AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI
QƏRAR
№ 1951100017
Bakı şəhəri “ 11 “ mart 2019-cu il
“Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1299-VQD nömrəli Qanununun tətbiqi və “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 394 nömrəli Fərmanının 2-ci hissəsinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti
QƏRARA ALIR:
İdarə Heyətinin sədri vəzifəsini icra edən,
İbrahim Alışov
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatası
Qərar № 1951100017
11 mart 2019-cu il
İdarə Heyətinin sədri vəzifəsini icra edən
___________________
İbrahim Alışov
Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası
1.1. Bu Qayda “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 3.2.4-cü, 3.2.5-ci, 7.2-ci, 7.4-cü, 7.9-cu, 8-2.2-ci və 10.1.7-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və lotereya təşkilatçısı (bundan sonra – Təşkilatçı) tərəfindən stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, məlumatların açıqlanması, lotereya biletlərinin hazırlanması, lotereya biletlərinin ve onlara bərabər tutulan digər məlumat daşıyıcılarının rekvizitləri, uduşlu lotereya biletlərinin saxlanılması, elektron lotereyalarla bağlı fərdi məlumatların informasiya sistemlərində əks olunmalı məlumatların siyahısı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Palata) lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatların təqdim edilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qayda iştirakçıların bilik və bacarığına əsaslanan müsabiqələrin təşkili və keçirilməsi hallarına şamil edilmir.
2.1. Lotereyanın şərtlərinin təsdiq edilməsi haqqında qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiq edilir və lotereyanın şərtləri ilə birlikdə təqdim edilir.
2.2. Lotereyanın şərtlərində aşağıdakılar göstərilməlidir:
2.2.1. Təşkilatçı haqqında məlumat (tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer və əlaqə vasitələri);
2.2.2. lotereyanın adı və keçirilmə forması;
2.2.3. lotereyanın keçirilmə müddəti;
2.2.4. lotereyanın keçirildiyi ərazi;
2.2.5. lotereya biletləri (onlara bərabər tutulan digər məlumat daşıyıcıları) və onların əldə edilməsi qaydaları haqqında məlumat;
2.2.6. lotereyanın uduş fondu haqqında məlumat (lotereyanın (hər tirajın) uduş fonduna daxil olan hər bir uduşun adı və miqdarı, yaxud yalnız pul vəsaitlərindən ibarət olan uduş fondunun uduşlara bölgüsü aparılmadan ümumi məbləği);
2.2.7. lotereyanın uduş fondunun oynanılması qaydası (tarix(lər)i daxil olmaqla) haqqında məlumat;
2.2.8. uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) Təşkilatçı tərəfindən qəbulu və uduşların verilməsi (ödənilməsi) müddəti və qaydası haqqında məlumat;
2.2.9. lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsi imkanının olub-olmaması.
3.1. Lotereya biletlərində (onlara bərabər tutulan digər məlumat daşıyıcılarında) aşağıdakı rekvizitlər göstərilməlidir:
3.1.1. Təşkilatçının tam adı və olduğu yer;
3.1.2. lotereyanın adı və keçirilmə forması, o cümlədən "stimullaşdırıcı lotereya" sözləri;
3.1.3. lotereya biletinin nömrəsi və (və ya) seriyası;
3.1.4. tirajın uduş fondunun oynanılması tarixi;
3.1.5. lotereya iki və daha artıq sayda tirajdan ibarət olduqda, lotereya biletinin istifadə edildiyi tirajın sıra nömrəsi (lotereya bileti ilə bir neçə tirajın uduş fondlarının oynanılmasında iştirak hüququnun təsbit olunduğu hallar istisna olmaqla);
3.1.6. lotereyanın uduş fondu haqqında məlumat;
3.1.7. lotereyanın uduş fondunun oynanılması şərtləri haqqında məlumat;
3.1.8. uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti və uduşların verilməsi (ödənilməsi) qaydaları haqqında məlumat;
3.1.9. lotereya biletini çap edən müəssisə haqqında məlumat (elektron lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla);
3.1.10. lotereyanı keçirmək hüququnun əldə olunması haqqında məlumat (tarix daxil olmaqla).
3.2. Lotereya biletlərində (onlara bərabər tutulan digər məlumat daşıyıcılarında) bu Qaydanın 3.1-ci bəndində qeyd edilən məlumatları tam əks etdirmək mümkün olmadıqda həmin məlumatlar lotereya iştirakçılarına kağız daşıyıcılarda və ya elektron formada (elektron poçt ünvanına və ya mobil nömrəyə məlumatın göndərilməsi yolu ilə) təqdim edilməlidir.
3.3. Lotereya biletlərində göstərilən məlumatlar həmin lotereyanın şərtlərində göstərilən məlumatlara uyğun olmalıdır.
3.4. Lotereya biletləri (onlara bərabər tutulan digər məlumat daşıyıcıları) onların istifadə edildiyi lotereyanın (tirajın) eyniləşdirilməsinə, həmçinin onların uduşlu olub-olmamasının müəyyən edilməsinə imkan verməlidir.
4.1. Təşkilatçı lotereyanın keçirilməsinin başlanmasına azı 20 (iyirmi) iş günü qalmış bu Qaydanın 4.2-ci bəndinin tələbləri nəzərə alınmaqla, Palataya aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir:
4.1.1. lotereyanı keçirmək niyyətində olduğu barədə bildiriş (Əlavə № 1);
4.1.2. lotereyanın şərtləri;
4.1.3. lotereyada istifadə olunacaq lotereya biletinin (məlumat daşıyıcısının) nümunəsi;
4.1.4. Təşkilatçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
4.1.5. Təşkilatçının vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti;
4.1.6. stimullaşdırıcı lotereya tapşırıq müqaviləsinə əsasən keçirildiyi halda həmin müqavilənin lotereyanın keçirilməsini tapşıran şəxs tərəfindən təsdiq edilmiş surəti.
4.2. Palata digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları özü əldə edir. Bu mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi Təşkilatçının razılığı ilə sorğu əsasında aidiyyəti qurumdan tələb olunur və ya Təşkilatçı tərəfindən təmin olunur.
4.3. Bu Qaydanın 4.1.4-cü və 4.1.5-ci yarımbəndlərində göstərilən sənədlərin surətinin (bu sənədlərdə baş vermiş dəyişikliklərin olması halları istisna olmaqla) eyni Təşkilatçı tərəfindən sonrakı stimullaşdırıcı lotereyaların keçirilməsi məqsədilə edilən müraciətlər zamanı təqdim edilməsi tələb olunmur.
4.4. Palata bu Qaydanın 4.1-ci bəndində göstərilən sənədlərdə aşkar edilmiş nöqsanların aradan qaldırılmasını həmin sənədlərin təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günü müddətində Təşkilatçıdan tələb edir və ya aşağıdakı əsaslarla lotereyanın keçirilməsini qadağan edir:
4.4.1. bu Qaydanın 4.1-ci bəndində göstərilən sənədlər Palataya tam şəkildə təqdim edilmədikdə;
4.4.2. təqdim olunmuş sənədlərə lotereyalar haqqında qanunvericiliyin tələblərinə cavab verməyən və ya natamam, qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatlar daxil edildikdə;
4.4.3. Təşkilatçı Palatanın onunla bağlı qəbul etdiyi Qanunla müəyyən olunmuş icrası məcburi göstərişləri icra etmədən, yeni lotereyanın keçirilməsi ilə bağlı müraciət etdikdə;
4.4.4. Təşkilatçının keçirdiyi stimullaşdırıcı lotereyanı keçirməsinə məhkəmə tərəfindən xitam verildiyi tarixdən 6 (altı) aydan az vaxt keçdikdə.
4.5. Bu Qaydanın 4.1-ci bəndində göstərilən sənədlərin təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günü müddətində stimullaşdırıcı lotereyanın keçirilməsi qadağan olunmadıqda, Təşkilatçı lotereyanı keçirmək hüququnu əldə edir.
4.6. Təşkilatçı lotereyanın şərtlərində dəyişikliklər edilməsindən imtina edilməsi barədə qərardan, habelə lotereyanın keçirilməsinin qadağan edilməsindən inzibati və ya məhkəmə qaydasında şikayət edə bilər.
4.7. Keçirilməsi qadağan olunmuş, habelə keçirilmə hüququ əldə olunmamış stimullaşdırıcı lotereyaların keçirilməsinə yol verilmir.
4.8. Təşkilatçı lotereya başlamazdan əvvəl onun şərtlərini kütləvi informasiya vasitəsi ilə elan etməlidir.
4.9. Təşkilatçı satışı lotereya ilə stimullaşdırılan malı (işi, xidməti) əldə etmək, habelə lotereyada iştirak etmək barədə təkliflərdə, o cümlədən uduş əldə etmək imkanının ifadə olunduğu təkliflərdə lotereya şərtlərinin və ya onlarla tanış olmaq üçün mümkün olan yerlərin göstərilməsini, yaxud bu barədə məlumatı əldə etmək üçün istinadın verilməsini təmin etməlidir.
5.1. Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi barədə qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən qəbul edilir. Təşkilatçı tərəfindən lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə yalnız Palatanın icazəsi ilə yol verilir.
5.2. Lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin edilməsinə icazə almaq üçün Təşkilatçı uduş fondunun oynanılması tarixinə azı 15 (on beş) iş günü qalmış Palataya aşağıdakıları təqdim etməlidir:
5.2.1. lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi üçün ərizə. Ərizədə Təşkilatçının tam adı, olduğu yer, lotereyanın adı və keçirilmə forması, lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi haqqında qərarın tarixi və nömrəsi, habelə həmin əlavə və (və ya) dəyişikliklərin qüvvəyə minməsi tarixi göstərilməlidir;
5.2.2. lotereya şərtlərinə əlavə və (və ya) dəyişikliklərin Təşkilatçının möhürü ilə təsdiq edilmiş və icra orqanının rəhbəri tərəfindən imzalanmış mətni;
5.2.3. lotereya şərtlərinin yeni redaksiyası.
5.3. Bu Qaydanın 5.2-ci bəndində göstərilən sənədlər Palataya daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq Palata lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi və ya bundan imtina haqqında qərar qəbul edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina edilməsi barədə qərar Təşkilatçıya təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
5.4. Palata lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:
5.4.1. bu Qaydanın 5.2-ci bəndində göstərilən sənədlər Palataya tam şəkildə təqdim edilmədikdə;
5.4.2. Palataya təqdim olunmuş sənədlərə lotereyalar haqqında qanunvericiliyə zidd olan, o cümlədən lotereya iştirakçılarının hüquqlarını məhdudlaşdıran, lotereyanın formasınının dəyişməsinə təsir göstərən, yayılmış lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) iştirak etdiyi tirajın uduş fondunun tərkibini dəyişən və ya uduş fondunun həcmini azaldan əlavələr və (və ya) dəyişikliklər, habelə natamam və ya qeyri-dürüst müddəalar daxil edildikdə.
5.5. Təşkilatçı lotereyanın şərtlərinə edilmiş əlavələri və (və ya) dəyişiklikləri uduş fondunun oynanılması tarixinə azı 7 (yeddi) iş günü qalmış kütləvi informasiya vasitəsi ilə elan etməlidir.
6.1. Təşkilatçı elektron lotereyaların təşkili və keçirilməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış fərdi məlumatların informasiya sistemləri vasitəsi ilə və elektron ticarət haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirir.
6.2. İnformasiya sistemi Təşkilatçı tərəfindən (və ya onun sifarişi əsasında) hazırlanır.
6.3. İnformasiya sistemində aşağıdakı məlumatlar əks olunur:
6.3.1. lotereya iştirakçısının adı, soyadı, atasının adı, doğum tarixi;
6.3.2. lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN kodu;
6.3.3. lotereya iştirakçısının mobil nömrəsi və elektron poçt ünvanı.
6.4. Lotereya iştirakçısı olmaq hüququnu yalnız 18 yaşına çatmış və könüllü şəkildə lotereyada iştirak etmək niyyətində olan lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibləri əldə edir.
6.5. Təşkilatçı elektron informasiya sisteminə nəzarətin təmin edilməsi və lotereyanın adı, keçirilmə forması, tirajın nömrəsi və uduş fondunun oynanılması tarixi, lotereya biletinin nömrəsi və (və ya) seriyası, habelə bu Qaydanın 6.3-cü bəndində qeyd edilən fərdi məlumatları üzrə axtarışlar aparmaq məqsədilə Palatanı bu sistemə baxış rejimində birbaşa çıxışla təmin edir.
7.1. Lotereyanın uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti həyata keçirən tiraj komissiyası Təşkilatçı tərəfindən yaradılır (elektron lotereyalar istisna olmaqla).
7.2. Tiraj komissiyası üzvlərinin sayı 5 (beş) nəfərdən az olmamaq şərti ilə tək sayda yaradılır.
7.3. Təşkilatçı tiraj komissiyasının ən azı bir üzvünü kütləvi informasiya vasitələrinin və ya ictimai təşkilatların nümayəndələrindən təyin edir.
7.4. Təşkilatçının vəzifəli şəxsləri, onların ailə üzvləri (ər, arvad, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, onların ərləri və arvadları, bacılar, qardaşlar, bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, qəyyumlar və qəyyumluğa götürülənlər), həmçinin stimullaşdırıcı lotereya obyektinin satıcısı (o, stimullaşdırıcı lotereyanın təşkilatçısı olduğu halda) tiraj komissiyasının üzvləri ola bilməzlər.
7.5. Təşkilatçı uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış tiraj komissiyasının üzvləri haqqında məlumatı icra orqanının rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş formada Palataya təqdim etməlidir.
7.6. Tiraj komissiyasının sədri tiraj komissiyasının üzvləri tərəfindən adi səs çoxluğu ilə seçilir.
7.7. Tiraj komissiyasının qərarları adi səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən tiraj komissiyasının üzvü bitərəf qala bilməz.
7.8. Lotereyanın uduş fondunun oynanılmasının nəticələri tiraj komissiyasının üzvləri tərəfindən imzalanan aktla təsdiq olunur.
7.9. Tiraj komissiyası uduş fondunun oynanılması zamanı aşkar olunmuş pozuntular barədə uduş fondunun oynanılmasının nəticələri haqqında aktda qeyd edir və 3 (üç) iş günündən gec olmayaraq Palataya və Təşkilatçıya məlumat verir.
7.10. Təşkilatçı uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması barədə məlumat aldıqda Palata tərəfindən müvafiq qərar qəbul edilənədək uduşların verilməsini (ödənilməsini) dayandırır.
7.11. Tiraj komissiyası qanunvericiliyin tələbləri pozulmaqla yaradıldıqda, Palata tiraj komissiyasının tərkibinə dəyişikliklərin edilməsi barədə Təşkilatçıya icrası məcburi olan göstəriş verir.
8.1. Lotereyanın uduş fondu bu fondun oynanılmasınadək azı 1 (bir) saat qalmış, elektron lotereyaların uduş fondu isə oyunun başlanması anınadək formalaşdırılır.
8.2. Lotereyanın uduş fondu yalnız Təşkilatçının lotereyanın iştirakçıları qarşısındakı öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə istifadə olunmalıdır.
8.3. Lotereyanın uduş fondu aid olduğu tirajda tam həcmdə oynanılmalıdır.
8.4. Lotereyanın hər tirajının uduş fondu oynanıldıqdan sonra 5 (beş) iş günü ərzində uduş fondu və uduşa düşmüş lotereya biletlərinin nömrələri və (və ya) seriyaları barədə məlumat kütləvi informasiya vasitələrində elan edilir.
8.5. Lotereyanın hər tirajının uduş fondunun oynanılmasının nəticələrinin açıqlanması həmin tiraj üzrə uduşlu lotereya biletlərinin identifikasiya nömrələrinin (olduqda), yaxud uduşlu lotereya biletlərini (onlara bərabər tutulan digər məlumat daşıyıcılarını) və ya onların sahiblərini eyniləşdirmək imkanı verən göstəricilərin, habelə onların hər birinə düşən uduşların kütləvi informasiya vasitəsilə elan edilməsi yolu ilə həyata keçirilir.
8.6. Təşkilatçı uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərini (onlara bərabər tutulan digər məlumat daşıyıcılarını) lotereyanın şərtlərində göstərilmiş qaydada və müddətdə lotereya iştirakçılarının ilk tələbi ilə qəbul etməlidir.
8.7. Uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) Təşkilatçı tərəfindən qəbulu müddəti həmin lotereyanın (tirajın) uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.
8.8. Uduş Təşkilatçı tərəfindən uduşlu lotereya bileti (ona bərabər tutulan digər məlumat daşıyıcısı) qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilməlidir (ödənilməlidir).
8.9. Təşkilatçı tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməlidir.
8.10. Lotereyanın şərtlərində nəzərdə tutulduğu halda, Təşkilatçı lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşunun dəyərinin pul ekvivalentini ona ödəməlidir.
8.11. Təşkilatçı tərəfindən lotereya iştirakçısına uduşun ödənilməsi zamanı lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənəd və lotereya biletinin (və onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) uduşlu olması yoxlanılmalıdır.
8.12. 18 yaşına çatmayan şəxslərə uduşların ödənilməsi qadağandır.
8.13. Uduşların lotereya iştirakçısına əvvəlcədən ödənilmiş kartlar vasitəsilə ödənilməsi tələbləri “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları” əsasında həyata keçirilir.
8.14. Uduşu ödənilmiş lotereya biletləri Təşkilatçı tərəfindən (uduşu ödənilmiş elektron biletlər informasiya sisteminin verilənlər bazasında) 3 (üç) il ərzində saxlanmalıdır.
8.15. Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması barədə tiraj komissiyasından məlumat aldıqda, Təşkilatçı Palata tərəfindən müvafiq qərar qəbul edilənədək uduşların verilməsini (ödənilməsini) dayandırmalıdır.
9.1. Lotereyalar haqqında qanunvericiliyin tələblərinin və ya lotereyanın şərtlərinin Təşkilatçı tərəfindən pozulması aşkar edildikdə, Palata həmin pozuntuların aradan qaldırılması üçün ona xəbərdarlıq edir və ya lotereyanın dayandırılması barədə qərar qəbul edir.
9.2. Təşkilatçı lotereyanın dayandırılması barədə bildirişi və ya xəbərdarlığı aldığı tarixdən etibarən 20 (iyirmi) iş günü ərzində aşkar edilmiş pozuntuları aradan qaldırmalı və bu barədə Palataya məlumat verməlidir.
9.3. Palata pozuntuların aradan qaldırılması barədə Təşkilatçıdan məlumat aldıqda, 5 (beş) iş günündən gec olmayaraq lotereyanın bərpa edilməsi və ya aradan qaldırılmamış pozuntular göstərilməklə, lotereyanın dayandırılmasının qüvvədə saxlanılması barədə Təşkilatçıya yazılı bildiriş göndərir.
9.4. Təşkilatçı aşkar olunmuş pozuntuları bu Qaydanın 9.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda və ya onların aradan qaldırılması barədə məlumatı təqdim etmədikdə, Palata lotereyanın keçirilməsinə xitam verilməsi barədə məhkəmədə vəsatət qaldıra bilər.
9.5. Palata aşağıdakı hallar baş verdikdə lotereyanın keçirilməsinə xitam verir:
9.5.1. Təşkilatçı lotereyanın keçirilməsinə xitam verilməsi barədə ərizə ilə Palataya müraciət etdikdə;
9.5.2. Təşkilatçı ləğv edildikdə;
9.5.3. məhkəmənin qərarı olduqda.
9.6. Təşkilatçı stimullaşdırıcı lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə bildirişi aldıqda, bu barədə məlumatı 1 (bir) iş günü ərzində kütləvi informasiya vasitələri ilə elan etməlidir.
9.7. Stimullaşdırıcı lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə Təşkilatçı tərəfindən verilən elanda aşağıdakılar göstərilməlidir:
9.7.1. Təşkilatçının tam adı;
9.7.2. lotereyanın adı və növü;
9.7.3. lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul edən orqanın adı;
9.7.4. lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas;
9.7.5. keçirilməsi baş tutmamış tirajın nömrəsi və onun uduş fondunun oynanılması nəzərdə tutulduğu tarix.
9.8. Lotereya dayandırıldıqda və ya onun keçirilməsinə xitam verildikdə, həmin lotereyada iştirak etmək barədə istənilən formada təkliflərin edilməsi qadağandır.
9.9. Lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi Təşkilatçını oynanılmış uduşların verilməsi (ödənilməsi) vəzifəsindən azad etmir.
10.1. Lotereyaların reklamının sifarişçisi qismində Təşkilatçı çıxış edir. Reklam lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) üzərində yerləşdirilə bilər.
10.2. Lotereyada udan şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz.
10.3. Lotereyaların reklamında aşağıdakılar qadağandır:
10.3.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;
10.3.2. lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;
10.3.3. lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi;
10.3.4. lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.
10.4. Lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
10.5. Lotereyanın reklamında həmin lotereyanın keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir.
10.6. Lotereya biletlərinin sahiblərinə uduş qismində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilər, tütün və tütün məmulatları təklif oluna bilməz.
10.7. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin, tütün və tütün məmulatlarının satışını stimullaşdırmaq məqsədi ilə lotereyaların keçirilməsi qadağandır.
10.8. Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə olunmamış stimullaşdırıcı lotereyaların reklamına yol verilmir.
Lotereyaların təşkili və keçirilməsinə nəzarət Təşkilatçı tərəfindən təqdim edilmiş hesabatlar və Palata tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada yerində yoxlamalar əsasında həyata keçirilir.
12.1. Təşkilatçı aşağıdakı məlumat və hesabatları Palataya təqdim edir:
12.1.1. tirajın uduş fondunun oynanılmasına azı 30 (otuz) dəqiqə qalmış (elektron lotereyalarda uduş fondunun başlanılması anınadək) – lotereyanın uduş fondunun formalaşdırılmasını təsdiq edən sənədlərin nüsxələri;
12.1.2. tirajın uduş fondunun oynanılmasına azı 30 (otuz) dəqiqə qalmış (elektron lotereyalar istisna olmaqla) – lotereya biletləri haqqında hesabat (Əlavə №2);
12.1.3. uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış – tiraj komissiyasının üzvləri haqqında məlumat (Əlavə №3);
12.1.4. tirajın uduş fondunun oynanılması başa çatdığı tarixdən etibarən 5 (iş) iş günündən gec olmayaraq - tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında tiraj komissiyası tərəfindən tərtib olunmuş aktın bir nüsxəsi (Əlavə №4).
12.2. Lotereya biletləri haqqında hesabatda aşağıdakılar göstərilməlidir:
12.2.1. Təşkilatçının tam adı;
12.2.2. lotereyanın adı, növü və tirajın nömrəsi;
12.2.3. tirajın uduş fondunun oynanılması tarixi və vaxtı;
12.2.4. uduş fondunun oynanılmasında iştirak edən lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) sayı və identifikasiya nömrələri.
12.3. Tiraj komissiyasının üzvləri haqqında məlumatda aşağıdakılar göstərilməlidir:
12.3.1. Təşkilatçının tam adı;
12.3.2. lotereyanın adı, növü və keçirilmə forması;
12.3.3. tirajın nömrəsi (lotereya bir neçə tirajdan ibarət olduqda) və uduş fondunun oynanılması tarixi;
12.3.4. tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və iş yeri.
12.4. Tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında aktda aşağıdakılar göstərilməlidir:
12.4.1. Təşkilatçının tam adı;
12.4.2. lotereyanın adı, növü və keçirilmə forması;
12.4.3. lotereyanın başlama və bitmə tarixi;
12.4.4. tirajın sıra nömrəsi (lotereya bir neçə tirajdan ibarət olduqda) və onun uduş fondunun oynanılması tarixi;
12.4.5. tirajın uduş fondunun oynanılmasının nəticələrinin dərc olunduğu kütləvi informasiya vasitəsinin adı və buraxılış tarixi;
12.4.6. lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) uduşlu olduğunu müəyyən etmək imkanı verən ardıcıl göstəricilər;
12.4.7. tiraj üzrə uduşlu lotereya biletlərinin identifikasiya nömrələri, yaxud uduşlu lotereya biletlərini (onlara bərabər tutulan digər məlumat daşıyıcılarını) və ya onların sahiblərini eyniləşdirmək imkanı verən digər göstəricilər və onların hər birinə düşən uduşlar;
12.4.8. tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı, iş yeri və imzası.
12.5. Bu Qaydanın 12.1-ci bəndində nəzərdə tutulmuş məlumat və hesabatlar Təşkilatçının icra orqanının rəhbər şəxsinin imza və möhürü və ya gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.
12.6. Təşkilatçı tərəfindən bu Qaydanın 12.1-ci bəndində qeyd olunan hesabat və məlumatlar tələb olunan müddətə Palataya təqdim olunmadıqda Təşkilatçıya Palata tərəfindən 3 (üç) iş günü müddətində icrası məcburi olan yazılı göstəriş verilir. Göstərişdə 7 (yeddi) iş günü ərzində hesabatlarla birgə onların vaxtında təqdim olunmama səbəbi barədə izahat verilməsi tələb edilir.
12.7. Palata tərəfindən hesabatların bu Qaydanın tələblərinə uyğunluğu yoxlanılır, çatışmazlıqlar aşkar edildikdə, hesabatlara müvafiq düzəlişlərin edilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstəriş verilir. Hesabatlardakı çatışmazlıqlar Təşkilatçıya bildirildikdən sonra 5 (beş) iş günü ərzində Təşkilatçı həmin çatışmazlıqları aradan qaldıraraq hesabatları və tələb olunan yazılı məlumatları yenidən Palataya təqdim edir.
12.8. Təşkilatçı tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada hesabatların təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
13.1. Palata lotereyaların təşkili və keçirilməsinin qanunvericiliyə uyğunluğunu yoxlamaq və lotereya iştirakçılarının hüquqlarını qorumaq məqsədi ilə lotereya ilə bağlı yerində yoxlama həyata keçirir.
13.2. Palata tərəfindən Təşkilatçıda yoxlamalar aparılan zaman “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinin tələbləri nəzərə alınır.
13.3. Yoxlama aşağıdakı hallarda aparılır:
13.3.1. Təşkilatçı tərəfindən təqdim edilmiş hesabatlarda yanlış və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
13.3.2. daxil olan şikayət(lər) və qanunazidd əməliyyatlar haqqında mənbəyi məlum olan məlumatlarla bağlı halların yerində yoxlanılması məqsədilə;
13.3.3. qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edildikdə;
13.3.4. tirajın uduş fondlarının oynanılmasının qanunvericiliyin tələblərinə uyğun keçirilməsinin yoxlanılması məqsədilə.
13.4. Yoxlama Palatanın qərarı ilə təsdiq edilən sənəd əsasında (imzalanmış yoxlama vəsiqəsi) həyata keçirilir. Yoxlama vəsiqəsində həmin qərarın nömrəsi və tarixi, Təşkilatçının adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, Təşkilatçının ünvanı, yoxlamanı həyata keçirəcək əməkdaş(lar)ın adı, ata adı, soyadı, vəzifəsi və yoxlamanın müddəti (başlama və başa çatma tarixləri qeyd edilməklə) və bu Qaydanın 13.3-cü bəndində göstərilmiş müvafiq hala istinad göstərilir. Yoxlama vəsiqəsi iki nüsxədə hazırlanır.
13.5. Yoxlama vəsiqəsinin bir nüsxəsi Təşkilatçıda, digər nüsxəsi isə Palatada qalır.
13.6. Yoxlamanın müddəti 5 (beş) iş günündən artıq olmamalıdır. Yoxlamanın müddəti yoxlama vəsiqəsinin Təşkilatçıya təqdim edildiyi gündən başlanmış hesab edilir və yoxlama haqqında hesabatın bu Qaydanın 13.9-cu bəndində nəzərdə tutulmuş qaydada Təşkilatçıya təqdim olunduğu gün başa çatmış hesab olunur.
13.7. Yoxlama zamanı Təşkilatçının səlahiyyətli şəxsləri Palatanın yoxlamada iştirak edən əməkdaşlarına öz vəzifə səlahiyyətlərinin icrası üçün lazımi şərait yaratmalı, informasiya və sənədləri təqdim etməli, habelə müvafiq informasiya sistemlərinə girişi təmin etməlidir. Yoxlamalar iş günü və Təşkilatçının iş vaxtı ərzində həyata keçirilir.
13.8. Yoxlamanın başa çatdığı gündən 3 (üç) iş günü ərzində yoxlamanın əhatə etdiyi məsələlər, aşkar olunmuş çatışmazlıq və pozuntulara dair yoxlama haqqında hesabat Palatanın yoxlamanı həyata keçirən əməkdaşları tərəfindən iki nüsxədə hazırlanır və imzalanır.
13.9. Yoxlama haqqında hesabat Palatanın yoxlamanı həyata keçirən əməkdaşları tərəfindən imzalandıqdan sonra həmin gün ərzində onun bir nüsxəsi Təşkilatçıya imzalanmaq üçün kağız daşıyıcıda təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir, digər nüsxəsi isə Palatada qalır.
13.10. Təşkilatçı yoxlama haqqında hesabatı aldığı gündən 5 (beş) iş günü ərzində onunla tanış olur və imzalayaraq Palataya təqdim edir.
13.11. Yoxlama haqqında hesabatın nüsxəsi bu müddətdə Palataya təqdim olunmadıqda, Palatada qalan nüsxədə bu barədə qeyd aparılır.
13.12. Təşkilatçı hesabatda əks olunan nəticələrlə razı olmadıqda, yoxlama haqqında hesabatı imzalayaraq, hesabata ona dair izahatını əlavə edir.
| “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”na Əlavə № 1
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına _______________________________________ _____________________________ tərəfindən | ||
|
| ||
|
| ||
B İ L D İ R İ Ş __________________________________________________________________________________ (lotereya təşkilatçısının olduğu yer) __________________________________________________________________________________ (lotereya təşkilatçısının tam adı) __________________________________________________________________________________ (lotereyanın adı və növü)
keçirilməsi barədə sənədləri Sizə təqdim edirik. Xahiş edirik baxasınız. Vəzifəli şəxsin adı, soyadı: __________________________/ _______________________ / Adı, soyadı İmza
Vəzifəli şəxsin vəzifəsi: ________________________________
| |||
|
|
|
|
Tarix: /___ /_________ /20___ -__ il |
| M.Y. |
|
|
|
|
|
| “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”na Əlavə № 2 | ||||||||||
|
| ||||||||||
|
| ||||||||||
Lotereya biletləri haqqında hesabat
Lotereya təşkilatçısının tam adı:_____________________________________________________ Lotereyanın adı, növü və tirajın nömrəsi:_____________________________________________ Tirajın uduş fondunun oynanılması tarixi və vaxtı;_____________________________________ Uduş fondunun oynanılmasında iştirak edən (satılmış) lotereya biletlərinin sayı________________________________________
Vəzifəli şəxsin __________________/ _________________ /___________________/ (Adı, soyadı) (Vəzifəsi) (İmza)
| |||||||||||
|
|
|
| ||||||||
|
| M.Y. |
| ||||||||
|
|
|
|
| “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”na Əlavə № 3 | ||
|
| ||
|
| ||
Tiraj komissiyasının üzvləri haqqında məlumat
Lotereya təşkilatçısının tam adı:_____________________________________________________ Lotereyanın adı, növü və keçirilmə forması:___________________________________________ Tirajın nömrəsi (lotereya bir neçə tirajdan ibarət olduqda) və onun uduş fondunun oynanılması tarixi:__________________________________
Tiraj komissiyasının üzvləri
1.__________________ / ___________________ /___________________ /____________________/ (Adı) (Ata adı) (Soyadı) (İşlədiyi yer) 2.__________________ / ___________________ /___________________ /____________________/ 3.__________________ / ___________________ /___________________ /____________________/ 4.__________________ / ___________________ /___________________ /____________________/ 5.__________________ / ___________________ /___________________ /____________________/ | |||
| |||
| |||
Vəzifəli şəxsin adı, soyadı: _________________/ ________________ /__________________/ (Adı, soyadı) (Vəzifəsi) (İmza) | |||
| |||
|
|
|
|
|
| M.Y. |
|
|
|
|
|
| “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”na Əlavə № 4 | |||||||||||
|
| |||||||||||
|
| |||||||||||
Tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında akt
Lotereya təşkilatçısının tam adı:_____________________________________________________ Lotereyanın adı, növü və keçirilmə forması:___________________________________________ Lotereyanın başlama və bitmə tarixi:_________________________________________________ Tirajın sıra nömrəsi (lotereya bir neçə tirajdan ibarət olduqda) və onun uduş fondunun oynanılması tarixi:__________________________________ Tirajın uduş fondunun oynanılmasının nəticələrinin dərc olunduğu kütləvi informasiya vasitələrinin adı və buraxılış tarixi:________________________ Lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) uduşlu olduğunu müəyyən etmək imkanı verən ardıcıl göstəricilər:______________________
Tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı, iş yeri və imzası 1.__________________ / ___________________ /___________________ /____________________/ 2.__________________ / ___________________ /___________________ /____________________/ 3.__________________ / ___________________ /___________________ /____________________/ 4.__________________ / ___________________ /___________________ /____________________/ 5.__________________ / ___________________ /___________________ /____________________/ | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Vəzifəli şəxsin adı, soyadı: _________________/ ________________ /__________________/ Adı, soyadı Vəzifəsi İmza | ||||||||||||
| ||||||||||||
|
|
|
| |||||||||
| M.Y. |
|
| |||||||||
|
|
|
|