Mərkəzi Bank müəllimlərə təlim keçmişdir

10 fevral 2017-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankı maliyyə maarifləndirilməsi istiqamətində paytaxtın ümumtəhsil məktəblərinin Həyat Bilgisi fənn müəllimləri və ibtidai sinif müəllimləri olmaqla ümumilikdə 75 nəfər müəllimə maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlimlər keçirmişdir.

2016-cı il noyabr-dekabr ayları ərzində layihənin əsas tərəfdaşı olan Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Bakı Təhsil İdarəsi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə birlikdə 4 qrup üzrə təşkil edilmiş təlimlərdə Həyat Bilgisi və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu, istehsal infrastrukturları barədə təqdimatlar keçirilmiş, mövzular üzrə interaktiv oyunlar və çalşmalar təşkil olunmuşdur. Həyat bilgisi fənn müəllimləri üçün təlimlər Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində, ibtidai siniflər müəllimləri üçün təlimlər isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilmişdir.

Təlimlərin yekununda qiymətləndirilmə aparılmış, iştirakçıların sualları cavablandırılmış və nəticələrə müvafiq olaraq müəllimlər sertifikat əldə etmək hüququ qazanmışlar. Sertifikatların verilməsi mərasimi tərəfdaş qurumların iştirakı ilə birgə 8 fevral 2017-ci il tarixində Mərkəzi Bankda keçirilmişdir. Tədbirdə qiymətləndirmə sorğularının nəticələri təqdim edilmiş, tərəfdaş qurumların və iştirakçıların təlim haqqında rəyləri öyrənilmişdir.

Maliyyə maarifləndirilməsi istiqamətində hədəf qruplarından olan ümumtəhsil müəssissələrinin müəllim və şagird heyəti, orta ixtisas və ali təhsil müəssissələrinin tələbələrinin iqtisadi və maliyyə savadlılığının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank gələcəkdə də bu hədəf qrupları üçün müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə