17 may 2019, Bakı: Mərkəzi Bank “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi məqsədi ilə tələbələr üçün seminarların təşkil edilməsini davam etdirir. Belə ki, Mərkəzi Bankda “MasterCard” beynəlxalaq kart təşkilatının sahəvi ekspertləri tərəfindən İqtisad Universitetinin və Bakı Mühəndislik Universitetinin tələbələri üçün seminar keçirilib.
Müasir ödəniş imkanları mövzusunda təşkil edilən seminarda rəqəmsal ödənişlər sahəsində ən son innovasiyalar, trendlər, inkişaf etmiş ölkələrin təcrübələri və fintexlərin mahiyyəti barədə tələbələrə geniş məlumat verilmişdir. Eyni zamanda, ən son texnoloji innovasiyalar əsasında maliyyə xidmətlərinin göstərilməsi üsulları, ödəniş məkanına daxil olmuş yeni iştirakçılar, NFC texnologiyalarına əsaslanan mobil ödənişlər, QR kod ödənişləri, onlardan istifadə imkanları, həmçinin bu sahədə yaranacaq risklər və onların aradan qaldırılması yolları ilə bağlı məlumat seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.
Seminarda, həmçinin ölkəmizdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən layihələr haqqında ümumi məlumat verilmiş və nağdsız ödənişlərin ölkə iqtisadiyyatı üçün əsas faydaları açıqlanmışdır.
Məlumat üçün bildiririk ki, Mərkəzi Bank Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın strateji hədəflərinə uyğun olaraq innovativ ödəniş xidmətlərinə müxtəlif hədəf qrupları arasında məlumatlığın artırılması məqsədilə bu kimi tədbirlərin davamlı olaraq keçirilməsini planlaşdırır.