Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
QƏRAR
№ 1951100022
Bakı şəhəri “02” may 2019-cu il
“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılmış fəaliyyətin yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti
QƏRARA ALIR:
1. “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılmış fəaliyyətin yoxlanılmasıQaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
İdarə Heyətinin sədri
vəzifəsini icra edən,
İbrahim Alışov
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatası
Qərar № 1951100022
“02” may 2019-cu il
İdarə Heyətinin sədri vəzifəsini icra edən
______________________
İbrahim Alışov
Qiymətli kağızlar bazarında lisenziyalaşdırılmış fəaliyyətin yoxlanılması
Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 4 mart 2016-cı il tarixli 145-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) tərəfindən investisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarının (bundan sonra – lisenziyalaşdırılan şəxs) fəaliyyətinin yoxlanılması qaydasını müəyyən edir.
1.2. Palata tərəfindən lisenziyalaşdırılan şəxslərdə aparılan yoxlamaların əsas məqsədi onların fəaliyyətində Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı haqqında qanunvericiliyinə, o cümlədən Palatanın normativ xarakterli aktlarına riayət edilməsinin, aparılmış uçotun düzgünlüyünün, risklərin idarə edilməsinin, daxili nəzarət sisteminin səmərəliliyinin, lisenziyalaşdırılan şəxslərin maliyyə sabitliyinin araşdırılması, maliyyə vəziyyətinin və fəaliyyətinin perspektivlərinin yerində qiymətləndirilməsi, həmçinin investorların hüquqlarının pozulması hallarının aşkar edilməsidir.
1.3. Palata tərəfindən lisenziyalaşdırılan şəxslərdə yoxlamalar aparılan zaman “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinin tələbləri nəzərə alınır.
2. Anlayışlar
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. hərtərəfli (kompleks) yoxlama – lisenziyalaşdırılan şəxsin ümumi vəziyyətinin, o cümlədən kapital, aktivlər, idarəetmə, gəlir, likvidlik və riskə həssaslıq kоmpоnеntlərinin qiymətləndirilməsi, habelə onun fəaliyyətinin qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə uyğunluğunu müəyyən etmək üçün lisenziyalaşdırılan şəxsin fəaliyyətinin bütün sahələrini əhatə edən ətraflı yохlаmа;
2.1.2. məqsədli (tematik) yoxlama – lisenziyalaşdırılan şəxsin fəaliyyətinin konkret sahəsinə və ya növünə yönəldilmiş yoxlama.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – Qanun) verilən mənaları ifadə edir.
3. Yoxlamaların növləri
3.1. Lisenziyalaşdırılan şəxslərdə dövriliyinə görə növbəti və ya növbədənkənar yoxlama, əhatə dairəsinə görə isə hərtərəfli (kompleks) və ya məqsədli (tematik) yoxlamalar aparılır. Növbəti yoxlama hərtərəfli, növbədənkənar yoxlama isə hərtərəfli və ya məqsədli olur.
3.2. Palata tərəfindən lisenziyalaşdırılan şəxslərin növbəti yoxlanılması Palatanın müəyyən etdiyi qrafik üzrə 2 (iki) ildə bir dəfədən az olmayaraq aparılır. Növbəti il üçün növbəti yoxlamaların qrafiki hər il noyabr ayının 30-dək Palatanın İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir.
3.3. Palata tərəfindən lisenziyalaşdırılan şəxslərdə növbədənkənar yoxlamalar aşağıdakı hallarda aparılır:
3.3.1. lisenziyalaşdırılan şəxsin maliyyə vəziyyətinin pisləşməsi və davamlı kapital tələbləri göstəricilərində pozulma müşahidə edildikdə;
3.3.2. lisenziyalaşdırılan şəxs tərəfindən təqdim edilmiş hesabatlarda yanlış və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
3.3.3. daxil olan şikayət(lər) və qanunazidd əməliyyatlar haqqında mənbəyi məlum olan məlumatlarla bağlı halların yerində yoxlanılması məqsədilə;
3.3.4. təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların real xüsusiyyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə;
3.3.5. Qanuna əsasən verilmiş təqdimatların və ya icrası məcburi göstərişlərin icra vəziyyətinin yoxlanılması məqsədilə (bu halda Palata müvafiq təqdimatın və ya icrası məcburi göstərişin icrası üçün müəyyən edilmiş son tarixdən etibarən 60 (altmış) iş günündən gec olmayan müddətdə yoxlamaya başlayır);
3.3.6. Qanuna əsasən verilmiş təqdimata və ya icrası məcburi göstərişlərin səbəb olmuş hallar, həmin təqdimat və ya icrası məcburi göstərişin verildiyi tarixdən 2 (iki) il ərzində yenidən aşkar edildikdə;
3.3.7. qanunvericiliyin pozulması faktlarının araşdırılmasına zərurət yarandıqda;
3.3.8. məhkəmənin qüvvəyə minmiş qərarlarına əsasən.
3.4. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş hallardan biri və ya bir neçəsi baş verdikdə, Palatanın kapital bazarına nəzarət funksiyasını yerinə yetirən struktur bölməsinin rəhbərinin müraciəti əsasında Palatanın İdarə Heyətinin sədri tərəfindən növbədənkənar yoxlamaların aparılması barədə qərar qəbul edilir.
3.5. Yoxlamalar Palatanın kapital bazarına nəzarət funksiyasını yerinə yetirən struktur bölməsi tərəfindən həyata keçirilir. Zərurət olduqda, yoxlamaya Palatanın digər struktur bölmələrinin mütəxəssisləri cəlb oluna bilər.
4. Yoxlamaların təşkili
4.1. Lisenziyalaşdırılan şəxsin yoxlanılmasına başlanmazdan öncə lisenziyalaşdırılan şəxsdə aparılacaq yoxlamanın növü və əhatə ediləcək sahələr, habelə yoxlamanın başlama tarixi, əhatə etdiyi dövr və yoxlama ilə bağlı digər məsələlər müəyyən edilir.
4.2. Palata tərəfindən növbədənkənar yoxlamanın aparılması lisenziyalaşdırılan şəxsə əvvəlcədən yoxlamanın aparılması barədə məlumat verilməklə və ya məlumat verilmədən həyata keçirilə bilər.
4.3. Lisenziyalaşdırılan şəxsin maliyyə vəziyyətinin pisləşməsi, davamlı kapital tələblərinin pozulması, öhdəliklərin və ödənişlərin icra edilməməsi, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi hallarının araşdırılması məsələləri ilə bağlı yoxlamalar Palata tərəfindən lisenziyalaşdırılan şəxsə əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilə bilər.
4.4. Lisenziyalaşdırılan şəxslərin yoxlanılması üçün yoxlama qrupu Palatanın kapital bazarına nəzarət fəaliyyətinə məsul İdarə Heyətinin üzvünün təklifi ilə İdarə Heyətinin sədri tərəfindən formalaşdırılır və bu Qaydanın 1 saylı Əlavəsində müəyyən edilmiş yoxlama vəsiqəsi ilə rəsmiləşdirilir. Qrupun tərkibi və qrup üzvlərinin sayı yoxlamanın növü və görüləcək işin həcmindən asılıdır.
4.5. Yoxlama qrupuna daxil olan şəxslərin yoxlanılacaq lisenziyalaşdırılan şəxsə aidiyyəti olan şəxslərlə birbaşa və ya dolayı yolla yaxın qohumluq əlaqələri və yoxlanılacaq lisenziyalaşdırılan şəxsin fəaliyyətindən gəlir əldə etmək maraqları olmamalıdır. Yaxın qohum dedikdə, valideynlər, babalar, nənələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürənlər, ər-arvad, uşaqlar və nəvələr başa düşülür.
4.6. Yoxlamadan öncə və ya yoxlama zamanı belə əlaqələri və maraqları olan şəxslər Palatanın İdarə Heyətinin məsul üzvü və ya sədrinə məlumat verir, yoxlama qrupunun tərkibindən kənarlaşdırılır, habelə yoxlama haqqında hesabatın həmin şəxslərin iştirakı ilə tərtib edilmiş hissəsi etibarsız hesab edilir.
4.7. Yoxlama qrupunun üzvünün dəyişdirilməsi Palatanın İdarə Heyətinin sədrinin yoxlama vəsiqəsinə əlavələri vasitəsilə rəsmiləşdirilir və dərhal lisenziyalaşdırılan şəxsə təqdim edilir.
4.8. Yoxlama qrupuna onun rəhbəri başçılıq edir. Yoxlama qrupunun rəhbəri növbəti yoxlamanın başlanmasına ən azı 5 (beş) iş günü, növbədənkənar yoxlamalarda isə təxirəsalınmadan təyin edilir.
4.9. Yoxlama qrupunun rəhbəri yoxlama tapşırığını və qrupun iş planını hazırlayır. Yoxlama tapşırığında lisenziyalaşdırılan şəxslərin fəaliyyətinin yoxlanılacaq sahələri müəyyən edilir. Qrupun iş planı hər bir qrup üzvünün vəzifə bölgüsünü və yoxlama zamanı qrupun fəaliyyət proqramını əks etdirir. İş planında bu və ya digər məsələlərin həlli üçün lazım olan vaxt planlaşdırılır və bölüşdürülür.
4.10. Yoxlama tapşırığı və qrupun iş planı Palatanın kapital bazarına nəzarət funksiyasını yerinə yetirən struktur bölməsinin rəhbəri tərəfindən təsdiqlənir.
4.11. Yoxlama qrupunun rəhbəri və ya onun tərəfindən müvəkkil edilmiş şəxsyoxlama üçün zəruri olan sənədlərin hazırlanması məqsədilə yoxlanılacaq (xəbərdarlıq edilmədən yoxlamalar istisna olmaqla) lisenziyalaşdırılan şəxsin icra orqanının rəhbəri və ya müvafiq sahəyə kuratorluq edən şəxs ilə əlaqə yaradır.
4.12. Lisenziyalaşdırılan şəxslərə növbəti yoxlamanın başlanmasından ən azı 10 (on) iş günü əvvəl, növbədənkənar yoxlama zamanı isə (bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq xəbərdarlıq edilmədən aparılan yoxlamalar istisna olmaqla) təxirəsalınmadan Palatanın İdarə Heyətinin sədri və ya üzvü tərəfindən imzalanmış yazılı bildiriş təqdim edilir. Bildirişdə yoxlamanın tarixi, növü və əhatə etdiyi dövr göstərilir.
4.13. Yoxlama qrupunun rəhbəri yoxlama vəsiqəsini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın lisenziyalaşdırılan şəxsin icra orqanının rəhbərinə və ya müvafiq sahəyə kuratorluq edən şəxsə təqdim edir. Həmin şəxs vəsiqədə onun qəbulunu təsdiqləyən qeyd aparır, imzalayır və surətini yoxlama qrupunun rəhbərinə təqdim edir.
4.14. Yoxlama müddəti bitdikdən sonra yoxlama qrupunun rəhbəri tərəfindən “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları”na müvafiq olaraq növbədənkənar yoxlamalar üzrə yığımların alınması üçün lisenziyalaşdırılan şəxsə yoxlamanın həyata keçirilməsinə dair 2 nüsxədə bu Qaydanın 2 saylı Əlavəsində müəyyən edilmiş formada akt təqdim edilir. Akt lisenziyalaşdırılan şəxsin müvafiq səlahiyyətli şəxsi tərəfindən imzalanır. İmzalanmış aktın bir nüsxəsi yoxlama qrupunun rəhbərinə qaytarılır və qeyd olunan akt əsasında yoxlanılan lisenziyalaşdırılan şəxsə Palata tərəfindən hesab-faktura təqdim edilir. Nəzarət subyekti aktı imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən həmin aktda müvafiq qeydlər aparılır.
4.15. Növbəti yoxlamanın dövriliyi lisenziyalaşdırılan şəxsdə aparılmış son növbəti yoxlamanın başa çatdığı tarixdən növbəti yoxlamaya qədər olan müddət hesab olunur.
4.16. Lisenziyalaşdırılan şəxslərin yoxlanılması prosesi yoxlama vəsiqəsinin və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın lisenziyalaşdırılan şəxsin icra orqanının rəhbərinə və ya müvafiq sahəyə kuratorluq edən şəxsə təqdim olunduğu gündən başlanmış hesab olunur.
4.17. Lisenziyalaşdırılan şəxsin yoxlanılması 45 (qırx beş) iş gününədək olan müddətdə həyata keçirilir. Yoxlamaların müddəti Palatanın İdarə Heyətinin sədri tərəfindən 30 (otuz) iş gününədək uzadıla bilər.
4.18. Yoxlamalar iş günü və lisenziyalaşdırılan şəxsin iş vaxtı ərzində keçirilir.
4.19. Bu Qaydanın 4.17-ci bəndi nəzərə alınmaqla, lisenziyalaşdırılan şəxsin yoxlanılması prosesi yoxlama qrupu tərəfindən imzalanmış yoxlama haqqında hesabatın bu Qaydanın 7.7-ci bəndində nəzərdə tutulmuş qaydada lisenziyalaşdırılan şəxsə təqdim olunduğu gün başa çatmış hesab olunur.
4.20. Lisenziyalaşdırılan şəxsin rəhbər vəzifə tutan şəxsləri, o cümlədən daxili struktur bölmələrinin rəhbərləri yoxlama vəsiqəsi təqdim olunduğu andan yoxlamanın həyata keçirilməsinə şərait yaradır. Yoxlamanın ilk günü lisenziyalaşdırılan şəxsin icra orqanının rəhbəri və ya müvafiq sahəyə kuratorluq edən şəxs yoxlama qrupunun üzvlərini qəbul edir, onların səlahiyyətləri ilə tanış olur və onları lisenziyalaşdırılan şəxsin rəhbər işçilərinə təqdim edir.
4.21. Yoxlama qrupu yoxlamanın bu Qayda ilə müəyyən olunmuş müddət və səlahiyyətlər daxilində aparılmasını təmin edir.
5. Yoxlama qrupu üzvlərinin hüquq və vəzifələri
5.1. Yoxlama qrupunun üzvləri aşağıdakı hüquqlara malikdir:
5.1.1. lisenziyalaşdırılan şəxsə, onun filial və nümayəndəliklərinə, habelə onun törəmə cəmiyyətlərinə daxil olmaq və onların hesabatlarını, mühasibat və ticarət kitablarını, əməliyyatların uçotunu, sənədlərini, o cümlədən reqlamentini (əsasnamə, qaydalar və prosedurlar) və digər uçot yazılarını, mühasibat uçotu proqramlarında və başqa məlumat daşıyıcılarında olan məlumatları əldə etmək, yoxlamaq və onlara dair lisenziyalaşdırılan şəxsin və onun törəmə cəmiyyətinin icra orqanı və əməkdaşlarından izahat tələb etmək;
5.1.2. lisenziyalaşdırılan şəxsin icra orqanından və əməkdaşlarından həmin qurumların idarə edilməsinə və cari fəaliyyətinə, o cümlədən müştərilərin əməliyyatlarına, mühüm iştirak payına malik olan şəxslər və lisenziyalaşdırılan şəxsə aidiyyəti olan şəxslərə aid istənilən məsələ barəsində bütün lazımi informasiyanı tələb etmək;
5.1.3. lisenziyalaşdırılan şəxsdən sənədlərin əslinin təqdim edilməsini tələb etmək, müvafiq sənədlərin surətini götürmək;
5.1.4. lisenziyalaşdırılan şəxsdən avtomatlaşdırılmış əməliyyat, mühasibat və idarəedici informasiya sistemlərinə əməliyyat aparma imkanı olmadan baxış rejimində çıxış əldə etmək;
5.1.5. lisenziyalaşdırılan şəxsin icra orqanı və ya müvafiq sahəyə kuratorluq edən şəxs və əməkdaşları ilə yoxlanılan məsələlər barədə müzakirələr aparmaq;
5.1.6. aşağıda göstərilən şəxslərə yazılı sorğu verməklə yoxlamanın aparılması üçün lazım olan sənədləri, məlumatları, rəyləri, izahatları, arayışları əldə etmək:
5.1.6.1. lisenziyalaşdırılan şəxsin rəhbər və digər işçilərinə;
5.1.6.2. lisenziyalaşdırılan şəxsin törəmə cəmiyyətlərinə, ona əhəmiyyətli nəzarəti həyata keçirən və ya onun əhəmiyyətli nəzarəti həyata keçirdiyi şəxslərə, mühüm iştirak payının sahiblərinə, asılı cəmiyyətlərə;
5.1.6.3. lisenziyalaşdırılan şəxsin auditini aparan və ya aparmış auditorlara.
5.2. Yoxlama qrupunun üzvləri yoxlamanı apararkən aşağıdakı vəzifələri həyata keçirir:
5.2.1. qrupun iş planında əks olunan vəzifələrə uyğun olaraq yoxlamalar aparır;
5.2.2. yoxlamanın həyata keçirilməsi ilə bağlı lisenziyalaşdırılan şəxsin rəhbərinə yoxlama vəsiqəsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim edir;
5.2.3. yoxlama zamanı səlahiyyətlərinin aşmasına yol vermir;
5.2.4. yoxlama zamanı öz fəaliyyəti ilə lisenziyalaşdırılan şəxsin cari fəaliyyətinə maneə yaratmır;
5.2.5. lisenziyalaşdırılan şəxsin sənədlərinin, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunmasını təmin edir;
5.2.6. öz sahəsi üzrə nəticələri yazılı formada rəsmiləşdirir;
5.2.7. vəzifələrinin keyfiyyətli və vaxtında yerinə yetirilməsinə fərdi məsuliyyət daşıyır;
5.2.8. lisenziyalaşdırılan şəxsin əməkdaşlarına öz hərəkətlərinin səbəblərini izah etmək üçün imkan yaradır;
5.2.9. hər hansı münaqişənin yaranmasının qarşısını alır.
6. Lisenziyalaşdırılan şəxsinhüquq və vəzifələri
6.1. Fəaliyyətinin yoxlanılması zamanı lisenziyalaşdırılan şəxs öz qanuni təmsilçisinin şəxsində aşağıdakı hüquqlara malikdir:
6.1.1. yoxlama qrupunun üzvlərindən yoxlamanın həyata keçirilməsi üçün əsas sayılan sənədi tələb etmək, onların şəxsiyyətlərini təsdiq edən sənədlərlə tanış olmaq;
6.1.2. yoxlamaya aid olmayan şəxsləri yoxlamaya buraxmaqdan imtina etmək;
6.1.3. yoxlamanın nəticələrini yoxlama qrupunun üzvləri ilə müzakirə etmək və onlara dair münasibət bildirmək;
6.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaların nəticələrindən şikayət etmək.
6.2. Lisenziyalaşdırılan şəxsin rəhbər vəzifə tutan şəxsləri yoxlamanı həyata keçirmək üçün yoxlama qrupunun üzvlərinə lazım olan bütün material və sənədləri təxirəsalınmadan təqdim edir və yoxlama prosesində aşağıdakı vəzifələri həyata keçirir:
6.2.1. yoxlama qrupunun işinin təmin edilməsi üçün lisenziyalaşdırılan şəxsdə ayrıca yer ayırır və yoxlama sənədlərinin qorunmasını, habelə yoxlamanın aparılması üçün tələb olunan internet şəbəkəsinə çıxışı olan kompüter, surətçıxarma və digər avadanlıqlardan istifadə imkanının yaradılmasını təmin edir;
6.2.2. lisenziyalaşdırılan şəxsin müvafiq əməkdaşlarından birini yoxlama qrupu üzrə koordinator təyin edir və yoxlama keçirilən zaman yaranan bütün məsələləri çevik şəkildə həll edir;
6.2.3. yoxlama qrupunun üzvlərinin bu Qayda ilə müəyyən olunmuş hüquqlarını həyata keçirməsi və vəzifələrinin yerinə yetirməsi üçün digər zəruri tədbirləri görür.
7. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi
7.1. Yoxlama başa çatdıqdan sonra yoxlama qrupu lisenziyalaşdırılan şəxsin icra orqanının rəhbəri, habelə yoxlamanın əhatə etdiyi sahəyə cavabdeh olan əməkdaşları ilə yoxlama nəticəsində aşkar edilmiş faktlar ilə bağlı yekun müzakirə aparır.
7.2. Lisenziyalaşdırılan şəxsdə həyata keçirilən hər bir yoxlamanın nəticələri yazılı şəkildə iki nüsxədə tərtib olunmuş yoxlama haqqında hesabatda əks olunur. Yoxlama haqqında hesabat bu Qaydanın 4.17-ci bəndinə əsasən yoxlama başa çatdıqdan sonra 15 (on beş) təqvim günü ərzində tərtib edilir.
7.3. Yoxlama haqqında hesabat oxunaqlı və aydın olmalıdır. Nəticələr dəqiq faktlara və rəqəmlərə əsaslanmalıdır.
7.4. Yoxlama haqqında hesabata yoxlamanın əhatə etdiyi sahələr, yoxlanılan dövr ərzində bu sahələrdə baş vermiş dəyişikliklər, aşkar olunmuş qanun pozuntuları, nöqsan və çatışmazlıqlar haqqında müfəssəl və icmal məlumatlar, lisenziyalaşdırılan şəxsin maliyyə və əməliyyat fəaliyyətinin nəticələri, lisenziyalaşdırılan şəxsin rəhbərliyinin diqqət yetirməli olduğu sahələr daxil edilir.
7.5. Yoxlama haqqında hesabata aşkar olunmuş qanun pozuntuları, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün lisenziyalaşdırılan şəxs tərəfindən görülməli olan tədbirlər, icra müddətləri və görüləcək tədbirlər üzrə məsul şəxslər barədə təkliflər daxil edilə bilər.
7.6. Yoxlama haqqında hesabatın bütün vərəqələri nömrələnir və onun bütün səhifələri yoxlama qrupunun bütün üzvləri tərəfindən imzalanır.
7.7. Yoxlama haqqında hesabatın bir nüsxəsi yoxlama qrupunun rəhbəri tərəfindən lisenziyalaşdırılan şəxsin müvafiq əməkdaşına təqdim edilir və ya poçt vasitəsilə çatdırılır. Yoxlama haqqında hesabatın digər nüsxəsi Palatada saxlanılır.
7.8. Lisenziyalaşdırılan şəxsin səlahiyyətli nümayəndəsi 5 (beş) iş günü ərzində yoxlama haqqında hesabatla tanış olur və onu imzalayaraq Palataya təqdim edir. Lisenziyalaşdırılan şəxsin səlahiyyətli nümayəndəsi yoxlama haqqında hesabatı almaqdan və (və ya) onu imzalamaqdan bu müddətdə imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama haqqında hesabatda müvafiq qeydlər aparılır. Yoxlama aktının lisenziyalaşdırılan şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaması Palata tərəfindən lisenziyalaşdırılan şəxs ilə bağlı Qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini dayandırmır.
7.9. Yoxlama haqqında hesabatın lisenziyalaşdırılan şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması lisenziyalaşdırılan şəxsin yoxlama haqqında hesabatın məzmunu ilə tanış olması faktını təsdiq edir. Yoxlama haqqında hesabatın lisenziyalaşdırılan şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması faktı lisenziyalaşdırılan şəxsin yoxlama haqqında hesabatın məzmunu ilə razılığını bildirmir.
7.10. Lisenziyalaşdırılan şəxs yoxlama haqqında hesabatın məzmunu ilə razılaşmadığı halda, yoxlama haqqında hesabatı imzalamaqla və müvafiq qeyd aparmaqla öz izah, irad və etirazını bildirə bilər.
7.11. Yoxlama qrupu ilə lisenziyalaşdırılan şəxs arasında yoxlamanın nəticələri barədə fikir ayrılığı və lisenziyalaşdırılan şəxsin etirazı olduqda Palatada bununla bağlı müzakirələr təşkil oluna bilər. Müzakirələrin nəticələrinə müvafiq olaraq yoxlama haqqında hesabata əlavə və dəyişikliklər edilə bilər.
7.12. Palata yoxlamanın nəticələri ilə bağlı yekun qərarını bu Qaydanın 7.8-ci bəndində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 10 (on) təqvim günü müddətində qəbul edir və bu barədə lisenziyalaşdırılan şəxsə yazılı məlumat göndərir.
7.13. Yoxlama haqqında hesabat Palatanın icazəsi olmadan açıqlana bilməz. Yoxlamanın nəticələri üzrə məhkəməyə şikayət verildiyi və məhkəmə qərarları olduğu hallar istisna olmaqla, yoxlama haqqında hesabatla yalnız lisenziyalaşdırılan şəxsin icra orqanı və ya müvafiq sahəyə kuratorluq edən şəxs, yoxlanılan struktur bölmənin əməkdaşları tanış ola bilər.
8. Yekun müddəalar
Palata tərəfindən lisenziyalaşdırılan şəxslərin fəaliyyətinin yoxlanılmasına cəlb edilmiş kənar auditorlar yoxlamanı Palatanın təqdim etdiyi yoxlama vəsiqəsinə və bu Qaydanın tələblərinə müvafiq olaraq həyata keçirir.
“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılmış fəaliyyətin yoxlanılması Qaydası”na Əlavə 1
Yoxlama vəsiqəsi
№____ “__” _______ 20 __- __ il
Yoxlama qrupunun rəhbərinə ______________________________________________________________________________ (soyadı, adı, ata adı) ______________________________________________________________________________ Yoxlama qrupunun üzvlərinə ______________________________________________________________________________ (soyadı, adı, ata adı) ______________________________________________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 4 mart 2016-cı il tarixli 145-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq (lisenziyalaşdırılan şəxsin tam adı)_________________ (növbəti və ya növbədənkənar) ___________ (hərtərəfli və ya məqsədli) _____________ yoxlamanın keçirilməsi tapşırılır. Yoxlama “___” _______ 20__-__ ildən ildən “___” ______ 20__-__ ilədək olan dövrü əhatə edir və bu Vəsiqə “___” ________ 20__-__ il tarixinədək etibarlıdır.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri ___________________________ (Adı, soyadı, imzası)
M.Y. |
“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılmış fəaliyyətin yoxlanılması Qaydası”na Əlavə 2
Növbədənkənar yoxlamanın həyata keçirilməsinə dair AKT _____________ “__” ___________ 20__ il (ünvan) Biz aşağıda imza edənlər, _______________________________________________________ (yoxlama qrupunun rəhbəri və üzvləri*) və ______________________________________________________________ bu aktı ondan (müvafiq nəzarət subyektinin müvafiq səlahiyyətli şəxsi) ötrü tərtib etdik ki, həqiqətən də aşağıdakı cədvəldə göstərilən dövr ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ___________________________
nömrəli,_____________ tarixli yoxlama vəsiqəsinə əsasən____________________________ (nəzarət subyektinin adı) _________________________ yoxlama aparılmışdır. (hərtərəfli və ya tematik)
Müvafiq nəzarət subyektinin Yoxlama qrupunun müvafiq səlahiyyətli şəxsi rəhbəri və üzvləri
______________________ ____________________ (soyadı, adı və imzası) (soyadı, adı və imzası)
M.Y.
* - Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı olan yoxlama qrupunun rəhbəri və üzvləri nəzərdə tutulur. |