Ani Ödənişlər Sistemi (AÖS) – Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılmışdır.
Müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə tam hesablaşmaların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir. AÖS-ün yaradılmasında əsas məqsəd Azərbaycanda bank və digər bank olmayan ödəniş xidməti təchizatçılarının müştəriləri olan fiziki və hüquqi şəxslər arasında, həmçinin bu şəxslərlə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində aparıla bilməsinin təmin edilməsidir. Bu sistemdə vəsaiti ödəyənlə vəsaiti alan arasında aparılan hesablaşmalar 5-20 saniyə ərzində hər iki tərəfin xəbərdarlıq alması ilə tam başa çatdırılır. Sistemdə aparılan əməliyyatlar üzrə autentifikasiya, avtorizasiya, klirinq və hesablaşmalar vahid tranzaksiya formatında real rejimdə həyata keçirilir.
AÖS-də hesablaşmalar milli (Azərbaycan Manatı - AZN) valyutada aparılır. Hesablaşmalar iştirakçılar tərəfindən Real Vaxt Rejimində Banklarası Milli Hesablaşmalar sistemində (AZIPS) onların müxbir hesablarındakı vəsait çərçivəsində əvvəlcədən müəyyənləşdirilmiş likvidlik limitləri əsasında aparılır. İştirakçı təşkilatlar üçün qeyri-iş günlərində də likvidliyin idarə olunması üçün funksional imkan yaradılmışdır. Sistemdə hər bir ödəniş tranzaksiyasına 40.000 manat məhdudiyyət müəyyənləşdirilmişdir. Sistem heç bir vaxt məhdudiyyəti tətbiq edilmədən 24/7/365 rejimində fəaliyyət göstərir. AÖS-də istifadəçi tərəfindən başladılan əməliyyat onun bank hesabında və xidmət olunduğu bankın AÖS-də likvidliyin təmin olunması üçün ayrılmış vəsaiti kifayət etdikdə dərhal icra olunur. Əks halda istifadəçiyə ödənişin yerinə yetirilmədiyi haqqında məlumat çatdırılır.
Sistemin istismara verildiyi ilk dövrlərdə iş günləri ərzində 4 dəfə AZIPS ilə əsas müxbir hesabda ayrılmış vəsaitlərdən istifadə üzrə məlumatların sinxronizasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bu zaman hər hansı iştirakçı təşkilatın AÖS-də istifadə üçün ayırdığı vəsaitin 80 faizindən çoxu istifadə olunarsa, həmin təşkilatın müştərilərinin aparmaq istədiyi hər bir əməliyyat zamanı onun rəsmi qaydada müəyyənləşdirilmiş inzibatçılarına bu haqqda məlumat ötürüləcəkdir.
Layihənin ilkin mərhələsində pilot olaraq seçilmiş banklar sistemə qoşulmuşdur. Qısa müddət ərzində ölkədə fəaliyyət göstərən bütün banklar yaradılmış infrastruktura inteqrasiya olunacaqlar.
Sistemə qoşulmuş bankların müştəriləri bu banklara müraciət etməklə öz bank hesablarından AÖS-də istifadə etmək istədiklərini bildirməli və ilkin qeydiyatdan keçməlidirlər. Bundan sonra onlar AÖS-ün mobil tətbiqindən və internet səhifəsindən, həmçinin iştirakçı bankların sistemə inteqrasiya olunmuş mobil tətbiqlərindən istifadə etməklə və yaxud müvafiq bank bölmələrinə müraciət etməklə ödəniş əməliyyatlarını həyata keçirə bilərlər. Bu zaman ödəyicilərin rahat formada ödənişləri həyata keçirməsi üçün alternativ identifikasiya metodları olan mobil nömrələrdən, e-mail ünvanlardan, şəxsiyyət vəsiqəsinin FİN kodundan, VÖEN-dən istifadə təmin edilmişdir.
Büdcə, kommunal, rabitə, cərimə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) da AÖS-ə inteqrasiya olunmuşdur. Beləliklə, hüquqi və fiziki şəxslər üçün HÖP-ə qoşulmuş təşkilatlar tərəfindən yerinə yetirilən 550-dən çox xidmət üzrə AÖS vasitəsilə ödənişlərin aparılması imkanı yaradılmışdır.
Layihənin ilkin mərhələsində təsərrüfat subyektlərində, ictimai iaşə müəssisələrində AÖS-ə interqasiya olunmuş nəzarət-kassa aparatlarından və POS terminallardan istifadə olunmaqla da ödənişlərin qəbul olunması təmin olunacaqdır. Bu zaman ödəyicilərin identifikasiyası üçün mobil nömrə kimi sadə rekvizitlərdən istifadə olunacaq, “QR Code” kimi innovativ texnoloji həllərin tətbiqi təmin ediləcəkdir.
AÖS-də istifadə edilən məlumat formatları:
AÖS-ün fəaliyyətinin təşkili üzrə normativ-hüquqi sənədlər:
Iştirakçı təşkilatlar AÖS üzrə digər texniki məlumatları müvafiq internet resursundan (https://info.anipay.az/documents/) əldə edilə bilər.
AÖS-də istifadə edilən ISO 20022 standartlarına uyğun elektron ödəniş və xəbərdarlıq məlumatlarının formatları (son yenilənmə tarixi 28.09.2020)
6.54 MBAÖS-də iştirakçıların fəaliyyətinin təşkili üzrə prosedur Qaydalar
687.79 KBAÖS ilə aparılan əməliyyatlar zamanı yaranmış mübahisəli halların həlli üzrə Təlimat
586.34 KB