10 AZN (2019)
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər
  • Mühafizə elementləri
  • Video

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən 10 manatlıq pul nişanı yenilənərək yeni, daha təkmil mühafizə sistemləri ilə təchiz olunmuş və 18 mart 2019-cu il tarixindən tədavülə buraxılmışdır. Yeni 10 manatlıq pul nişanının mövzusu “tarix” olaraq saxlanılmışdır. Pul nişanının ön tərəfində İçəri Şəhərin qala divarlarının fonunda Qədim Bakı, Şirvanşahlar Sarayı və Qız Qalası, arxa tərəfində isə Azərbaycan-Avropa inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycan xalçasının naxışları təsvir olunmuşdur.

Nominalı10 manat (2019)
Rəngiaçıq göy
Ölçüləri134 mm x 70 mm
Dizayn mövzusutarix
  • Nominalın gizli rəqəmi – pul nişanının ön tərəfində sol yuxarı küncdə düzbucaqlı tünd göy sahənin içərisində gizli “10” rəqəmi yerləşir. Pul nişanını şaquli hərəkət etdirdikdə nominalın gizli rəqəmini müşahidə etmək mümkündür.
  • Su nişanı və işıqda görünən rəqəm – pul nişanını ön tərəfdən işığa tutduqda sol tərəfində Azərbaycanın Dövlət Gerbi təsvir olunan su nişanı və nominalın rəqəmi – “10” görünür.
  • Holoqram – pul nişanının ön tərəfində sol orta hissədə yerləşən holoqramın üzərində Qız Qalasının 3D effektində və qrafik cizgilərlə təsvirləri əks olunmuşdur. Qız Qalasının aşağı hissəsində Xəzər dənizinin dalğaları 3D effektində təsvir olunmuşdur. Holoqramın yuxarı hissəsində rəngini dəyişən, parlaq effektdə nominalın iri ölçüdə rəqəmi verilmişdir. Holoqramın müxtəlif hissələrində rəngini dəyişən minimətnlər və nominalın rəqəmləri yerləşir. Pul nişanını hərəkət etdirdikdə holoqram üzərində sayrışan rənglərin dəyişməsini müşahidə etmək mümkündür.
  • Möcüzəli boya – pul nişanının ön tərəfində İçəri Şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektli möcüzəli boya yerləşir. Pul nişanını şaquli hərəkət etdirdikdə elementin üzərindəki halqalar üç ölçülü hərəkət effekti yaradır.
  • Mühafizə sapı – pul nişanının arxa tərəfinə baxdıqda mərkəzdə şaquli istiqamət boyunca pəncərə tipli mühafizə sapı yerləşir. Metal görünüşə malik olan mühafizə sapının üzərində "10" rəqəmi və "AMB" yazıları əks olunmuşdur. Pul nişanını hərəkət etdirməklə mühafizə sapının yaşıldan göyə dəyişməsi və dinamik işıq effekti görünür. Pul nişanını işığa tutduqda təkrarlanan "10" və "AMB" yazılarını görmək mümkündür.
  • Görmə qüsuru olanlar üçün tanıma elementi – pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir. Bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür. Bu mühafizə elementi həmçinin özünəməxsus struktura malik olmaqla adi insanlar tərəfindən də pul nişanının tanınmasında istifadə oluna bilər.
  • Qabarıq çap (relyefli) – pul nişanının ön və arxa tərəflərində bir sıra dizayn elementləri qabarıq şəkildə çap olunmuşdur. Bu elementlərə barmaqla toxunduqda onların qabarıqlığı hiss olunur. Qabarıq çap elementlərini böyüdücü şüşə vasitəsilə daha aydın şəkildə görmək mümkündür.
  • Xüsusi dəqiq cizgilər – pul nişanına böyüdücü şüşə ilə baxdıqda ön və arxa tərəflərində xüsusi dəqiqliklə çap edilmiş cizgi və təsvirləri aydın şəkildə görmək mümkündür.
  • Mikromətnlər və minimətnlər – pul nişanının ön və arxa tərəflərində yalnız böyüdücü şüşə vasitəsilə görünən mikro və mini sözlər və rəqəmlər yerləşdirilmişdir. Bu mətnlər əsasən “AZƏRBAYCAN MƏRKƏZİ BANKI”, “10”, “ON” , “AMB”, “BAKI”, “ON MANAT” və s. yazılardan ibarətdir.
  • Mürəkkəbsiz çap – pul nişanının ön tərəfində sağ orta hissədə mürəkkəbsiz şəkildə çap olunmuş iri "AMB" yazısı əks olunmuşdur. Pul nişanını bucaq altında hərəkət etdirməklə diqqətlə baxdıqda xüsusi üfüqi xətlərdən ibarət mürəkkəbsiz qabarıq yazını müşahidə etmək mümkündür.
  • Rənglərin bölgüsü – pul nişanının üzərində əks olunmuş bir sıra dizayn elementlərində bir element içərisində bir rəngdən digərinə səlis keçidləri müşahidə etmək olar. Saxtalaşdırılmış pul nişanlarında rənglərin keçidindəki bu qanunauyğunluğun aydın şəkildə pozulduğunu görmək mümkündür.
  • Xüsusi dəqiq cizgilər – pul nişanının ön və arxa tərəflərində müxtəlif milli naxışların və yazıların xüsusi dəqiqliklə əks olunmuş təsvirləri yerləşir. Böyüdücü şüşə ilə baxdıqda dəqiq cizgilərin və xətlərin strukturundan ibarət təsvirləri görmək mümkündür.
  • Sayrışan rəngli boyalar ( iridisent) – pul nişanının arxa tərəfində bənövşəyi və qızılı rənglərdə "10" rəqəmi və "AZN" yazısı olan sayrışan zolaqlar yerləşir. Pul nişanını hərəkət etdirdikdə boyaların parıltılı rəng effektlərini görmək mümkündür.
  • Surətçıxarmaya qarşı xətlər – pul nişanının sol tərəfində boya çap olunmayan hissədə surətçıxarmaya qarşı xüsusi xətlər strukturu yerləşir. Böyüdücü şüşə ilə baxdıqda bu xətləri dəqiq görmək mümkündür. Pul nişanının surətini çıxararkən bu xətlərin aydın görünməsi mümkün deyildir.
  • Ultrabənövşəyi (UB) işıqda görünən element – pul nişanına UB işıq altında baxdıqda nominalın müəyyən dizayn elementlərini müşahidə etmək olar.