50 AZN (2006)
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər
  • Mühafizə elementləri
  • Video

50 MANAT nominallı kağız pul nişanı “təhsil və gələcək” mövzusuna həsr olunmuşdur. Pul nişanının ön tərəfində gələcəyin timsalı gənclər, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi günəş, elm rəmzi kimyəvi və riyazi simvollar, arxa tərəfində isə Azərbaycan-Avropa inteqrasiyasının xəritələrlə təsviri və Qədim Azərbaycan xalçasının naxışları təsvir olunmuşdur.

Nominalı

50 manat

Rəngi

sarı

Ölçüləri

148 mm x 70 mm

Dizayn mövzusu

təhsil və gələcək

  • Nominalın gizli rəqəmi – pul nişanının ön tərəfinin sol yuxarı küncündə yerləşir. Pul nişanını üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirməklə mühafizə elementini görmək olar.
  • Su nişanı və işıqda görünən rəqəm - pul nişanını ön tərəfdən işığa tutduqda sol küncdə nominalın dizayn mövzusuna uyğun olaraq “pillələr” təsvir olunan su nişanı və nominalın rəqəmi görünür.
  • İşıqda görünən MANAT – pul nişanını işığa tutduqda şaquli istiqamətdə MANAT yazısı olan mühafizə elementi görünür.
  • Möcüzəli rəqəm – pul nişanını ön tərəfdən üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirdikdə sol aşağı küncdə rəngini qızılıdan yaşıla dəyişən nominalın rəqəmini müşahidə etmək mümkündür.
  • Relyefli nominal – pul nişanının ön tərəfinə əl ilə toxunduqda müəyyən hissələrdə qabarıqlıq müşahidə olunur. Bu mühafizə elementi görmə qabiliyyəti zəif olanlar üçün nəzərdə tutulmuşdur.
  • Xüsusi dəqiq cizgilər – pul nişanının ön tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda xüsusi dəqiqliklə hazırlanmış cizgilər müşahidə olunur.
  • Mikromətn – pul nişanının ön tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda “MANAT” yazısını müşahidə etmək mümkündür.
  • Mürəkkəbsiz çap – pul nişanının ön tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda qabarıq “AMB” yazısını müşahidə etmək mümkündür.
  • Holoqram – pul nişanını ön tərəfdən üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirdikdə sağ aşağı küncdə yerləşən mühafizə elementinin 3D (üç ölçülü) effektli “50” və “MANAT” yazılarının bir-birini əvəz etməsini müşahidə etmək mümkündür.
  • Rənglərin bölgüsü – pul nişanının arxa tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda sol yuxarı küncdə nominalın rəqəminin üzərində rənglərin dəqiq bölgüsünü müşahidə etmək mümkündür.
  • Metal sap – pul nişanının arxa tərəfində üzərində “MANAT” yazılmış mühafizə sapı yerləşir. Pul nişanını işığa tutduqda metal sap bütöv bir şəkildə düz xətt kimi görünür.
  • Xüsusi dəqiq cizgilər – pul nişanının arxa tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda xüsusi dəqiqliklə hazırlanmış cizgilər müşahidə olunur.
  • Mikromətn – pul nişanının arxa tərəfində yerləşən xəritəyə böyüdücü şüşə vasitəsilə baxdıqda “Azərbaycan Mərkəzi (Milli) Bankı” yazısını müşahidə etmək mümkündür.
  • Sehirli xətlər – pul nişanını arxa tərəfdən üfüqi istiqamətdə tutaraq bucaq altında hərəkət etdirdikdə rəngini dəyişən zolaqlar müşahidə olunur.
  • Surətçıxarmaya qarşı xətlər – pul nişanının arxa tərəfinə böyüdücü şüşə vasitəsilə baxdıqda xüsusi dəqiqliklə bölünmüş xətlər strukturunu müşahidə etmək olar.
  • Ultrabənövşəyi (UB) işıqda görünən elementlər– pul nişanına UB işıq altında baxdıqda nominalın müəyyən dizayn elementlərini müşahidə etmək olar.