5 dekabr 2019-cu il, Bakı: Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz ölkələri üzrə regional direktoru cənab Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında görüş keçirilmişdir.
Görüş zamanı Mərkəzi Bankın sədri E.Rüstəmov ölkə Prezidenti Möhtərəm İlham Əliyev cənabları tərəfindən ölkədə yeni nəsil islahatlara start verildiyini qeyd etdi. Bildirdi ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanib. Geniş miqyaslı islahatlar ölkədə yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün zəmin yaradır. O, bildirdi ki, son dövrlər həyata keçirilən struktur-institusional islahatlar keyfiyyətcə yeni sosial-iqtisadi artım modelinə keçidi dəstəkləyir. E.Rüstəmov bu islahatların Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəldiyini vurğuladı. Qeyd olundu ki, ölkədə islahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq daima mühüm rol oynamışdır. Bu əməkdaşlığın mühüm istiqamətlərindən birini DB ilə əlaqələr təşkil edir.
Cənab Molineus öz növbəsində DB-nin Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində ölkədə həyata keçirilən layihələrin statusu barədə məlumat verdi və Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlara Dünya Bankının tam dəstəyini ifadə etdi. O, maliyyə sektorunun modernizasiyasının, eləcə də maliyyə resurslarına çıxış imkanlarının artırılmasının özəl sektorun inkişafına töhfə verəcəyini bildirdi və qeyd etdi ki, DB müvafiq texniki yardımın göstərilməsinə, islahatların həyata keçirilməsində zəruri dəstəyin verilməsinə hazırdı.
E.Rüstəmov son təşkilati dəyişikliklər də nəzərə alınmaqla hazırda qarşıda duran mühüm islahat istiqamətlərindən birinin ölkənin maliyyə sektorunun inkişaf etdirilməsi, bu sektorun dayanıqlığının qorunması, maliyyə dərinliyinin artırılması və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, maliyyə sektorun iqtisadi artım prosesinin dəstəklənməsi və real sektorla əlaqələrin gücləndirilməsi olduğunu qeyd etdi. Mərkəzi Bankın sədri maliyyə institutlarının, xüsusilə kredit institutlarının biznes modelinin yeni iqtisadi situasiyaya adaptasiyasının, sektorda yeni artım strategiyası və maliyyə dayanıqlığının optimal balanslaşdırılmasının və əlavə risk akkumulyasiya olunmasına yol verilməməsinin vacibliyini qeyd etdi.
Həmçinin, E.Rüstəmov mövcud islahatlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə, mühüm əhəmiyyət kəsb edən maliyyə sektorunun nəzarət və tənzimləmə prosesinin ən yaxşı beynəlxalq təcrübə və standartlarına uyğunlaşdırılması istiqamətində DB ilə birgə işlər aparacağına və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına əminliyini ifadə etdi.
Görüş zamanı Mərkəzi Bank ilə DB arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.