Milli Bankın Mətbuat Xidməti bildirir ki, Qazaxıstan Respublikası Milli Bankının İdarə Heyəti Sədrinin müavini cənab Daniyar Akişevin rəhbərlik etdiyi nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Milli Bankda olmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Bankının rəhbərliyi və aparıcı departamentləri ilə bir sıra görüşlər keçirmişdir.
Görüşlərdə neft gəlirlərinin artması şəraitində mərkəzi bankın pul siyasətinin strategiyası və taktikası, globallaşma mühitində maliyyə sabitliyinin qorunmasına yönəldilmiş preventiv tədbirlər, habelə iki ölkənin mərkəzi bankları arasında gələcək əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparılmışdır.
Qonaqlar Azərbaycanın son illər nümayiş etdirdiyi sıçrayışlı iqtisadi inkişaf təcrübəsinin böyük maraq doğurduğunu bildirmişlər. Nümayəndə heyətinin üzvləri neftlə zəngin olan postsovet ölkələrinin makroiqtisadi idarəetmədə oxşar vəzifələr ilə qarşılaşdıqlarını nəzərə alaraq pul siyasəti və bank quruculuğu sahəsində bu təcrübə mübadiləsinin əhəmiyyətli olduğunu da xüsusi qeyd etmişlər


