Milli valyutamız sabit və etibarlıdır



Azərbaycan manatının dövriyyəyə buraxılması və onun sabitliyinin təmin olunması

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyutamız olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxıldı.

Lakin Azərbaycan manatı dövriyyədə olduğu ilk illərdə möhkəm sosial-iqtisadi dayaqlara söykənmədiyindən sürətlə dəyərsizləşdi. Çünki, milli valyutanın dövriyyəyə buraxılması ölkədəki siyasi və iqtisadi qeyri-sabitlik dövrünə təsadüf edirdi. İqtisadi potensialın təxminən 60%-i itirilmişdi. İqtisadi tənəzzülün orta illik tempi 20%-ə yaxınlaşmışdı.

Digər tərəfdən, makroiqtisadi idaretmə mexanizmi iflic vəziyyətdə idi. Ölkədə ciddi büdcə-maliyyə böhranı yaşanırdı. Dövlət büdcəsinin kəsiri Ümumi Daxili Məhsulun 10%-ni ötmüşdü. Bu kəsir pul emissiyası ilə örtülürdü.

Ölkənin valyuta ehtiyatları demək olar ki, yox dərəcəsində idi. Bu səbəbdən valyuta məzənnəsi tənzimlənmirdi. Nəticədə manat dövriyyəyə buraxıldığı 2 il ərzində ABŞ dollarına qarşı dəyərini 18 dəfə itirmişdi. Əhali və iqtisadi subyektlər ödəniş və yığım vasitəsi kimi manata etibar etmirdi.

Manatın sabitliyinə neqativ təsir edən digər amil 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək onun Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubl ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunması idi. Bu səbəbdən, qeyd olunan dövrdə Mərkəzi Bankın faktiki olaraq müstəqil pul siyasəti həyata keçirmək imkanı olmamışdır.

Vəziyyət yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra radikal dəyişməyə başladı. Onun qətiyyətli qərarları nəticəsində ölkədə ictimai-siyasi sabitlik yarandı və bu əsasda iqtisadi quruculuğa şərait yarandı.

Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi. Bu baxımdan, Ümummilli Lider cənab Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı mühüm rol oynadı. Bu fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi. Bununla Mərkəzi Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafina öz tövhəsini verdi, makroiqtisadi sabitlik təmin olunmağa başladı, manatın xarici dönərli valyutalara nisbətən məzənnəsi sabitləşdi.

Möhkəm iqtisadi dayaqlara, xüsusilə dayanıqlı xarici valyuta ehtiyatlarına, mükəmməl makroiqtisadi idarərtməyə söykənən manatın sabitliyi bu gün də davam etməkdədir. Təsadüfi deyil ki, 1998-ci il Asiya böhranına, 2008-2009-cu illərdə dünyanı bürüyən qlobal maliyyə böhranına baxmayaraq manatın stabilliyi pozulmamışdır. Möhtərəm prezident cənab İlham Əliyev son qlobal maliyyə böhranı ilə bağlı qeyd etdiyi kimi “MDB məkanında əksər hallarda milli valyutalar devalvasiyaya uğramışdır. Çünki ölkələrin iqtisadiyyatı böhrana davam gətirə bilmirdi və milli valyutaların devalvasiyası bir növ insanların rifahı hesabına baş vermişdir. Böhrana baxmayaraq, biz Azərbaycanda manatın sabit vəziyyətdə saxlanmasına nail olduq. Müəyyən iqtisadi çətinliklərlə üzləşmişdik, ancaq ilk növbədə, sosial məsələlərin həllinə çalışırdıq. Biz imkan verə bilməzdik ki, böhran insanların gündəlik həyatında özünü göstərsin”.


Manatın 2006-cı il denominasiyası


Müstəqilliyin ilk illərində dərin sosial-iqtisadi böhran prosesləri nəticəsində baş verən hiperinflyasiya yüksək qiymətlər miqyası yaratmış və manatın aşağı nominal məzənnəsinə gətirib çıxarmışdır. Əksər qiymətlər artıq dörd-beş rəqəmli ədədlərlə ifadə olunurdu.

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu istiqamətində həyata keçirilən davamlı iqtisadi islahatlar, yeridilən düzgün iqtisadi siyasət, o cümlədən pul və valyuta siyasəti nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və yüksək templi iqtisadi artım manatın denominasiyasının həyata keçirilməsi üçün əlverişli şərait yaratdı. Eyni zamanda, inflyasiyanın məqbul səviyyədə olması, manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin sabitliyi və onun daxili dönərliliyinin təmin edilməsi, əhalinin həyat səviyyəsinin əhəmiyyətli yaxşılaşması denominasiyanı şərtləndirən mühüm amillər idi.

Beynəlxalq təcrübə də göstərir ki, yüksək inflyasiya və devalvasiya dövründə nominal dəyərini əhəmiyyətli dərəcədə itirmiş milli valyutanın davamlı iqtisadi sabitlik şəraitində denominasiyası zəruridir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalandı.

Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən 1 yeni manat 5000 manata bərabər tutulmaqla denominasiya həyata keçirildi. Dövriyyəyə 6 əsakinas (1, 5, 10, 20, 50, 100 manat) və 6 qəpik (1, 3, 5, 10, 20, 50 qəpik) nominal struktura malik yeni nəsil pul nişanları buraxıldı. Manat (AZM) yeni manatla paralel 1 il ərzində - 2006-cı ildə dövriyyədə oldu və 2007-ci il yanvarın 1-dən isə ölkə iqtisadiyyatının yeni manata tam keçidi təmin edildi.

Denominasiya proseslərində tədavülə yeni nəsil pul nişanlarının buraxılması manatın məzənnəsinin dünyanın aparıcı valyutaların məzənnələrinə uyğun səviyyədə formalaşdırılmasına, milli pul nişanlarının dizaynının, mühafizəsinin və nominal strukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına, məzənnə və qiymətlər miqyasınının optimallaşdırılmasına, uçot və hesablaşma sistemini sadələşdirməsinə imkan yaratdı. Bununla yanaşı, yeni nəsil pul nişanlarına keçid pul nişanlarında milli və tarixçilik ənənələrini daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsini yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı dövlət xərclərinə qənaət edilməsini təmin etdi.

Azərbaycanın yeni nəsil pul nişanları yeni və ənənəvi texnologiyalarının kombinasiyası olan 4 pilləli mühafizə sisteminə malikdir. Yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanmışdır. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilmiş, Azərbaycanın bütün sahələrdə müstəqilliyini, inkişafını və Avropa ailəsinə inteqrasiyasını təzahür etmişdir. Halbuki, müstəqilliyin ilk illərində bu sahədə təcrübənin kifayət qədər olmaması səbəbindən istehsal olunmuş əskinasların dizaynı və mühafizə elemetləri müasir dövrün standartlarına cavab vermirdi. Köhnə nəsil pul nişanları 1990-cı illərin əvvəllərində vahid konsepsiya olmadan hazırlandığından, sadə bədii-estetik səviyyədə olması ilə yanaşı həm də yüksək qiymətlər miqyasına görə “zəif valyuta” statusuna malik idi.

Ölkədə həyata keçirilən denominasiyanı yüksək qiymətləndirən möhtərəm prezident cənab İlham Əliyev yüksək beynəlxalq standartlara cavab verən pul nişanlarının dövriyyəyə buraxılmasını son dövrdə həyata keçirilən mühüm milli layihələrdən biri olduğunu qeyd etmişdir. Ölkə prezidenti yeni nəsil pul nişanlarının dizaynına münasibət bildirirək qeyd etmişdir: “Manat çox gözəl dizayna malikdir. Üzərində Azərbaycanın mədəniyyətini, tarixini, keçmişini, bu gününü və gələcəyini əks etdirən təsvirlər mövcuddur. Ümid edirəm ki, uzun illər, onilliklər ərzində bu manat Azərbaycan xalqına, vətəndaşlarına xidmət edəcək, ölkəmiz daha da zənginləşəcək və Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcəkdir.”

Son 20 il ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xatirə və yubiley pul nişanlarının buraxılışı üzrə də müvafiq Siyasət qəbul edilmiş və müxtəlif nominallı, ölkənin görkəmli şəxslərini, ictimai-siyasi və tarixi proseslərini əks etdirən 13 mövzuya aid, eyni zamanda müasir dizayna malik olan yubiley və xatirə pul nişanları istehsal olunaraq dövriyyəyə buraxılmışdır.

Bu illər ərzində Mərkəzi Bank tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə və Ulu öndərin anadan olmasının 85 illik yubileyinə, Azərbaycanın dahi ədəbiyyat və incəsənət xadimlərinin xatirəsinə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə, Milli mətbuatın 135 illik yubileyinə və Mərkəzi Bankının 20 illik yubileyinə və s. mövzulara həsr olunmuş xatirə sikkələri istehsal olunaraq tədavülə buraxılmışdır.

Nağd pul tədavülünün təşkili və idarə edilməsinin modernizasiyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər həyata kecirilən iqtisadi inkişaf və müasirləşmə strategiyası əhalinin həyat standartlarını və sosial rifahını əhəmiyyətli dərəcədə yüksəltmiş, nəticədə ölkə orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur. Milli iqtisadiyyat hal-hazırda modern sosial-iqtisadi və fiziki infrastruktura, yüksək məşğulluq səviyyəsinə və beynəlxalq rəqabət imkanlarına malikdir.

Azərbaycan Mərkəzi Bankı da öz mandatını müvəffəqiyyətlə yerinə yetirərək dövlətin iqtisadi inkişaf strategiyasına aktiv dəstək vermişdir. Bank öz məqsədyönlu fəaliyyəti ilə makroiqtisadi və maliyyə sabitliyini etibarlı şəkildə qoruyur, bank və ödəniş sistemlərinin inkişafını təmin edir.

Mərkəzi Bank ictimai dəyər yaradan digər mühüm funksiyalarını, eləcə də nağd pula olan təlabatının dolğun şəkildə ödənilməsini, nağd pul dövriyyəsinin effektiv idarə olunmasını uğurla həyata keçirir.

Azərbaycan iqtisadiyyatının, eləcə də bank və ödəniş sistemlərinin dinamik inkişafı milli valyutaya olan inamın artmasına, onun regional miqyasda cəlbedici valyutaya çevrilməsinə gətirib çıxarmışdır. Azərbaycan manatının regionda ən dayanıqlı və etibarlı valyutaya çevrilməsi onun ödəniş və yığım funksiyasını gücləndirmişdir.

Son 10 il ərzində ölkədə dollarlaşma əhmiyyətli dərəcədə azalmış, manatla olan əmənətlərin xüsusi çəkisi 2 dəfədən çox artmışdır.

Son 20 il ərzində Mərkəzi Bank tərəfindən nağd pul tədavülünün təşkili sahəsində bir çox institutsional islahatlar həyata keçirilmiş, idarəetmə sistemləri müasirləşdirilmiş və yeni keyfiyyət mərhələsinə qaldırılmışdır.

Belə ki, nağd pul idarəetməsinin hüquqi və institutsional bazası inkişaf etdirilərək müasir təcrübəyə uyğunlaşdırılmışdır. Yüksək təhlükəszilik standartlarına cavab verən müasir xəzinə infrastrurkturları yaradılmış, avtomatlaşdırma səviyyəsi yüksəldilmiş, biznes proseslər beynəlxalq standarlar uyğun qurulmuşdur. Eləcə də, regional idarəetmə sistemləri beynəlxalq təcrübəyə uyğun otimallaşdırılmış, müasir tələblərə cavab verən Regional və Ehtiyat Mərkəzləri yaradılmışdır.

Mərkəzi Bank nağd pula olan təlabatının ödənilməsi ilə yanaşı, “Tədavüldə təmiz pul siyasəti”ni bəyan etmiş və dövriyyədə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmişdir.

Lakin, bütün bunlarla yanaşı Mərkəzi Bank daima müasirləşmək və yaxın gələcəkdə Bankın bütün sahələri üzrə daha effektiv idarəetmə sistemlərinə malik olmaqla ən qabaqcıl ölkələr arasında yer almaq əzmindədir.

Mərkəzi Bankın nağd pul strategiyası hədəfləri

Ölkədə son illərdə yüksək iqtisadi inkişaf dinamikası, maliyyə sisteminin sürətlə böyüməsi, dəyişən və mürəkkəbləşən qlobal iqtisadi mühit Bank qarşısında yeni institusional inkişaf çağırışları yaratmışdır. Yeni çağırışların effektiv cavablanması üçün Mərkəzi Bank bir sıra istiqamətlərdə strateji fəaliyyət prioritetləri müəyyən etmişdir.

Mərkəzi Bankın qarşısında duran əsas strateji hədəflərdən biri də “Nağd pulun idarə edilməsinin ən müasir standartlarının formalaşdırılması”dır. Bu çərçivədə qabaqcıl standartlara uyğun nağd pulun yeni idarəetmə sisteminin formalaşdırılması və tam avtomatlaşdırılmış modern xəzinə infrastrukturunun yaradılması nəzərdə tutulur.

Bununla əlaqədar olaraq artıq Mərkəzi Bank tərəfindən ən son texnologiyalar əsasında tam avtomatlaşdırılmış Nağd Pul Mərkəzinin yaradılması, nağd pulun idarə edilməsinin menecment informasiya sistemlərinin, pul nişanlarının müasir dizayn, loqistika və ekpertizası institutlarının, habelə yeni hesabatlıq sisteminin və iqtisadi təhlil bazasının yaradılması kimi layihələrin realizasiyasına başlanılmışdır.

Eyni zamanda, Mərkəzi Bank milli valyutada pul nişanlarının etibarlığını və cəlbediciliyini yüksək səviyyədə saxlamaq üçün müasir tələblərə cavab verən növbəti nəsil pul nişanlarının dizayn və mühafizə fəlsəfəsinin hazırlanması ilə əlaqədar müvafiq layihənin realizasiyasına başlamışdır.

Mərkəzi Bankın bütün fəaliyyət istiqamətləri kimi nağd pul dövriyyəsi də dinamikada idarə olunur, yeni cağırışlar nəzərə alınmaqla daim təkmilləşdirilir və nağd pul sferasının gələcək inkişafının strateji hədəfi ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olan idarəetmə və tam avtomatlaşdırılmış sistemlər vasitəsi ilə daha effektiv, keyfiyyətli, təhlükəsiz, vaxtında və səmərəli şəkildə ödənilməsinin təmin edilməsidir.

Bu vəzifələri uğurla həyata keçirməklə Azərbaycan Mərkəzi Bankı ölkə prezidenti İlham Əliyev cənablarının “Əminəm ki, manat güclü valyuta kimi gələcək illərdə də Azərbaycan iqtisadiyyatının və sosial məsələlərin həlli üçün öz rolunu oynayacaqdır” stateji çağırışının reallaşmasını təmin edəcəkdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə