3 iyul 2019-cu il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə proritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icrası üzrə tədbirləri davam etdirir. Maliyyə xidmətləri istehlakçılarının maarifləndirilməsinə yönəlmiş bu tədbirlərin daha çox insana çatdırılmasını təmin etmək üçün müasir intellektual vasitələrdən də istifadə olunur.
Buna uyğun olaraq, Mərkəzi Bankın əhali arasında apardığı maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək üçün istifadəyə verdiyi “Maliyyə savadlılığı” portalında (www.bizimpullar.az) yeni “200 manat” kağız pul nişanı haqqında animasiya yerləşdirilmişdir. Sözügedən pul nişanının təsviri əsasında onun dizaynı və mühafizə sistemi barədə məlumat verilir. Müxtəlif hədəf qrupunun maarifləndirilməsi və bu sahədə savadlılığı artırmaq məqsədilə hazırlanmış animasiyada 200 manatlıq əskinasın estetik görünüşü, konseptual mövzusu və hər bir mühafizə elementi izah olunur.
Animasiyaya keçid linki: https://bizimpullar.az/video-128
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır. Buna uyğun olaraq, əhali arasında maarifləndirmə işlərinə də xüsusi önəm verir. Həmçinin istehlakçıların maliyyə savadlılığının artırılması məqsədilə müxtəlif səpkili maarifləndirmə və təbliğat-təşviqat tədbirləri ilə yanaşı, “Maliyyə savadlılığı” portalının məzmunu da mütəmadi zənginləşdirilir. Portal vasitəsilə iqtisadiyyat və maliyyə sahəsində informativ materiallarla, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalarla, virtual muzey və məktəblilər üçün rubrikalarla tanış olmaq, eləcə də iqtisadi məzmunlu oyunlardan və kalkulyatorlardan istifadə etmək mümkündür.