Asiya İnkişaf Bankı (AİB) 1966-cı ildə yaradılmış və missiyası üzv ölkələrin inkişafında onlara yardım etməklə yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasından ibarət olan beynəlxalq maliyyə institutudur. AİB-i maliyyələşdirən 67 üzv ölkə vardır ki, bunlardan 48-i Asiya və Sakit Okeanı regionundan, 19-u isə dünyanın digər yerlərindəndir. AİB tərəfindən investisiyaların cəlb edilməsinə üzv ölkələrin hökumətləri ilə yanaşı hüquqi şəxslər də müraciət edə bilər. Təqdim edilən bir kreditin orta məbləği 15 mln. ABŞ dollarıdır. Daha irihəcmli kreditlər (ən maksimal məbləğ 50 mln. ABŞ dolları ola bilər) bank tərəfindən nadir hallarda ayrılır. İnvestisiyalar prioritet olaraq nəqliyyat və rabitə, energetika, maliyyə, kənd təsərrüfatı sahələrinə ayrılır.
Azərbaycan Asiya İnkişaf Bankına 1999-cu ildə üzv olmuşdur. Azərbaycan regional üzvlər arasında 18-ci və ümumilikdə isə 26 ən böyük payçıdır. Azərbaycanın payı 15736 (0,44%), səs hüququ isə 28968 (0,65%) təşkil edir. AİB-in Azərbaycanda 2004-cü ildə nümayəndiliyinin açılması bu qurumla əməkdaşlığın daha aktivləşməsinə imkan vermişdir. AİB-in Azərbaycandakı fəaliyyətinin əsas strateji istiqamətlərini yoxsulluğun azaldılması və qeyri-neft sektorunun inkişafının dəstəklənməsi təşkil etmişdir. Azərbaycanda AİB tərəfindən əsasən nəqliyyat, su təchizatı, enerji, həmçinin, maliyyə sektoru (bank və sığorta), təhsil, səhiyyə və s. sahələrdə həyata keçirilən layihələr maliyyələşdirilmişdir.
AİB-in Azərbaycanda həyata keçirdiyi layihələri dövlət və özəl sektorları əhatə edir və Hökumətin inkişaf strategiyalarına uyğun olaraq həyata keçirilir. AİB özəl sektorda öz iştirakını əhəmiyyətli dərəcədə artırmış və ölkədə bank sektorunun gücləndirilməsi, eləcə də özəl infrastrukturun inkişafına kömək etmişdir. Özəl banklar fərdi sahibkarlara, eləcə də kiçik və orta müəssisələrə kiçik həcmli kreditlərin verilməsində əsas mənbə olduqlarına görə onlar iqtisadiyyatda vacib mövqe tuturlar. AİB həmçinin, Azərbaycanın yol sektorunda, xüsusilə yolların inkişafında əhəmiyyətli rol oynamaqdadır. Respublikada yolların inkişafı proqramı üzrə təqdim edilmiş çoxtranşlı maliyyələşmə mexanizmi AİB və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsini müəyyən etmişdir. AİB həmçinin, regional şəhərlərdə su təchizatı və kanalizasiya qurğularının bərpa edilməsi üzrə kreditlər vermiş, eləcə də uzunmüddətli dayanıqlı iqtisadi və sosial inkişaf strategiyasının və proqramların hazırlanması üzrə Hökumətə dəstək məqsədilə texniki yardımlar ayırmışdır. AİB yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi artımın gücləndirilməsi istiqamətində Hökumətin məqsəd və fəaliyyətinə şərik olur.
AİB-in Azərbaycana yardım strategiyası ikili xarakter daşıyır: (i) ən kəskin ehtiyac içində yaşayanlar üçün mühüm ictimai ehtiyacların və xidmətlərin təmin edilməsinin təkmilləşdirilməsində Hökumətə köməklik etmək; (ii) rəqabətə əsaslanan özəl investisiyaların həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması üçün zəruri mühitin yaradılmasına yardım etmək. AİB-in strategiyaya əsaslanan bu əməliyyatları idarəçiliyin yaxşılaşdırılmasına və institutların möhkəmləndirilməsinə xüsusi təsir göstərir.


