20 yanvar 2020, Bakı: Xalqımız - bütün dünya azərbaycanlıları milli müstəqillik tariximizin qanlı, lakin ən şərəfli səhifələrindən biri olan 20 yanvar faciəsinin 30-cu ilini ötən illərdə olduğu kimi bu il də əbədi azadlıq rəmzi kimi qeyd edir. Mərkəzi Bankın kollektivi də şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edir, müqəddəs ruhlarına sonsuz ehtiramını bildirir.
Qanlı yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.
Həmin hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübuta yetirdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Azərbaycan xalqına qarşı törədilən bu cinayəti ilk dəfə Ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək dinc əhaliyə qarşı törədilən terroru insanlığa, hüquqa, demokratiyaya zidd addım kimi pisləmiş, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyərək Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmişdir. Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi və onun quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyaları reallığa çevrildi.
Bu siyasət Ümummilli liderin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş milli iqtisadiyyatımız dinamika, stabillik və dayanıqlıq nümayiş etdirmişdir. Hələ müstəqillik uğrunda ilk mübarizələr zamanı Azərbaycanın suveren, siyasi, sosial-iqtisadi cəhətdən güclü bir dövlətə çevrilməsi bir arzu idisə, bu gün müasir dünya arenasında tanınan, söz sahibi olan dövlətçiliyimiz artıq bariz reallıqdır. Uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq toplanmış iqtisadi, o cümlədən maliyyə potensialı sayəsində Azərbaycan iqtisadiyyatı qlobal müstəvidə gedən mürəkkəb proseslərə rəğmən dayanıqlıq nümayiş etdirir, inkişafını davam etdirir, xalqın rifahı günü-gündən yaxşılaşır.
Uğurlu iqtisadi quruculuq ordumuzun güclənməsinin də əsas şərtini təşkil edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Rəşadətli Azərbaycan əsgəri artıq şəhidlərimizin ruhunu şad edərək ilk qələbə müjdələrini verməkdədir.
Şanlı tarixdən günümüzə qədər xalqımız tərəfindən müqəddəs Şəhidlərimizin adı daim uca tutulmuş, əbədiləşdirilmişdir. İctimai obyektlərə, o cümlədən məktəblərə, küçə və xiyabanlara Şəhidlərin adları verilmiş, silinməz ədəbiyyat inciləri, böyük mədəniyyət nümunələri yaradılmışdır. Ölkəmizdə Şəhid ailələrinə və əlillərə daim yardımlar göstərilir, müxtəlif sosial-məişət problemlərinin həllinə köməkliklər olunur.
20 yanvar faciəsi qurbanlarının xatirəsinin anılması məqsədi ilə Mərkəzi Bankın rəhbərliyi və kollektivi hər il olduğu kimi bu il də Şəhidlər Xiyabanını ziyarət edir.
Allah şəhidlərimizə rəhmət eləsin!