Mərkəzi Bankın əsas vəzifələrindən biri maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsini və onların pozulmasının qarşısının alınmasını təmin etməkdir. Bunun üçün Mərkəzi Bank hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının pozulması ilə bağlı müraciətlər üzrə araşdırmalar aparır və hüquq pozuntularına qarşı tədbirlər görür. Mərkəzi Bank tərəfindən həmin şəxslərdən daxil olmuş bank, bank olmayan kredit təşkilatları, sığorta, qiymətli kağızlar bazarı, səhmdar cəmiyyətlərində korporativ idarəetmə sahələri, investisiya fondları və poçt rabitəsinin milli operatoruna və Mərkəzi Bankın digər nəzarət subyektlərinə aid müraciətlərə baxılır. Mərkəzi Banka daxil olan yazılı müraciətlər Katiblik tərəfindən qeydiyyata alınır və müvafiq struktur bölməyə yönləndirilir. Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan müraciətlərin daxil olduğu vaxtdan 3 (üç) iş günü ərzində aidiyyəti üzrə digər səlahiyyətli orqanlara, surətinin isə müraciət edən şəxsə göndərilməsi müvafiq struktur bölmə tərəfindən təmin edilir. Müraciətdə qeyd edilən məsələlərin həlli Mərkəzi Bankın nəzarət etdiyi subyektlərin səlahiyyətlərinə aiddirsə, həmin müraciət aidiyyəti üzrə baxılması üçün nəzarət subyektlərinə göndərilir. Müraciətlər aidiyyəti üzrə Mərkəzi Bankın nəzarət subyektlərinə göndərildikdə bu barədə müraciət edən şəxsə məlumat verilir. İstehlakçıların qanunla müəyyən edilmiş hüquqlarının pozulması barədə şikayətlər daxil olduqda, həmin şikayətlər üzrə araşdırma başlanır. Şikayət ərizəsi əsasında nəzarət subyektinə sorğu məktubu göndərilir. Müraciətdə qeyd olunan məsələlərin hərtərəfli araşdırılması məqsədilə rəylərin alınması üçün zərurət yarandıqda Mərkəzi Bankın digər struktur bölmələrinə xidməti məktublar ünvanlanır. Araşdırma aparılması məqsədilə Mərkəzi Bank tərəfindən şikayət edilmiş müvafiq subyektlərdən zəruri sənədlər və məlumatlar alınır, zərurət yarandığı təqdirdə müraciət edən vətəndaşların iştirakı ilə görüşlər təşkil olunur. Araşdırma prosesinin müddəti uzandıqda vətəndaşa müraciətin araşdırma mərhələsində olması ilə bağlı aralıq məktub göndərilir. Araşdırma kifayət qədər dəlillər toplanıldıqda və həmin dəlillər birmənalı nəticə çıxarılmasına imkan verdikdə bitmiş hesab olunur və hüquq sahibinin müraciətində göstərdiyi faktların yanlış və ya doğruluğu, tələbinin əsaslı və ya əsassız olması aşkar olunur. Araşdırmanın nəticəsi barəsində şikayət olunan nəzarət subyekti tərəfindən qanun pozuntusuna yol verilməsi təsdiq olunduqda həmin pozuntuya yol vermiş nəzarət subyektinə qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür. Vətəndaşa pozuntunun nədən ibarət olduğu və onların aradan qaldırılması üçün hansı tədbirlərin görüldüyü cavab məktubunda qeyd edilir.
Araşdırma nəticəsində şikayət olunan şəxs tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyi nəticəsinə gəlindikdə ona qarşı hər hansı tədbir görülmür və yalnız müraciət edən şəxsə əsaslandırılmış cavab məktubu göndərilir.
Müraciətdə şikayət edilən subyektin adı qeyd edilmədikdə müraciət edən şəxsə şikayət etdiyi subyektin adını dəqiqləşdirməklə yenidən müraciət etməsi barədə cavab məktubu göndərilir. Müraciətdə qeyd edilən faktları və ya müraciət edən şəxsin tələblərinin/təkliflərinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmadıqda və ya onlar arasında məntiqi əlaqə anlaşılmadıqda müraciət edən şəxsə həmin məsələlərin aydınlaşdırılması (dəqiqləşdirilməsi) və yenidən Mərkəzi Banka müraciət etməsi barədə məktub göndərilir. Qeyd: Mərkəzi Bankın səlahiyyətlərinə aid deyildir: Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyası və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən lizinq və lombard təşkilatları üzərində nəzarətin həyata keçirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmir.
|