Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə və Azərbaycan Mərkəzi Bankının “Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları”nın 3.3 bəndinə uyğun olaraq tədavülə yararlı, yararsız və həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət, səthinin 60%-dən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlamış pul nişanları banklar tərəfindən məhdudiyyət qoyulmadan qəbul edilməli və dəyişdirilməlidir.
Səthi tam olmayan əskinasların səthini müəyyənləşdirmək üçün xüsusi 200 damalı cədvəllərdən istifadə olunur (Cədvəllər).
Əskinasların saxlanılan hissəsinin sahəsi aşağıdakı kimi müəyyən edilir:
- zədələnmiş əskinasın saxlanılan hissələri damalı cədvəlin üzərinə qoyulur, sol yuxarı künclə uyğunlaşdırılır və perimetr boyu qırmızı qələmlə konturu çəkilir;
- konturun daxilində qalan tam damalar sayılır, konturun xətti ilə kəsilmiş damaların sayı yarı bölünüb tam damaların sayı ilə toplanılır. Alınan damaların sayı 120-dən az olmadıqda əskinasın nominal dəyəri ödənilir.
Fiziki və hüquqi şəxslər milli pul nişanlarını ekspertizadan keçirmək məqsədi ilə onları banklara, Mərkəzi Banka və ya onun qurumlarına əlavə haqq ödəmədən təqdim edə bilərlər. Ekspertiza üçün pullar fiziki və hüquqi şəxslərdən ərizə əsasında (Ərizə forması) qəbul edilir. Ərizə üç nüsxədən ibarət tərtib edilir. Onun bir nüsxəsi müvafiq qeydlə müştəriyə qaytarılır, biri kassa sənədlərində saxlanılır, biri isə pul nişanı ilə birlikdə ekspertiza üçün Mərkəzi Banka və ya onun qurumlarına təqdim edilir.
Banklar aşkar etdiyi səthi müəyyənləşdirə bilinməyən, bir neçə hissədən ibarət olan səthinin 100%-ni saxlamış, həqiqiliyi şübhə doğuran, ekspertiza üçün qəbul etdiyi milli pul nişanlarını (ərizənin bir nüsxəsi ilə birlikdə) üç iş günündən gec olmayaraq Mərkəzi Banka və ya onun qurumlarına ərizə ilə (Ərizə forması) təqdim edirlər.
Qüsurlu pullar yalnız bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini saxladıqda nominal dəyəri ödənilir. Pulların qüsurlu olub-olmaması Mərkəzi Bank tərəfindən müəyyən edilir.


