31 oktyabr 2018, Bakı: Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) Mərkəzi Bankla birlikdə geniş biznes nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın müzakirəsinə həsr edilmiş tədbir keçirmişdir. Tədbirdə Mərkəzi Bankın sədri Elman Rüstəmov, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova, “Mastercard”-ın İctimai Siyasət üzrə regional direktoru Süleyman Sözeri və Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar iştirak etmişlər.
Tədbirdə Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Dövlət Proqramının əhəmiyyəti, məqsədi və istiqamətləri barədə geniş çıxış edərək ölkənin milli ödəniş infrastrukturu, Mərkəzi Bankın ölkədə rəqəmsal ödənişlərin inkişafı istiqamətində gördüyü işlər, habelə nağdsız ödənişlərin inkişaf perspektivləri barədə iştirakçıları məlumatlandırdı.
Sonra “Mastercard”-ın İctimai Siyasət üzrə regional direktoru Süleyman Sözeri və Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar çıxış edərək şirkətin Azərbaycandakı fəaliyyəti və Dövlət Proqramının hazırlanması zamanı Mərkəzi Bankla birgə həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsi barədə ətraflı məlumat verdilər.
Tədbirin fəxri qonağı qismində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov iştirakçılar qarşısında geniş çıxış etdi və öz çıxışında qəbul edilmiş Dövlət Proqramının strateji əhəmiyyətindən, Proqramda nəzərdə tutulan və rəqəmsallaşmanı genişləndirəcək infrastruktur layihələrindən, rəqəmsal ödənişlərin genişlənməsinin makroiqtisadi siyasətin effektivliyinin artmasına təsirlərindən, eləcə də Proqramın hazırlanması zamanı sıx əməkdaşlıq edilən “Mastercard” təşkilatı ilə ikitərəfli qarşılıqlı münasibətlərdən danışdı.
E.Rüstəmov iştirakçılara ölkədə dayanıqlı iqtisadi artımın əsas şərti olan makroiqtisadi sabitlik üzrə mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi. O, mövcud mürəkkəb beynəlxalq fonda Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan davamlı iqtisadi stabilləşdirmə siyasəti nəticəsində Azərbaycanda makroiqtisadi sabitliyin möhkəm əsaslarının yaradıldığını bildirdi. E.Rüstəmov makroiqtisadi sabitliyin möhkəmlənməsi meyillərinin pul siyasətinin normallaşdırılmasına şərait yaratdığını, Mərkəzi Bank tərəfindən pul-kredit şərtlərinin tarazlı yumşaldılması tədbirlərinin qiymət sabitliyi ilə iqtisadi artıma dəstək arasında balansın yaradılmasına xidmət etdiyini bildirdi.
Həmçinin fiskal siyasətin də monetar siyasətlə birlikdə xarici şoklara dayanıqlığın təmin edilməsinə, daxili borc bazarının inkişafına zəruri dəstəyinin vacibliyini və cari ildə kredit aktivliyi tərdicən bərpa olunsa da, bank sektorunda əlavə sağlamlaşdırılma tədbirlərinin həyata keçirilməsinin zəruriliyini qeyd etdi.
E.Rüstəmov başlanmış pozitiv meyillərin qorunmasının, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və iqtisadi artımın sürətləndirilməsinin ortamüddətli dövrün başlıca prioriteti olduğunu bildirdi. Qeyd etdi ki, ortamüddətli dövrdə optimist proqnozların reallaşması üçün yaxşı harmonizasiya olunmuş siyasət tədbirləri, prioritet xarakterli iqtisadi islahatların reallaşdırılması tələb olunur. Mərkəzi Bank da ölkədə aparılan islahatların və yeridilən iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcəkdir.
Çıxışının sonunda E.Rüstəmov biznes üçün əlverişli mühit quruculuğunda Mərkəzi Bankın rolunun vacibliyini qeyd edərək biznes sektoru nümayəndələri ilə birbaşa ünsiyyət imkanının yaradılmasına, həmçinin tədbirə dəvətə görə Azərbaycandakı Amerika Ticarət Palatasına və “Mastercard”ın nümayəndələrinə bir daha öz təşəkkürünü bildirdi.