5 noyabr 2019-cu il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin, həmçinin Prezidentin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın “Rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi” istiqamətinin icrası ilə bağlı silsiləvi tədbirləri davam etdirir.
Bu tədbirlərin növbəti qismi cari ilin oktyabr ayında və noyabr ayının birinci həftəsində təşkil edilmişdir. Bu dövrdə ümumilikdə 1100-ə yaxın iştirakçı üçün 15 maliyyə maarifləndirici təlim keçirilmişdir. Budəfəki təlimlərə DOST Agentliyinin könüllüləri, Dövlət Vergi Xidmətinin əməkdaşları, habelə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Dənizçilik Akademiyasının, İsmayıllı rayon Culyan kənd orta məktəbinin geniş heyəti cəlb edilmişdir.
“31 oktyabr - Beynəlxalq Əmanət Günü” çərçivəsində isə Milli Qəhrəman M.İbrahimov adına bağça-məktəb lisey kompleksinin kollektivi üçün maliyyə maarifləndirilməsi tədbirləri keçirilmişdir.
Təlimlər zamanı iştirakçılara “Mərkəzi Bankın funksiyaları”, “Rəqəmsal ödənişlər”, “Tədiyə balansı”, “Risk menecment”, “Yığım”, “Şəxsi vəsaitlərin idarəolunması”, “Bank xidmətləri – zaminlik”, ”Məsuliyyətli borclanma” və “Pul nişanlarının mühafizə elementləri” mövzuları tədris olunmuş, iştirakçıların sualları ətraflı cavablandırılmışdır.
Həmçinin təlimlər zamanı iştirakçılara bizimpullar.az portalı, edu.e-cbar.az virtual təhsil platforması və axtar.bizimpullar.az (infobank.az) maliyyə məhsul və xidmətlərinin axtarış sistemi barədə geniş məlumat verilmişdir.
Qeyd edək ki, Mərkəzi Bank əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri bundan sonra da davam etdirəcəkdir.