5 AZN (2006)
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər
  • Mühafizə elementləri
  • Video

5 MANAT nominallı kağız pul nişanı “yazı və ədəbiyyat” mövzusuna həsr olunmuşdur. Pul nişanının ön tərəfində görkəmli ədəbi simalar, qədim kitablar və dövlət himnindən parça, arxa tərəfində isə Azərbaycan-Avropa inteqrasiyasının xəritələrlə təsviri, Qobustan qaya heroqlifləri və Orxon – Yenisey əlifbası təsvir olunmuşdur.

Nominalı

5 manat

Rəngi

narıncı

Ölçüləri

127 mm x 70 mm

Dizayn mövzusu

yazı və ədəbiyyat

  • Nominalın gizli rəqəmi – pul nişanının ön tərəfinin sol yuxarı küncündə yerləşir. Pul nişanını üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirməklə mühafizə elementini görmək olar.
  • Su nişanı və işıqda görünən rəqəm - pul nişanını ön tərəfdən işığa tutduqda sol küncdə nominalın dizayn mövzusuna uyğun olaraq “kitab” və “lələk” təsvir olunan su nişanı və nominalın rəqəmi görünür.
  • İşıqda görünən MANAT – pul nişanını işığa tutduqda şaquli istiqamətdə MANAT yazısı olan mühafizə elementi görünür.
  • Möcüzəli rəqəm – pul nişanını ön tərəfdən üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirdikdə sol aşağı küncdə rəngini qızılıdan yaşıla dəyişən nominalın rəqəmini müşahidə etmək mümkündür.
  • Relyefli nominal – pul nişanının ön tərəfinə əl ilə toxunduqda müəyyən hissələrdə qabarıqlıq müşahidə olunur. Bu mühafizə elementi görmə qabiliyyəti zəif olanlar üçün nəzərdə tutulmuşdur.
  • Xüsusi dəqiq cizgilər – pul nişanını ön tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda xüsusi dəqiqliklə hazırlanmış cizgilər müşahidə olunur.
  • Mikromətn – pul nişanının ön tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda “MANAT” yazısını müşahidə etmək mümkündür.
  • Mürəkkəbsiz çap – pul nişanının ön tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda qabarıq “AMB” yazısını müşahidə etmək mümkündür.
  • Rənglərin bölgüsü – pul nişanının arxa tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda sol yuxarı küncdə nominalın rəqəminin üzərində rənglərin dəqiq bölgüsünü müşahidə etmək mümkündür.
  • Metal sap – pul nişanının arxa tərəfində üzərində “MANAT” yazılmış mühafizə sapı yerləşir. Pul nişanını işığa tutduqda metal sap bütöv bir şəkildə düz xətt kimi görünür.
  • Xüsusi dəqiq cizgilər – pul nişanının arxa tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda xüsusi dəqiqliklə hazırlanmış cizgilər müşahidə olunur.
  • Mikromətn – pul nişanının arxa tərəfində yerləşən xəritəyə böyüdücü şüşə vasitəsilə baxdıqda “Azərbaycan Mərkəzi (Milli) Bankı” yazısını müşahidə etmək mümkündür.
  • Sehirli xətlər – pul nişanını arxa tərəfdən üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirdikdə rəngini dəyişən zolaqlar müşahidə olunur.
  • Surətçıxarmaya qarşı xətlər – pul nişanının arxa tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda xüsusi dəqiqliklə bölünmüş xətlər strukturunu müşahidə etmək olar.
  • Ultrabənövşəyi (UB) işıqda görünən elementlər – pul nişanına UB işıq altında baxdıqda nominalın müəyyən dizayn elementlərini müşahidə etmək olar.