımı dövlət büdcəsi xərclərinin sürətlə çoxalması ilə bağlı tələbin genişlənməsindən, xarici ticarət balansında iri həcmli müsbət saldonun əmələ gəlməsi ilə bağlı daxili iqtisadiyyata xarici pul daxilolmalarından, ölkəyə iri həcmli kapital axınlarından, mərkəzi bank tərəfindən yumşaq pul siyasətinin yeridilməsi nəticəsində iqtisadiyyatda pula tələbin artmasından qaynaqlana bilər. Təklif inflyasiyası istehsal xərclərinin artması ilə əlaqədar olaraq meydana gəlir. Məsələn, enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi nəticəsində istehsal xərcləri yüksəlir ki, bu da son nəticədə qiymətlərin artmasına gətirib çıxarır.

4. Yüksək inflyasiyanın mənfi cəhətləri nədən ibarətdir?

Yüksək inflyasiyanın bir sıra mənfi cəhətləri vardır. İlk növbədə yüksək inflyasiya əhalinin gəlirlərini və yığımlarını dəyərsizləşdirir. Eyni zamanda yüksək inflyasiya iqtisadiyyatda qeyri-müəyyənliklər yaradaraq potensial investorları sərmayə qoyuluşlarından çəkindirir. Beləliklə, yüksək inflyasiya uzunmüddətli dövrdə iqtisadi artımı ləngidir və əhalinin sosial rifah halına mənfi təsir göstərir.

5. Mərkəzi Bankın əsas məqsədi nədir?

Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri çərçivəsində ölkədə qiymətlərin sabitliyini təmin etməkdən ibarətdir. Bundan başqa bank və ödəniş sistemlərinin sabitliyininvə inkişafının təmin edilməsi də mərkəzi bankın məqsədlərinə daxildir.

cbarmeqsedi

6. Pul siyasəti nədir?

Pul siyasəti əsasən qiymətlərin sabitliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir. Mərkəzi Bank valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimləmək vasitəsilə inflyasiya proseslərinə təsir göstərir. Azərbaycan Respublikasında pul siyasəti Mərkəzi Bank tərəfindən həyata keçirilir.

7. Yumşaq və sərt pul siyasəti nədir?

Yumşaq pul siyasəti dedikdə tələbin canlandırılmasına və iqtisadi artımın stimullaşdırılmasına yönəldmiş pul siyasəti nəzərdə tutulur. Yumşaq pul siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini aşağı salır, qiymətli kağızlar alaraq dövriyyəyə pul buraxır, banklara daha çox kreditlər verir, milli valyutanın məzənnəsinin ucuzlaşmasına şərait yaradır. Sərt pul siyasəti inflyasiyanın məhdudlaşdırılmasına yönəldmiş siyasətdir. Sərt pul siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini yüksəldir, malik olduğu qiymətli kağızları sataraq dövriyyədəki pulu azaldır, milli valyutanın məzənnəsinin möhkəmlənməsinə şərait yaradır, banklara kredit verilməsini məhdudlaşdırır.

8. Pul siyasətinin hansı alətləri var?

Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasəti alətləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsində də öz əksini tapmışdır. Pul siyasətinin əsas alətləri aşağıdakılardır:
  • Açıq bazarda əməliyyatlar;
  • Faiz dərəcələrinin müəyyənləşdirilməsi;
  • Məcburi ehtiyat normaları;
  • Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;
  • Depozit əməliyyatları;
  • Beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri.

9. Pul siyasətinin transmissiyası nədir?

Pul siyasətinin transmissiya mexanizmi dedikdə mərkəzi bank tərəfindən qəbul edilən pul siyasəti qərarlarının iqtisadiyyata təsiri (ötürülməsi) prosesi nəzərdə tutulur. Müasir dövrdə pul siyasətinin faiz dərəcələri, kreditlərin verilməsi, valyuta məzənnəsi, səhmlərin dəyəri və s. kimi transmissiya kanalları mövcuddur. Pul siyasəti qərarları real iqtisadiyyata bu kanallar vasitəsilə dərhal deyil, müəyyən vaxtdan sonra təsir göstərir. Azərbaycanda pul siyasətinin transmissiyasını sxematik olaraq aşağıdakı kimi təsvir etmək olar:

pulsiyasetialetleri

10. Valyuta məzənnəsi nədir?

Valyuta məzənnəsi hər hansı xarici valyutanın milli valyutada ifadə olunan dəyəridir. Məsələn, 1 USD=0.8 AZN. (Valyuta məzənnəsinə təsir göstərən amillərdir) tədiyə balansının vəziyyətini (kəsiri, profisiti və s.), ölkədəki inflyasiya səviyyəsi, xarici borc yükünü, faiz dərəcələri, iqtisadiyyatın ümumi vəziyyəti.

11. Tədiyə balansı nədir?

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı 3 hissədən ibarətdir:
  1. Cari əməliyyatlar balansı;
  2. Kapitalın və maliyyənin hərəkəti balansı;
  3. Ehtiyat aktivləri.
Cari əməliyyatlar balansı malların və xidmətlərin idxalı və ixracının, faktor gəlirlərinin mədaxili və məxaricinin, habelə cari transfertlərin ümumi saldosunu özündə ehtiva edir:
  • İdxal – xaricdən ölkəyə gətirilən məhsulların dəyəridir. İxrac – ölkə ərazisindən satılmaq üçün xaricə çıxarılan məhsulların dəyəridir. İdxal və ixrac arasındakı fərqə xarici ticarət saldosu deyilir.
  • Xidmətlər balansı nəqliyyat, sığorta, rabitə, beynəlxalq turizm, maliyyə, tikinti, elmi-texniki və istehsal təcrübəsinin mübadiləsi və s. xidmət növləri üzrə ölkənin valyuta gəlirləri və ödənişləri arasındakı nisbəti müəyyən edir.
  • Faktor gəlirləri kimi xaricdə işləyən ölkə vətəndaşlarının qazancları, habelə yerli investorun xaricdə qoyduğu kapitala görə əldə etdiyi gəlirlər də cari əməliyyatlar balansında öz əksini tapır.
  • Cari transfertlərə humanitar yardımlar, xarici dövlətlərin rəsmi orqanlarından alınan əvəzsiz maliyyə yardımları, beynəlxalq təşkilatlara üzvlük haqları, texniki yardımlar, alimentlər və s. daxildir.
  • Kapitalın və maliyyənin hərəkəti balansı müxtəlif formalarda ölkəyə gələn və ölkədən gedən kapitalın balansını əks etdirir. Birbaşa və portfel investisiyalar, dövlətin və özəl sektorun xarici borcunun dəyişimi tədiyə balansının bu bölməsində öz əksini tapır.
  • Birbaşa investisiyalar – xarici müəssisələrdə uzun müddətə yerləşdirilən və onların fəaliyyəti üzərində müəyyən nəzarəti təmin edən sərmayələrdir. Beynəlxalq meyarlara görə səhmlərin 10%-i xarici sərmayədara məxsus olan müəssisə birbaşa investisiyaların obyekti sayılır.
  • Portfel investisiyaları – xarici qiymətli kağızlarda yerləşdirilən və sərmayədara investisiya obyekti üzərində nəzarəti təmin etməyən sərmayədir. Burada səhmlər və müxtəlif borc öhdəlikləri investisiya obyekti kimi çıxış edə bilər.

12. Valyuta məzənnəsi inflyasiyaya necə təsir göstərir?

Valyuta məzənnəsi inflyasiyaya əsasən idxal qiymətləri vasitəsilə təsir göstərir. Milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən yüksəldikdə idxal qiymətləri ucuzlaşır, milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən aşağı düşdükdə isə, əksinə, idxal malları bahalaşır. Məsələn, fərz edək ki, idxal olunan hər hansı məhsulun qiyməti 100 ABŞ dolları, 1 dolların manata nəzərən məzənnəsi isə 0.9 manatdır (və ya 1 manat 1.11 dollardır). Bu halda həmin idxal malının manatla qiyməti 90 manat (100×0.9) olacaqdır. Manat dollara nəzərən möhkəmlənərsə, məsələn 1 ABŞ dollarının məzənnəsi 0.9-dan 0.8-ə enərsə, onda idxal malının qiyməti də 90 manatdan 80 manata (100×0.8) enəcəkdir. Dolların məzənnəsi 0.9-dan 1 manata yüksəldiyi halda isə idxal malının qiyməti 90 manatdan 100 manata yüksələcəkdir. Bir qayda olaraq daxili istehlak bazarında idxal mallarının xüsusi çəkisi nə qədər çox olarsa məzənnənin ümumi inflyasiya səviyyəsinə təsiri də bir o qədər əhəmiyyətli olar.

13. Təsbit edilmiş valyuta məzənnəsi rejimi və üzən məzənnə rejimi nədir?

Təsbit edilmiş məzənnə rejimi dedikdə ölkənin milli valyutasının sərbəst dönərli xarici valyutaya qarşı dəyişməz saxlanılması nəzərdə tutulur. Yəni, təsbit edilmiş məzənnənin xüsusiyyəti ondan ibarətdir ki, o kifayət qədər uzun müddət ərzində (aylar və ya illər) sabit qalır. Məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlaşdırır. “Üzən” valyuta məzənnəsi rejiminin tətbiq edildiyi zaman valyuta məzənnəsi valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır, hər gün və tez-tez dəyişir. Lakin, “üzən” valyuta məzənnəsi rejimi mərkəzi bank tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını istisna etmir. Belə ki, müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilər.

14. Valyuta müdaxiləsi nədir?

Valyuta müdaxiləsi Mərkəzi Bank tərəfindən valyuta bazarında həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün sərəncamında olan xarici valyuta ehtiyatlarından istifadə edir.

15. Açıq bazar əməliyyatları nədir?

Açıq bazarda əməliyyatlar dedikdə əsasən mərkəzi bank tərəfindən qiymətli kağızların alqı-satqısı əməliyyatları nəzərdə tutulur. Mərkəzi Bank adətən hökumətin qiymətli kağızlarının alqı-satqısı ilə məşğul olur (əsasən banklarla), lakin bununla yanaşı özü də qiymətli kağızların emissiyasını həyata keçirə bilər. Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda dövriyyədə olan pul kütləsi azalır, alındıqda isə pul kütləsi artır. Qiymətli kağızlar birbaşa, habelə REPO və əks-REPO formasında alınıb satıla bilər.

16. REPO nədir?

REPO dedikdə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatı nəzərdə tutulur. Bu əməliyyat dövriyyədə olan pul kütləsinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Tərs-Repo isə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarından alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlara geri satılmasını nəzərdə tutan əməliyyatdır. Əks-REPO-nun tətbiq olunmasında məqsəd dövriyyədə olan pul kütləsinin qısamüddətli dövrdə artırılmasıdır.

17. Mərkəzi Bank faiz dərəcələrini necə müəyyənləşdirir?

Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini ölkədəki iqtisadi durumu və maliyyə bazarlarının vəziyyətini nəzərə alaraq müəyyənləşdirir. Mərkəzi Bank açıq bazar, yenidənmaliyyələşmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini həm təsbit etmək yolu ilə, həm də müvafiq hərraclarda tələb və təklif əsasında müəyyənləşdirə bilər.

18. Faiz dərəcələri iqtisadiyyata və inflyasiyaya necə təsir göstərir?

Faiz dərəcəsi pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir. Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

19. Məcburi ehtiyatlar nədir?

Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.

20. Mərkəzi Bank birbaşa fiziki şəxslərə və real sektor müəssisələrinə kreditlər verirmi?

Xeyr. Mərkəzi Bank fiziki şəxslərlə vəreal sektor müəssisələri ilə bilavasitə kredit əməliyyatları aparmır. Mərkəzi Bank iqtisadiyyata yalnız bank sistemi vasitəsilə kredit verir.

21. Pul multiplikatoru nədir?

Pul multiplikatoru dedikdə, bank sisteminin əlavə pul yaratmaq qabiliyyəti nəzərdə tutulur. Pul ilkin mərhələdə Mərkəzi Bank tərəfindən emissiya yolu ilə yaradılır. Sonradan banklar onu daha da artırırlar. Bu proses qeyri-nağd pulu təşkil edən depozitlər hesabına baş verir. Başqa sözlə, pul kütləsinə yalnız nağd pul deyil, həm də depozitlər daxildir. Pulun artırılması və ya multiplikasiyası prosesində 3 tərəf iştirak edir: kommersiya bankları, depozitorlar və kreditorlar. Kommersiya bankları depzitlər cəlb edirlər. Sonra onlar cəlb etdikləri depozitləri kredit olaraq digər iqtisadi subyektlərə verirlər. Krediti götürən iqtisadi subyektlər onu mal və xidmətlərin alınmasına yönəldirlər. Mal və xidməti satan müəssisələr əldə etdiyi vəsaiti banklara depozit kimi yerləşdirirlər. Sonra bu depozitlər yenidən kredit kimi verilir. Zəncirvari davam edən bu prosesdə Mərkəzi Bankın yaratdığı pul bir neçə dəfə artmış olur.

Qeyd: Pul siyasətinin nəzəri aspektləri ilə bağlı əlavə suallar olarsa onu Mərkəzi Bankın internet səhifəsindəki (www.cbar.az) “Əlaqə” pəncərəsi vasitəsilə göndərmək olar. Bu suallar əsasında “Tez-tez verilən suallar”ın məzmumu və çeşidi tərəfimizdən daha da zənginləşdirilə bilər.

Valyuta ehtiyatlarının idarə olunması

1. Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə olunmasının məqsədləri?

Əsas məqsəd ehtiyatların qorunmasıdır. Həmçinin makroiqtisadi məqsədlərə makroiqtisadi sabitliyin qorunması, həmçinin kritik idxal (3 aylıq) üçün yetərli səviyyədə valyuta ehtiyatlarının təmin edilməsi və xarici borca xidmətin fasiləsizliyinin təmin edilməsi daxildir.

2. Bu ehtiyatlar sosial inkişafda rol oynayırmı?

Mərkəzi Bankın valyuta ehtiyatları yalnız makroiqtisadi “stabilizator” və “təhlükəsizlik yastığı” funksiyasını həyata keçirir. Sosial-iqtisadi inkişaf funksiyası isə Neft Fondunun valyuta ehtiyatlarına aiddir.

3. Valyuta ehtiyatlarının idarə olunması və ona nəzarət hansı təşkilata məxsusudur?

Mərkəzi Bank özünün valyuta ehtiyatlara tam nəzarət edir.

4. Gələcək proqnozlar hansılardır?

Proqnozlara görə, ortamüddətli perspektivdə ölkənin tədiyə balansı profisitli olacaqdır. Bu isə o deməkdir ki, valyuta sterilizasiyası valyuta ehtiyatlarının artmasının əsas mənbəyi olaraq qalacaqdır.

5. Nə zamanbu ehtiyatlardan vəsaitlər cıxarıla və ya istifadə edilə bilər?

Yalnız monetar siyasətin məqsədləri üçün.

6. Mərkəzi Bankın risk profili/dözümlülüyü və investisiya “üfüqü” necədir?

Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatlarının investisiya “üfüqü” 1 ildir. Bu vaxt çərçivəsində kapitalın qorunması təmin olunmalıdır.

7. Mərkəzi Bank özünün valyuta ehtiyatlarını səhm, daşınmaz əmlak və infrastruktur layihələrinə investisiya edə bilərmi?

İnvestisiyalar yalnız yüksək səviyyəli emitentlərin borc öhdəliklərinə yatırılır.

Kredit təşkilatlarının fəaliyyəti

1. Bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı ilə bağlı tələbin mahiyyəti nədən ibarətdir?

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 milyon manatadək artırılmışdır. Yeni kapital tələbi ilə bağlı son qərarın qəbulunda əsas faktorlar bank sektorunun yeni inkişaf mərhələsində maliyyə vasitəçiliyinin dərinləşdirilməsi və xidmət keyfiyyətinin artırılması, kapitalizasiya ilə bağlı qlobal çağırışlara uyğunlaşma və sektorun maliyyə dayanıqlığının gücləndirilməsi olmuşdur. Ümumilikdə, kapitalizasiya planlarının dəqiqləşdirilməsi və tədricən realizasiyası üçün Mərkəzi Bank banklara kifayət qədər keçid müddəti vermişdir. Belə ki, yeni kapital tələbinin 1 yanvar 2015-ci il tarixdə qüvvəyə minəcəkdir. Yeni kapital tələbi Azərbaycan banklarının kapital mövqeyinin möhkəmləndirilməsi, kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyinin effektivliyinin artırılması ilə yanaşı, bank sektorunun maliyyə sabitliyi və dayanıqlıq potensialının daha da gücləndirilməsinə, korporativ idarəetmə sisteminin inkişafına, habelə əmanətçilər və investorların maraqlarının qorunmasına xidmət edəcəkdir. Daha yaxşı kapitalizasiya sektorun mümkün şoklara müqavimət potensialını artırmaqla yanaşı, miqyas effekti hesabına iqtisadiyyata daha ucuz və çeşidli bank məhsullarının ötürülməsinə imkan yaradır, sektorda effektivlik və rəqabət potensialı güclənir.

2. Kredit müraciətləri zamanı əlavə sənəd istənilə bilərmi?

Kredit müraciətləri zamanı kredit təşkilatları tərəfindən əlavə sənədlərin və şərtlərin irəli sürülməsi ilə bağlı qeyd etmək lazımdır ki, hər bir kredit təşkilatı ayırdığı kreditlərin geri qaytarılması ilə bağlı risk daşıyır və bu riskləri tənzimləməlidir. Belə ki, kredit təşkilatları özləri də vəsait cəlb etdikləri kontragentlər qarşısında, o cümlədən əmanət yerləşdirmiş vətəndaşlar qarşısında məsuliyyət daşıyırlar. Bu səbəbdən banklar borcalanın qiymətləndirilməsi məsələsinə həssas yanaşırlar və risklərin minimallaşdırılması məqsədilə borcalanın iş yeri, qeydiyyat yeri, gəlirləri və s. barədə əlavə sənədlər tələb edə bilərlər. Bu növ əlavə məlumatların alınması kredit təşkilatlarının hüququdur və burada hər hansı qanun pozuntusuna yol verilmir.

Kreditlərin qaytarılmaması halında görülən tədbirlərə gəldikdə isə qeyd etmək lazımdır ki, kreditin ayrılması zamanı istehlakçılarla (borcalanlarla) banklar arasında olan münasibətlər qarşılıqlı qaydada imzalanmış kredit müqaviləsi ilə tənzimlənir. Ümumilikdə kreditin qaytarılmaması halında bankların tədbirləri müqavilə şərtlərinə uyğun olaraq mülki qanunvericilik çərçivəsində həyata keçirilir. Bununla yanaşı Mərkəzi Bankın bir sıra normativ aktlarında banklarda problemli kreditlərin tənzimlənməsi sahəsində borcalanlarla birgə işin aparılmasına dair istiqamətverici müddəalar və tələblər nəzərdə tutulmuşdur.

3. Azərbaycanda kommersiya banklarının nağd pul kreditləri ayırarkən kreditin məbləğindən tutduqları komisyon haqqı necə müəyyən olunur?

Komisyon haqların tutulması beynəlxalq təcrübədə ümumi qəbul olunmuş praktikadır. Komisyon haqları iqtisadi və bazar şərtləri, rəqib bankların tarifləri, habelə bankın müxtəlif xərc amilləri nəzərə alınmaqla formalaşdırılır. Ümumiyyətlə, “Banklar haqqında” AR Qanununun 36.6-cı maddəsinə əsasən, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir.

4. Ümumiyyətlə komisyon haqqının bəri başda kreditin məbləğindən tutulması nə dərəcədə düzgündür?

Komisyon haqları hüquqi cəhətdən kreditin məbləğindən deyil, onu alan müştərinin hesablaşma hesabından tutulur. Kredit müştərinin hesabına köçürüldüyündən, komisyon haqqı faktiki olaraq hesaba köçürülmüş hər hansı vəsaitdən, eləcə də kreditdən tutula bilir.

5. Mərkəzi bank bu istiqamətdə hansısa addımlar atmağı planlaşdırırmı?

“Banklar Haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36.6-cı maddəsinin tələblərinə əsasən banklarda xidmət şərtləri, o cümlədən faiz dərəcələri, komisyon haqları və göstərilən bank xidmətləri üçün digər ödənişlər sərbəst şəkildə müəyyən olunur. Qanunvericiliklə Mərkəzi Bankın bu növ tariflərin müəyyən olunmasına birbaşa müdaxiləsinə yol verilmir.

6. Gələcəkdə komisyon haqqının kredit faizinin üzərinə əlavə olunması ilə bağlı iş aparıla bilərmi?

Belə ki, komisyon haqların aşağı salınması özlüyündə sağlam rəqabət mühitinin məhsulu olmalıdır. Bununla belə, Mərkəzi Bank bank məhsul və xidmətlərinin əhali və real sektora münasib şərtlərlə təklif edilməsində maraqlıdır. Bu istiqamətdə banklarda faiz, xidmət haqqı və tariflərin maya dəyərini formalaşdıran amil və elementlərin hesablanması, onların aşağı salınması imkanları mütəmadi olaraq tədqiq edilir və müvafiq işlər görülür.

Milli valyuta

Qəpiklərin qəbulu və dəyişdirilməsi proseduru necə həyata keçirilir?

Azərbaycan Respublikasının “Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.

Mövcud qanunvericiliyə əsasən ölkə iqtisadiyyatının pul nişanlarına olan tələbatı Mərkəzi Bank tərəfindən kommersiya bankları və onların filial şəbəkələri vasitəsilə həyata keçirilir.

Bununla yanaşı, Mərkəzi Bankın baş ofisində və Regional Mərkəzlərində əhaliyə birbaşa xidmət kassaları yaradılmış və bu kassalar vasitəsilə əhali tərəfindən pul nişanlarının dəyişdirilməsi həyata keçirilməkdədir. Eləcə də, metal pul nişanlarının dövriyyəsinin daha intensiv təşkili məqsədilə Mərkəzi Bankda “Səyyar kassa” xidməti fəaliyyət göstərir.

Pul nişanları ilə bağlı edilən müraciətlər.

Mərkəzi Bank əhali tərəfindən edilən müraciətlərə daim həssaslıqla yanaşır və öz səlahiyyətləri çərçivəsində həmin müraciətlərin cavablandırılmasını təmin edir. Əhali tərəfindən pul nişanları ilə bağlı Mərkəzi Banka edilən müraciətlərin daha operativ cavablandırılması məqsədilə Mərkəzi Bankda “qaynar xətt” (493-13-23) yaradılmışdır.

Xırda qəpiklərin dövriyyədən çıxarılması nəzərdə tututlurmu?

Tədavüldə xırda nominallı pul nişanlarına tələbin qalması inflasiyanın məqbul səviyyədə olması, xırda nominallı metal pul nişanlarının pərakəndə ticarətdə və qiymətlərin formalaşmasında istifadəsinin genişlənməsi, eləcə də əhalinin metal pul nişanları ilə davranış mədəniyyətinin yüksəlməsi ilə izah etmək olar.

Mərkəzi Bank tərəfindən aparılmış araşdırmalar yaxın 3 ildə iqtisadiyyatın xırda nominallı metal pul nişanlarına olan tələbatının qalacağını göstərir və mövcud şəraitdə onların tədavüldən çıxarılması nəzərdə tutulmur.

Qəpiklərin dəyərinin tədricən itirməsinin səbəbi nədir?

Ümumiyyətlə pul nişanlarının zaman keçdikcə tədricən, yaxud sürətlə dəyərinin itirilməsi inflyasiya prosesləri ilə bağlıdır. İqtisadiyyatın dinamik inkişafı şəraitində aşağı templi inflyasiya prosesi iqtisadi qanunauyğunluqdur və iqtisadi inkişafın stimullaşdırıcı amili kimi çıxış edir. Bu baxımdan Azərbaycan Respublikasında da iqtisadi inkişafı təqib edən mülayim inflyasiya prosesi pul nişanlarının əmtəə və xidmətlər bazarında dəyərinin tədricən itirilməsi ilə nəticələnir. Bu, inkişaf səviyyəsindən asılı olmayaraq hər bir iqtisadiyyat üçün təbii prosesdir.

Azərbaycanda dəmir manatlıqlar dövriyyəyə buraxılacaqmı?

Beynəlxalq təcrübədə xırda nominallı əskinasların tədavüldə intensivliyi yüksəldikcə Mərkəzi Banklar tərəfindən aşağı nominallı əskinaslar metal pul nişanları ilə əvəz edilir.

Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübədən irəli gələrək aşağı nominallı əskinasların metal pulla əvəz olunmasının iqtisadi və sosial qiymətləndirilməsini həyata keçirir.

2006-cı ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan manatının denominasiyasının həyata keçirilməsi ölkə iqtisadiyyatına necə təsir göstərdi?

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına əsasən ölkədə həyata keçirilən denominasiya çərçivəsində Mərkəzi Bank tərəfindən 01 yanvar 2006-cı ildən etibarən tədavülə 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinaslar, 1, 3, 5, 10, 20, və 50 qəpiklikdən ibarət yeni nəsil metal pul nişanları buraxılmışdır.

Denominasiyanın həyata keçirilməsinin əsas məqsədi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutalarının məzənnələrinə uyğun formalaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirməkdən ibarət idi.

Bununla yanaşı, yeni nəsil pul nişanlarına keçid milli pul nişanlarının dizaynının, mühafizəsinin, nominal strukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasını, pul nişanlarında milli və tarixçilik ənənələrinin daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsinin yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı dövlət xərclərinə qənaət edilməsini təmin etmişdir.

Tədavüldən çıxarılmış pul nişanlarının məhvetmə prosesi necə həyata keçirilir?

“Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının qanunu”na əsasən saxta pul nişanları istisna olmaqla, tədavüldən çıxarılmış pul nişanları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında məhv edilir. Milli valyutada pul nişanlarının məhv edilməsi “Saxta pul nişanları istisna olmaqla, tədavüldən çıxarılmış pul nişanlarının məhv edilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının İşçi qrupu tərəfindən həyata keçirilir. Dövlət komissiyasının işçi qrupu müvafiq dövlət qrumlarının nümayəndələrindən təşkil olunur. İşçi qrupu yararsız əskinasların müvafiq qaydalara əsasən vərəq-vərəq sayılaraq xüsusi məhvetmə avadanlığında məhv edilməsini təmin edir.

Azərbaycan əskinaslarının mühafizə sistemi necə formalaşdırılıb?

Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun olaraq hazırlanmışdır. Belə ki, manat 4 pilləli mühafizə sisteminə malikdir. 1-ci dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.

Saxta pullar necə müəyyən olunur?

Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun olaraq hazırlanmışdır. Belə ki, manat 4 pilləli mühafizə sisteminə malikdir. 1-ci dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.

Əhali tərəfindən müəyyən olunan mühafizə elementləri:
Üz tərəfdə yerləşdirilmiş mühafizə elementləri
Su nişanı – nominalın işıqda görünən nominalı və dizaynı;
Nominalın qizli rəqəmi – rəngini dəyişən qizli element;
İşıqda görünən MANAT – işığa tutduqda görünən element;
Möcüzəli rəqəm – nominalın əsas fonuna müvafiq rəngini dəyişən nominalın rəqəmi;
Holoqrafik nominal (yalnız 10, 20, 50, 100) – Manatlıq nominallarda əsas dizayn mövzusuna uyğun olan fərdi holoqramlar;
Arxa tərəfdə yerləşdirilmiş mühafizə elementləri
Metal mühafizə sapı – nominalı göstərən metal mühafizə sapı;
Relyefli nominal – hissələrə ayrılmış rənglər;
Seherli xətlər – nominalın əsas rənginə uyğun dəyişən zolaqlar.

Mərkəzi Bank pul nişanlarının saxtalaşdırılmasının qarşısını almaq üçün hansı tədbirləri görür?

Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili sahəsində müvafiq dövlət orqanları, o cumlədən respublikanın hüquq-mühafizə orqanları ilə koordinasiyanın gücləndirilməsi üzrə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Belə ki, görülən tədbirlər çərçivəsində pul nişanlarının imitasiyasının məhdudlaşdırılması məqsədilə Mərkəzi Bank və hüquq-mühafizə orqanlarının əməkdaşlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən üzərində pul nişanlarının imitasiya olunduğu müxtəlif növ məhsulların ölkəyə idxalı dayandırılmış və onların pərakəndə satış müəssisələrindən geri yığılması üzrə tədbirlər həyata keçirilmişdir.

Mərkəzi Bank tərəfindən görülən tədbirlər çərçivəsində potensial risklərin daha effektiv idarə edilməsi üçün pul nişanlarının ekspertiza işinin institutlaşması və beynəlxalq təcrübəyə uyğunlaşdırılması prosesləri həyata keçirilir. Bununla əlaqədar olaraq, Azərbaycan Mərkəzi Bankında beynəlxalq standartlara cavab verən Milli Ekspertiza Mərkəzinin yaradılmasına dair işlərə başlanılmışdır. Hazırda pul nişanlarının saxtalaşdırılması əlamətlərinin yüksək keyfiyyətli ekspertizasının aparılması məqsədilə müasir texnoloji sistemlərin alınmasına və biznes proseslərin mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması proseslərinə start verilmişdir.

Eyni zamanda, pul nişanlarının mühafizə elementlərinə və saxtalaşdırılmasına qarşı işin təşkili istiqamətində iri ticarət müəssisələrinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə kommersiya bankları üçün nəzəri-praktiki seminarlar təşkil edilir.

Bununla yanaşı, Azərbaycan manatının mühafizə elementlərinə dair Mərkəzi Bank tərəfindən hazırlanmış azərbaycan və ingilis dillərində xüsusi maarifləndirici broşurlar banklarda və iri ticarət müəssisələrində paylanılır.

Yararsız əskinasların dəyişdirilməsi proseduru necə həyata keçirilir?

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də Mərkəzi Bankın “Bank sistemində pul nişanlarının ekspertizasının təşkili və aparılması qaydaları”na əsasən tədavülə yararlı, tədavülə yararsız və həqiqiliyi sübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət olan səthinin 100%-ni saxlamış milli pul nişanları Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir.

Eyni zamanda, “Bank sistemində pul nişanlarının ekspertizasının təşkili və aparılması qaydaları”nın 3.7 bəndinə uyğun olaraq, fiziki və hüquqi şəxslər milli pul nişanlarını ekspertizadan keçirmək məqsədi ilə onları kommersiya banklarına, Mərkəzi Banka və ya onun qurumlarına əlavə haqq ödəmədən təqdim edə bilərlər.

Bununla yanaşı, milli valyutanın dəyişdirilməsi və yaxud ekspertizadan keçirilməsi ilə əlaqədar hər hansı problem yaranarsa vətəndaş Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttə müraciət edə bilər (tel: (012) 493-13-23).

Ödəniş sistemləri və hesablaşmalar

1. Nağdsız hesablaşmaların üstünlükləri nədir və vətəndaşlar nağdsız hesablaşmalar üzrə ödəniş kartlarından nə dərəcədə aktiv istifadə edirlər?

Ölkədə nağdsız ödənişlərin həcminin artırılması nəticəsində dövriyyədə olan nağd pul kütləsinin əksər hissəsi banklara cəlb edilir ki, bununla da pul siyasətinin effektiv həyata keçirilməsi, investisiya potensialının yüksəldilməsi və kölgə iqtisadiyyatının qarşısının alınması imkanı yaranır.

2. Hal-hazırda ölkədə ödəniş kartının istifadəçilərinə hansı xidmətlər təqdim edilir?

Ölkədə ödəniş kartı vasitəsilə internet üzərindən və bankomatla kommunal xidmətlər üzrə borcların ödənilməsi, internet, mobil və stasionar telefon, sığorta xidmətlərinin ödənilməsi, həmçinin internet üzərindən və POS-terminal vasitəsilə mal və xidmətlərin dəyərinin ödənilməsi mümkündür. Bundan əlavə, banklar tərəfindən kart istifadəçilərinə elektron depozitin açılması, pul köçürmələrinin həyata keçirilməsi və digər xidmətlər təqdim edilir.

3. Bank kartlarının hansı inkişaf perspektivləri vardır?

Ölkədə ödəniş kartlarından istifadənin genişləndirilməsi və kart bazarınının inkişaf etdirilməsi üçün imkanlar vardır.

Beynəlxalq təcrübədə geniş istifadə olunan bir sıra kart məhsullarının tətbiq edilməsi, göstərilən xidmətlərin çeşidinin artırılması zəruridir.

Əhaliyə kütləvi xidmət göstərən özəl və hökumət qurumları tərəfindən ödəniş kartlarından istifadə edilməklə xidmət haqlarının ödənilməsi imkanı yaradılmalıdır. Həmçinin sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərə aldıqları mal, iş və xidmətlərin dəyərinin nağdsız üsullarla ödənilməsi imkanının yaradılması məqsədilə korparativ və biznes tipli ödəniş kartlarından geniş istifadə olunmalıdır. Nəqliyyat sektorunda sərnişindaşımalarda və yanacaqdoldurma məntəqələrində ödənişin aparılması sürətini artırmaq üçün təmassız ödəniş kartlarının tətbiq edilməlidir.

4. Plastik kartlar digər banklara aid olduqda posterminalda ödəniş edərkən faizin tutulması nə ilə bağlıdır?

Ödəniş kartının (plastik kart) hansı banka aid olmasından asılı olmayaraq təsərrüfat subyektlərində POS-terminal vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə kart sahibindən heç bir halda xidmət haqqı tutulmur. Belə ki, təsərrüfat subyekti ilə bank ekvayer arasında bağlanmış müqaviləyə əsasən təsərrüfat subyekti dövriyyəsindən və ya aylıq olaraq, bankın quraşdırdığı POS-terminala və göstərdiyi xidmətə görə banka xidmət haqqı ödəyir və bu səbəbdən kart sahibindən heç bir xidmət haqqı tutulmur.

Lakin, ödəniş kartları ilə yerli bank filialları və poçt şöbələrində, habelə internet üzərindən dövlət büdcəsinə həyata keçirilən vergi, rüsum, cərimə və digər ödənişlər üzrə əlavə xidmət haqqı tutula bilər. Xidmət haqqının tutulması ilə bağlı məlumat müxtəlif üsullarla öncədən kart sahibinə bildirilməlidir.

5. Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərə nəzarət mexanizmi mövcuddurmu və bu istiqamətdə hansı işlər görülür?

“Mərkəzi Bank haqqında” Qanuna əsasən Mərkəzi Bank ödəniş, o cümlədən hesablaşma və klirinq (prosessinq) sistemlərinin sabit işləməsini təmin etmək məqsədilə onların fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Ödəniş sistemləri üzərində nəzarətin daha səmərəli və effektiv təşkil edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən “Ödəniş sistemlərinə nəzarət konsepsiyası” və “Sistem əhəmiyyətli ödəniş sistemlərinin qiymətləndirilməsinə dair metodoloji rəhbərlik” qəbul olunmuşdur.

Ölkədə fəaliyyət göstərən prosessinq təşkilatlarının fəaliyyətinə nəzarət 2009-cu ildə qəbul edilmiş “Prosessinq təşkilatlarına icazələrin verilməsi və prosessinq fəaliyyətinə nəzarət qaydaları” əsasında həyata keçirilir.

Eyni zamanda elektron ödəniş xidmətlərinin istifadəsi üzrə təhlükəsizliyin təmin edilməsi, risklərin azaldılması, elektron ödəniş sistemlərinin sabit və fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə ödəniş sistemləri və hesablaşmalar sahəsində qanunvericilik bazasının beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

6. Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə hansı addımlar atılır?

Kart bazarının inkişaf etdiyi bir şəraitdə kart sahiblərinin bu ödəniş alətlərinə inam və etibarının artırılması prioritet məsələlərdəndir. Bu məqsədlə kart əməliyyatlarında fırıldaqçılıq hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi və bu sahədə riskin idarə edilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu istiqamətdə Mərkəzi Bank tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bura normativ hüquqi bazanın möhkəmləndirilməsi, bank mütəxəssislərinə bilik və bacarıqların artırılması üçün treninqlərin təşkili, bank və aidiyyatı qurumların fəaliyyətlərinin əlaqələndirilməsi kimi tədbirləri qeyd etmək olar.

Mərkəzi Bank tərəfindən hazırlanmış “Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları” qüvvəyə minmişdir. Bu Qaydalara əsasən bankların kartlarla aparılan şübhəli əməliyyatların vaxtında aşkar edilərək qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqin aparılması və bu tip əməliyyatlar üzrə risklərin idarə edilməsi sistemi və kadr potensialı olmalıdır. Eyni zamanda, beynəlxalq təcrübə əsasında “Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə Tövsiyələr” işlənib hazırlanaraq banklara göndərilmişdir.

Ödəniş kartları sahəsində çalışan bank mütəxəsisslərinin kartlarla fırıldaqçılıq hallarının qarşısının alınması üzrə bilik və bacarıqlarının artırılması məqsədilə Mərkəzi Bankın təşəbbüsü ilə “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatları tərəfindən müxtəlif mövzularda seminarlar təşkil edilmişdir.

Ödəniş kartları infrastrukturu vasitəsilə aparılan əməliyyatların təhlükəsizliyinin təmin edilməsi və fırıldaqçılığın qarşısının alınması məqsədilə Mərkəzi Bank, banklar, kart prosessinq mərkəzləri, milli təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi üçün qarşılıqlı əməkdaşlıq zəruridir. Bu məqsədlə Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, seçilmiş bankların, kart prosessinq mərkəzlərinin mütəxəssislərindən, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət Kartlarla fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə İşçi Qrupu yaradılmışdır.

Əlavə olaraq, ödəniş sistemlərinə nəzarətin tərkib hissəsi olaraq Mərkəzi Bank tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir.

7. Mərkəzi Bankın hazırladığı ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə tövsiyələrdə maliyyə qurumları qarşısında hansı vəzifələr qoyulub?

Tövsiyələr ümumilikdə banklar tərəfindən təşkilati və infrastruktur imkanlarının təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin, bank heyətinin və həmçinin ödəniş kartları sahibləri ilə işin təşkilinə yönəldilmişdir. Hər bir banka ödəniş kartları ilə aparılan əməliyyatların sutka ərzində monitorinqinin həyata keçirilməsi xidmətinin yaradılması, bu istiqamətdə digər banklarla, kart prosessinq mərkəzləri və hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığın təmin edilməsi, ödəniş terminallarının və ödəniş kartlarının EMV (çip) texnologiyalarına tam keçidinin sürətləndirilməsi və maqnit zolaqlı kartların istifadəsinin tədricən məhdudlaşdırılması, kart infrastrukturunun təhlükəsizliyinin tədricən “PCI DSS” standartının tələblərinə uyğunlaşdırılması, internet üzərindən həyata keçirilən ödənişlərdə “3D secure” təhlükəsizlik texnologiyasının (“Verified by Visa” və “MC SecureCode”) tətbiqinə keçidin sürətləndirilməsi, bankomatlarda xüsusi sensorların, həmçinin bankın təhlükəsizlik xidmətinə xəbərdarlıq siqnalı göndərən “antiskimming” qurğularının və müşahidə kamerasının quraşdırılması və digər kartlarla fırıldaqçılıq hallarının aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi tövsiyə edilmişdir.

8. Ödəniş kartlarının çip texnologiyalarına tam keçidinin sürətləndirilməsı, kart infrastrukturunun təhlükəsizliyinin tədricən “PCI DSS” standartının tələblərinə uyğunlaşdırılması ilə bağlı hansı tədbirlər görülür?

Fəaliyyət Planına uyğun olaraq, kart infrastrukturunun təhlükəsizliyinin artırılması məqsədilə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Həmin tədbirlərdən biri də tədricən maqnit lentli kart infrastrukturundan çip texnologiyalarına keçidin təmin edilməsidir. Bu məqsədlə bankların mövcud imkanları da nəzərə alınmaqla və son müddət göstərilməklə keçid planının hazırlanması və təsdiq edilməsi nəzərdə tutulmuşdur. Çip texlogiyalara keçid öz növbəsində təhlükəsizlik standartlarını artırmaqla bərabər ödəniş kartları bazarında təklif edilən məhsulların keyfiyyətini və çeşidini artıracaqdır.

Ödəniş kartları sənayesi üzrə məlumatların təhlükəsizliyi standartı (PCİ DSS) bütövlükdə beynəlxalq kart təşkilatları tərəfindən (Visa, MasterCard, Amex, Diners Club) ödəniş kartı sahiblərinin məlumatları üzrə təhlükəsizlik standartlarının hərtərəfli geniş tətbiqinin asanlaşdırılması üçün nəzərdə tutulmuşdur. “PCI DSS” standartları ödəniş kartı sahiblərinin məlumatlarının qorunmasını təmin edən texniki və istismar tələbləri təşkil edir. Bu standartlar auditorlar tərəfindən ödəniş kartları üzrə məlumatların emalında iştirak edən bütün tərəflərin yoxlanılmasında tətbiq edilir. Ödənişlərin emalında iştirak edən tərəflər dedikdə təsərrüfat subyektləri, kart prosesinq mərkəzləri, bank ekvayerlər, kartları emissiya etmiş banklar, məlumatların ötürülməsinə cəlb edilmiş üçüncü tərəflər və ümumilikdə ödəniş kartları haqqında məlumatların ötürülməsi, emalı və saxlanılmasında iştirak edən bütün tərəflər nəzərdə tutulur. Bütövlükdə standartlar ödəniş kartı sahiblərinin məlumatlarının məxfiliyinin təmin edilməsi məqsədi ilə əsasən 12 minimal tələbi özündə birləşdirir. Hazırkı mərhələdə ödəniş kartlarında məlumatların məxfiliyinin təmin edilməsində iştirak edən tərəflər üzrə bu qaydaların tətbiqində prioritetləşmə müəyyən olunacaq və bundan sonra həmin sektorlar üzrə “PSİ DSS” standartlarına tam keçidin təmin edilməsi üçün “yol xəritəsi” hazırlanacaqdır.

9. Elektron pulların çapı hansı səbəblərdən irəli gəlib?

Ölkədə nağdsız ödənişlərin həcminin artırılması, əhaliyə nağdsız ödəniş alətlərindən istifadə edərək həyata keçirdikləri ödənişlərin əhatə dairəsinin genişləndirilməsi və kart məhsulunun özəllikləri əvvəlcədən ödənilmiş kartların emissiyasına və onun hüquqi bazasının formalaşmasna zəmin yaratmışdır.

10. “Pre-paid card”-ın yeniliyi nədən ibarətdir? Bu kartların hədiyyə və kredit kartlarından fərqi nədir?

Əvvəlcədən ödənilmiş kartların (“Pre-paid card”) satışı daha əlverişli formada təşkil olunaraq emitent bank tərəfindən üçünçü tərəf cəlb oluna bilər. Belə ki, emitent bank bağlanmış müqavilə əsasında əvvəlcədən ödənilmiş kartların satışına üçüncü şəxsləri cəlb edə bilər. Bu zaman kartı alan şəxsin eyniləşdirilməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

“Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydalarına” əsasən əvvəlcədən ödənilmiş kart əvvəlcədən mədaxil edilmiş vəsait həcmində mal, iş və xidmətlərin dəyərinin ödənilməsinə və/və ya nağd pul vəsaitinin alınmasına imkan verən kartdır. Hal-hazırda dövriyyədə olan ödəniş kartlarından fərqli olaraq əvvəlcədən ödənilmiş kartlar yalnız fiziki şəxslər tərəfindən istifadə olunur.

11.”Hökumət Ödəniş Portalı”nın (HÖP) yaradılmasının əsasını nə təşkil edir və hal-hazırda neçə maliyyə qurumu, kütləvi xidmət müəssisəsi və kart prosessinq təşkilatı HÖP-ə qoşulmuşdur?

Ölkə rəhbərinin vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması, göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi istiqamətində verdiyi tapşırıqların icrası məqsədilə KÖMİS-in texniki və funksional imkanları genişləndirilməklə informasiya texnologiyalarının ən son nailiyyətlərinə əsaslanan HÖP-ün yaradılması istiqamətində işlər həyata keçirilir. Layihənin ilkin mərhələsində Vergilər, Maliyyə nazirlikləri, DİN-in BDYP idarəsi və Dövlət Sosial Müdafiə Fondu HÖP-ə inteqrasiya olunmuşdur. Bütövlükdə qeyd edilən təşkilatlara yanaşı kütləvi xidmət müəssisələrindən ARDNŞ-in Azəriqaz İB, Azərenerji ASC, AzərSu ASC, BakıElektrikŞəbəkə ASC, Sumqayıt RET MMC və həmçinin AzeriCard MMC, MilliKart MMC və KapitalKart MMC kart prosessinq təşkilatları sistemə qoşulmuşdur.

Nəticədə yaradılmış infrastrukturdan istifadə edilməklə “Azərpoçt” MMC-nin və 41 bankın 1200-ə yaxın ödəniş məntəqəsində nağd formada qəbul edilən ödənişlərlə yanaşı, sistemin internet resurslarından istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız formada kommunal xidmətlərin, vergilərin, yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən ödənişlərin həyata keçirilməsi mümkün olmuşdur.

12. Hökumət Ödəniş Portalında qeydiyyatsız ödənişlər necə həyata keçirilir?

Qeydiyatsız ödənişləri aparmaq üçün ödəyici kommunal xidməti müəssisələri tərəfindən ona verilmiş abonent kodlarını, Baş Dövlət Yol Polisi İdarəsi üzrə sürücülük vəsiqəsinin və ya inzibati cərimə protokolunun nömrəsini, Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş VÖEN-i, DSMF tərəfindən verilmiş sığortaedənin uçot nömrəsini maliyyə qurumlarının ödəniş məntəqələrinə təqdim etməli və yaxud HÖP-ün www.apus.az internet saytında “qeydiyyatsız ödənişlər” bölməsində hər bir kütləvi xidmət müəssisəsini seçməklə daxil etməlidir.

13. Elektron ödəniş xidmətlərinin inkişaf istiqamətləri və qarşıdakı strateji hədəflər nədən ibarətdir?

Ölkə başçısının imzaladığı çoxsaylı fərmanlarında vergi, rüsum, icarə haqqı, digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması, təsərrüfat subyektlərində nağd şəkildə hesablaşmaların minimuma endirilməsi, inzibati xətalara görə cərimələrin, gömrük ödənişlərinin yalnız bank vasitəsilə toplanmasının təmin edilməsi və bütövlükdə nağdsız ödənişlərin stimullaşdırılması tapşırılmışdır.

Bu fərmanların icrası çərçivəsində dövlət qurumlarının ödəniş sistemləri infrastrukturuna inteqrasiyası məqsədilə Mərkəzi Bank və aidiyyatı qurumlar tərəfindən bir sıra tədbirlər görülmüşdür.

Strateji dövrdə Mərkəzi Bank tərəfindən ərazi mənsubiyyətindən asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, nağdsız ödəniş alətlərindən istifadənin cəmiyyətdə bir normaya çevrilməsi, iqtisadi dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyəyə cəlb edilməsi, habelə hökumət və digər qurumlarının korporativ informasiya sistemlərinin elektron ödəniş sistemlərinə texnoloji inteqrasiyasının tamamlanması istiqamətində həyata keçiriləcək kompleks tədbirləri özündə əks etdirən Dövlət Proqramının layihəsi hökumətə təqdim edilmişdir.

Dövlət Proqramının icrası çərçivəsində elektron ödəniş xidmətlərinin infrastruktur imkanlarının artırılması, hüquqi və institusional bazasının gücləndirilməsi, istifadə effektivliyinin yüksəldilməsi, əhali və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə cəlb edilməsi prioritet istiqamətlər kimi qəbul edilmişdir.

IBAN

Elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və hal-hazırda tətbiq edilən bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq respublikada IBAN-ın tətbiqi qərara alınmışdır.

Bu tədbirin həyata keçirilməsi üçün Mərkəzi Bankın, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Banklar Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, Standart Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən ibarət 17.06.2010-cu il tarixində İşçi Qrup (İQ) yaradılmışdır.

Standart bank hesab nömrəsinin (IBAN) tətbiqi və istifadəsi ilə əlaqədar tez-tez verilən suallar

1. IBAN nədir? Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan və banklar, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatoru və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi (maliyyə institutları) tərəfindən müştərilərə təqdim edilən standart bank hesab nömrəsidir.

2. Azərbaycanda IBAN-ın strukturu necədir?

Azərbaycan Respublikasında IBAN-ın strukturu aşağıdakı formadadır: IBAN-ın strukturu

3. IBAN-ın üstünlükləri nədir?

IBAN strukturu vəsaiti göndərən bankda vəsaiti alan bankın müştərisinin hesabının doğruluğunu yoxlamağa imkan verməklə əməliyyat risklərini minimallaşdırıcaq, banklalarası hesablaşmalar zamanı vəsaitlərin son istifadəçiyə çatdırılmasını sürətləndirəcək, hesablaşmalarda avtomatik emal əmsalının (STP) yüksəldilməsini təmin edəcəkdir.

4. IBAN hansı hesablara tətbiq ediləcək?

IBAN ölkədaxili və ölkədənkənar banklararası hesablaşmalarda iştirak edən bütün bank hesablarına tətbiq edilməlidir. Maliyyə institutları daxili siyasətlərindən asılı olaraq digər hesablarına da IBAN tətbiq edə bilərlər.

5. IBAN barədə haradan ətraflı məlumat əldə etmək olar?

Mərkəzi Bankın internet saytının “Ödəniş sistemləri” bölməsində “IBAN” başlığı altında bu barədə ətraflı materiallar, o cümlədən “Standart bank hesab nömrəsinə (IBAN) keçid üzrə Metodoloji Rəhbərlik” və “Azərbaycan Respublikasında standart bank hesab nömrəsinin (IBAN) istifadəsi Qaydaları”nın layihəsi yerləşdirilmişdir.

6. IBAN qəbul edildikdən sonra köhnə hesab nömrəsindən istifadə mümkündürmü?

IBAN-a tam keçid müəyyən edildikdən sonra köhnə hesab nömrəsi əks olunan ödəniş sənədləri maliyyə institutları tərəfindən icraya qəbul edilməməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə Dunya Bankının Vasinqtondakı baş ofisində Azərbaycan Günləri