Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nienke Oomesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə makroiqtisadi durum və bank sektorunda vəziyyətlə bağlı yekun görüşü keçirmişdir. Görüş zamanı BVF-nin missiyasının rəhbəri səfərin nəticələri barədə danışaraq qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı qlobal maliyyə böhranının təsirlərindən yaxşı qorunmuş, ölkənin rəsmi orqanları krizisə uğurlu reaksiya vermişlər. O cümlədən, Mərkəzi Bankın antiböhran fəaliyyəti müsbət qiymətləndirilmişdir. Belə ki, BVF-nin missiyasının rəhbəri qeyd etmişdir ki, Azərbaycan Mərkəzi Bankı mübadilə məzənnəsini sabit saxlamaqla və bank sisteminə likvidlik inyeksiya etməklə maliyyə sabitliyini uğurla qorumuşdur. Məzənnənin sabitliyi inflyasiya səviyyəsini azalmağa, dollarlaşmadakı müvəqqəti artımı səngitməyə və ev təsərrüfatları və bankların balanslarına neqativ təsirlərin qarşısını almağa imkan vermişdir.
Görüş zamanı Mərkəzi Bankın sədri Missiyanın rəyinə münasibət bildirərək qeyd etmişdir ki, 2009-cu ilin I rübündə ölkədə makroiqtisadi sabitliyin pozulması riskinin artdığı bir şəraitdə milli valyutanın sabitliyinin təmin edilməsi Mərkəzi Bankın antiböhran siyasətinin aparıcı elementi olmuşdur. Qlobal böhranın təsirləri və qonşu ölkələrdəki devalvasiyalarla bağlı psixoloji təzyiq şəraitində Mərkəzi Bank soyuqqanlılıq nümayiş etdirmiş və manatın sabitliyini qorumuşdur. Manatın sabitliyinin təmin edilməsi müəyyən resurslar tələb etsə də, 2009-cu ildə ölkənin strateji valyuta ehtiyatları artmaqda davam etmişdir. Tədiyə balansının müsbət saldosu manatın məzənnəsinin sabit qalmasının fundamental faktoru olmuşdur. Məhz tədiyə balansının profisitli olduğunu və valyuta bazarında yaranmış gərginliyin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq Mərkəzi Bank manatın devalvasiyasına yol verməməyi məqsədəuyğun hesab etmişdir. Toplanmış valyuta ehtiyatları hesabına manatın məzənnəsinin saitliyinin təmin olunması II rübdən başlayaraq valyuta bazarındakı psixoloji gərginliyi tam aradan qaldırmışdır. Manatın məzənnəsinin sabitliyi idxalın və daxili istehsalda istifadə olunan xarici mənşəli əmtəələrin kəskin bahalaşmasının qarşısını almış, habelə əhalinin əmanətlərinin dəyərsizləşməsinin, xarici valyutada borc yükünün artmasının, manata etimadın azalmasının və iqisadiyyatda yüksək dollarlaşmanın qarşısını almışdır. Daxili istehlak bazarında idxalın xüsusi çəkisinin əhəmiyyətli olması şəraitində yeridilmiş məzənnə siyasəti 2009-cu ildə ildə orta illik inflyasiyanın 1,5% səviyyəsinə düşməsində mühüm rol oynamışdır. Bununla belə 2009-cu ilin yekunu üzrə iqtisadi artım üçün məqbul sayılmayan deflyasiyaya yol verilməmişdir. İnflyasiyanın aşağı səviyyəsi və çoxtərəfli məzənnənin əlverişli olması ölkənin rəqabət qabiliyyətliyinin qorunmasına da imkan vermiş, il ərzində qeyri-neft sektoru üzrə manatın çoxtərəfli real məzənnəsi 3,5% ucuzlaşmışdır.
Xarici maliyyə mənbələrinin azalması şəraitində Mərkəzi Bankın vəzifələrindən biri iqtisadiyyatın pula olan tələbatının ödənilməsi olmuşdur. Bunun üçün Mərkəzi Bank pul siyasətini radikal yumşaltmış, yeni qanunvericilik bazası əsasında iqtisadiyyata ümumi daxili məhsulun 5%-i səviyyəsində birbaşa likvidlik dəstəyi göstərmişdir. Mərkəzi Bankın inyeksiyaları pul kütləsinin azalmasının qarşısını almış, bankların maliyyə dayanıqlığını və iqtisadi aktivliyini qorumuş, sistem əhəmiyyətli iri müəssisələrin xarici borc ödənişinə və istehsal-investisiya fəaliyyətinə zəruri dəstəyi təmin etmişdir.
Mərkəzi Bankın optimal anti-böhran tədbirləri qlobal maliyyə böhranının bank sektoruna təsir kanallarını məhdudlaşdırmış və sektorun yaranmış yeni şəraitə daha hazırlıqlı daxil olmasını təmin etmişdir. Böhranaqədərki dövrdə bankların kapitalizasiyası və maliyyə ehtiyatlanması, xarici borcların tənzimlənməsi və risk menecment istiqamətində xüsusi tədbirlər paketi icra olunmuşdur. Böhran dövründə isə, banklara likvidlik, aktivlərin keyfiyyətinin qorunması və digər istiqamətlərdə dəstək göstərilmişdir. Nəticədə dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanın bank sektorunda hər hansı iflas və xüsusi gərginlik halı qeydə alınmamış, sektor öz ölçülərini və sabitliyini qorumuşdur.
2009-cu il ərzində sektorun əsas inkişaf indikatorları pozitiv olmuşdur. İl ərzində sektorun aktivləri 14%, kredit portfeli 17%, əmanətlər 29% artmışdır. Bankların kapital mövqeyi daha da güclənmiş, məcmu kapitalın artımı 18% təşkil etmişdir. Həmçinin, sektorun satış şəbəkəsi də artmış və xidmət keyfiyyəti yüksəlmiş, müasir satış alətlərinin tətbiqi ilə maliyyə xidmətlərinə çıxış imkanları artırılmışdır.
Belə bir şəraitdə, banklar institusional potensialın inkişafına daha çox diqqət ayırmış, korporativ idarəetmə prinsiplərinin, xüsusilə də, effektiv risk menecment mexanizmlərinin daha geniş tətbiqini təmin etmişdir.
Beləliklə, ölkə öz resursları ilə böhranın öhdəsindən gəlmiş, qlobal maliyyə böhranı və ressesiyaya baxmayaraq, Azərbaycan iqtisadiyyatının müvazinəti qorunmuş, iqtisadiyyatda sabitlik və inkişaf dinamikası davam etmişdir.
Görüşdə perspektiv siyasət hədəfləri müzakirə olunarkən BVF-nin missiyası yaxın gələcəkdə Mərkəzi Bankın məzənnəni sabit saxlamaq niyyətini dəstəklədiyini qeyd etmişdir. Bununla belə BVF ekspertləri hesab edirlər ki, iqtisadiyyatın diversifikasiyası və beynəlxalq kapital bazarlarına inteqrasiyası artdıqda məzənnə rejiminin çevikliyi də artırılmalıdır. Görüşdə missiya üzvləri məzənnə çevikliyinin artırılmasının uyğun müddətləri və yolları barədə konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını bildirmişlər.
BVF missiyası Mərkəzi Bank tərəindən bank sisteminin konsolidasiyası planlarına da müsbət münasibət bildirmişdir. Belə ki, Mərkəzi Bank bank sektorunun kapital mövqeyinin daha da gücləndirilməsinə, sabitliyinin və sağlamlığının qorunmasına, həmçinin daha keyfiyyətli və etibarlı bank xidmətlərinin təmin edilməsinə nail olunmasını hədəfləyir.


