"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərini, habelə sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
həmin Qanunun 10.6-cı maddəsində nəzərdə tutulmuş kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
öz səlahiyyətləri daxilində “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki,
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci və 8.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 8.1.2-ci, 8.1.4-cü və 8.1.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.
3. Müəyyən edilsin ki,
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci və 10.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 4-cü və 8.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirirlər;
həmin Qanunun 6.2-ci, 10.3-cü, 10.4-cü, 12.1-ci, 12.3-cü və 12.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr 2002-ci il
№ 793