21 fevral 2020-cu il, Bakı: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Mərkəzi Bank, Təhsil Nazirliyi, “Mastercard”, Kapital Bankın dəstəyi ilə Bakı Mühəndislik Universitetində “Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, Təhsil nazirinin müavini İdris İsayev, Bakı Mühəndislik Universitetinin rektoru (BMU) Havar Məmmədov, “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar, Kapital Bankın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə, tərəfdaş qurumların rəsmiləri, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev layihənin təhsil sistemində innovativ tətbiqlər baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq “Smart tələbə kartı” layihəsinin gənc nəslin ən müasir ödəniş həllərindən fəal istifadəsi üçün geniş imkanlar yaratdığını qeyd etmişdir. Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən A.Quliyev onu da bildirmişdir ki, Azərbaycan Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən bu layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafının stimullaşdırılmasında da əhəmiyyətli rola malikdir.
Mərkəzi Bankın sədrinin birinci müavini ötən il “Smart tələbə kartları” layihəsinin pilot olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) reallaşdırılmasını da xatırladaraq bildirdi ki, ötən müddət ərzində layihə, həm banklar, həm də universitetlər tərərfindən böyük maraqla qarşılanmışdır. Belə ki, layihə tərəfdaşlarının dəstəyi ilə qısa zaman kəsiyində 18.000 tələbəyə smart tələbə kartları təqdim edilmişdir.
Layihənin cəmiyyətin gənc təbəqəsinin ödəniş bazarına daxil olmasına geniş imkan yaradacağını əminliklə ifadə edən Alim Quliyev gəncləri ölkədə nağdsız cəmiyyət quruculuğunda fəal iştirak etməyə çağırmışdır.
Təhsil nazirinin müavini İdris İsayev layihənin təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaratdığını qeyd edərək bildirmişdir ki, layihəyə əsasən ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartı müəyyən edilmiş və onun əsasında müasir ödəniş funksianallı tələbə kartları hazırlanaraq tələbələrə təqdim olunur.
BMU-nun rektoru Havar Məmmədov isə təqdim edilən smart tələbə kartlarının universitetin mövcud elektron sistemini daha da gücləndirəcəyinə inandığını vurğulamışdır.
Tədbirdə çıxış edən “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri Erdəm Çakar ölkə miqyasında belə bir layihənin reallaşdırılmasında iştirak etdiklərindən qürur duyduqlarını bildirmişdir.
Kapital Bankın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə isə smart tələbə kartlarının funksionallığı və ödəniş imkanları haqqında məlumat vermişdir.
Smart tələbə kartı barədə təqdimat nümayiş etdirilərək bildirilmişdir ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Eyni zamanda, tələbələr smart kartlardan universitetə, kitabxanaya və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, bu kartlardan istifadə tələbələr arasında müasir ödəniş mədəniyyətinə malik yeni nəslin formalaşmasına və ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaqdır.
Təqdimat mərasiminin sonunda universitetin birinci kursunda təhsil alan 20 nəfər tələbəyə smart tələbə kartları təqdim olunmuşdur.