Pul siyasəti əsasən qiymətlərin sabitliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir. Mərkəzi Bank valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimləmək vasitəsilə inflyasiya proseslərinə təsir göstərir. Azərbaycan Respublikasında pul siyasəti Mərkəzi Bank tərəfindən həyata keçirilir.
İnflyasiya mal və xidmətlərin keyfiyətinin yüksəlməməsi halında qiymətlərinin ümumi səviyyəsinin qalxmasıdır. Başqa sözlə desək, inflyasiya mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi prosesidir. Deflyasiya isə əksinə, mal və xidmətlərin keyfiyətinin azalmaması halında qiymətlərinin ümumi səviyyəsinin aşağı düşməsi və ya pulun dəyərinin artması prosesidir. Ayrıca götürülmüş mal və ya xidmətin qiymətinin dəyişimi inflyasiyanı ifadə etmir. İnflyasiyanı ölçmək üçün adətən “İstehlak Qiymətləri İndeksi”ndən istifadə olunur. Azərbaycanda bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən “istehlak səbəti” əsasında aylıq əsasda hesablanır və ictimaiyyətə təqdim olunur. İstehlak səbətinə bütün zəruri tələbat malları və xidmətləri daxil edilir. Hər bir mal və xidmət istehlak səbətində xüsusi çəkiyə malikdır.
“Baza inflyasiya” dedikdə qiymətləri dövlət tərəfindən tənzimlənən malların və xidmətlərin qiymətlərinin dəyişimindən, həmçinin mövsümi faktorlardan təmizlənmiş inflyasiya göstəricisi nəzərdə tutulur. Başqa sözlə, “baza inflyasiya” hesablanarkən qiymətləri dövlət tərəfindən tənzimlənən (əsas enerji daşıyıcıları və s.) və mövsümi amillərin güclü təsirinə məruz qalan (meyvə-tərəvəz) və sair kimi mal və xidmət növləri “istehlak səbəti”ndən çıxarılır. Mərkəzi Bankın tənzimləyə biləcəyi inflyasiya məhz “baza inflyasiya”dır. Məsələn, tutaq ki, hökumət elektrik enerjisinin qiymətinin qaldırılması barədə qərar qəbul edir. Bunun nəticəsində ümumi inflyasiya səviyyəsi də qalxır. Mərkəzi Bank bu qalxmanın qarşısını almağa qadir deyil. Çünki sərəncamında olan alət və mexanizmlər çərçivəsində Mərkəzi Bank yalnız məcmu tələbə təsir göstərməklə inflyasiyanı (sərbəst qiymətləri) tənzimləyə bilir. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin dəyəri isə birbaşa tələbdən asılı olaraq dəyişmir. Ümumi inflyasiya kimi “baza inflyasiya” da Dövlət Statistika Komitəsi tərəfindən hesablanır.
Yaranma səbəblərinə görə inflyasiyanı iki qrupda təsnifləşdirmək olar: tələb inflyasiyası və təklif inflyasiyası. Tələb inflyasiyası əmtəə və xidmətlərə tələbin izafi artımı nəticəsində pul kütləsinin çoxalmasından irəli gəlir. Yəni, dövriyyədəki pulun miqdarı təklif olunan malların miqdarı ilə müqayisədə daha yüksək templə artdıqda tələb inflyasiyası baş verir. Pul kütləsinin kəskin artımı dövlət büdcəsi xərclərinin sürətlə çoxalması ilə bağlı tələbin genişlənməsindən, xarici ticarət balansında iri həcmli müsbət saldonun əmələ gəlməsi ilə bağlı daxili iqtisadiyyata xarici pul daxilolmalarından, ölkəyə iri həcmli kapital axınlarından, mərkəzi bank tərəfindən yumşaq pul siyasətinin yeridilməsi nəticəsində iqtisadiyyatda pula tələbin artmasından qaynaqlana bilər. Təklif inflyasiyası istehsal xərclərinin artması və ya təklifin azalması ilə əlaqədar olaraq meydana gəlir. Məsələn, enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi nəticəsində istehsal xərcləri yüksəlir ki, bu da son nəticədə qiymətlərin artmasına gətirib çıxarır.
İlk növbədə, yüksək inflyasiya əhalinin gəlirlərini və yığımlarını real ifadədə dəyərsizləşdirir. Eyni zamanda, yüksək inflyasiya iqtisadiyyatda qeyri-müəyyənliklər yaradaraq potensial investorları sərmayə qoyuluşlarından çəkindirir. Həmçinin qiymətlərin artımı faktı ictimaiyyətdə inflyasiya gözləntilərini artırır ki, bu da tələbin lüzumsuz artımını stimullaşdırmaqla yenidən inflyasiya proseslərinin aktivləşməinə təkan verir. Yüksək inflyasiya uzunmüddətli dövrdə iqtisadi artımı ləngidir və əhalinin sosial rifah halına mənfi təsir göstərir.
Qiymәt sabitliyi istehlakçılar vә biznes üçün әlverişli iqtisadi mühitin vacib elementidir. Aşağı inflyasiya milli valyutanın sabit alıcılıq qabiliyyәtini tәmin edir. Qiymәt sabitliyi hesabına etimad qazanmış siyasәt sahibkarlara vә ev tәsәrrüfatlarına öz investisiya vә istehlak planlarını ortamüddәtli dövrә әminliklә tәrtib etmәyә imkan yaradır. Stabil aşağı inflyasiya gәlirlәrin vә yığımların dәyәrsizlәşmәsinin qarşısını alaraq milli valyutada uzunmüddәtli yığımları stimullaşdırır, dollarlaşmanı vә faiz dәrәcәlәrini azaldır. Bu da daxili investisiya potensialını artırır vә iqtisadi inkişafa tәkan verir. Aşağı inflyasiya sosial stabilliyin vacib elementi olmaqla aşağı gәlirli әhalinin istehlak sәviyyәsini qoruyur vә gәlir bәrabәrsizliyinin dәrinlәşmәsinә mane olur.
Yumşaq pul siyasəti tələbin canlandırılmasına və iqtisadi artımın stimullaşdırılmasına yönəldmiş pul siyasətidir. Yumşaq pul siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini aşağı salır, qiymətli kağızlar alaraq dövriyyəyə pul buraxır, banklara daha çox kreditlər verir, milli valyutanın məzənnəsinin ucuzlaşmasına şərait yaradır. Sərt pul siyasəti inflyasiyanın məhdudlaşdırılmasına yönəldmiş siyasətdir. Sərt pul siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini yüksəldir, malik olduğu qiymətli kağızları sataraq dövriyyədəki pulu azaldır, milli valyutanın məzənnəsinin möhkəmlənməsinə şərait yaradır, banklara kredit verilməsini məhdudlaşdırır.
Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasəti alətləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsində də aşağıdakı kimi öz əksini tapmışdır:
Pul siyasətinin transmissiya mexanizmi dedikdə mərkəzi bank tərəfindən qəbul edilən pul siyasəti qərarlarının iqtisadiyyata təsiri (ötürülməsi) prosesi nəzərdə tutulur. Müasir dövrdə pul siyasətinin faiz dərəcələri, kreditlərin verilməsi, valyuta məzənnəsi, səhmlərin dəyəri və s. kimi transmissiya kanalları mövcuddur. Pul siyasəti qərarları real iqtisadiyyata bu kanallar vasitəsilə dərhal deyil, müəyyən vaxtdan sonra təsir göstərir. Azərbaycanda pul siyasətinin transmissiyasını sxematik olaraq aşağıdakı kimi təsvir etmək olar:
Valyuta məzənnəsi xarici valyutanın milli valyutada ifadə olunan dəyəridir. Valyuta məzənnəsinə təsir göstərən amillər aşağıdakılardır: tədiyə balansının vəziyyəti (kəsir və ya profisitdə olması), ölkədəki inflyasiya səviyyəsi, xarici borc yükü, faiz dərəcələri, iqtisadiyyatın ümumi vəziyyəti və s.
Valyuta məzənnəsi inflyasiyaya əsasən idxal qiymətləri vasitəsilə təsir göstərir. Milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən yüksəldikdə idxal qiymətləri ucuzlaşır, milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən aşağı düşdükdə isə, əksinə, idxal malları bahalaşır. Bir qayda olaraq, daxili istehlak bazarında idxal mallarının xüsusi çəkisi nə qədər çox olarsa məzənnənin ümumi inflyasiya səviyyəsinə təsiri də bir o qədər əhəmiyyətli olar.
Tədiyə balansı ölkə rezidentlərinin dövr ərzində qeyri-rezidentlərlə apardığı xarici iqtisadi əməliyyatlar (beynəlxalq iqtisadi əlaqələr) üzrə valyuta daxilolmaları və xaricolmaları arasında balansı əks etdirən statistik uçot sistemidir. Tədiyə balansının vəziyyəti, yəni, müsbət və ya mənfi saldoya malik olması makroiqtisadi siyasətə dair qərarların qəbul olunmasında mühüm informasiya mənbəyidir.
Tədiyə balansı ibarətdir:
Cari əməliyyatlar balansına aiddir: ölkənin xarici ticarəti (malların idxalı və ixracı), əldə edilmiş və göstərilmiş beynəlxalq xidmətlər (nəqliyyat, sığorta, rabitə, turizm, tikinti və s.), əldə edilmiş və ödənilmiş ilkin (faktor) gəlirlər (əmək haqqı, dividend, faiz, renta və digər bu tip ödənişlər) və təkrar gəlirlər (fiziki şəxslərin pul baratları, humanitar yardımlar və s.).
Kapital və maliyyə hesabı - əsasən ölkəyə müxtəlif formalarda daxil olan və ölkədən müxtəlif formalarda çıxan kapital və maliyyə vəsaitinin hərəkətini əks etdirir. Bu, birbaşa və portfel investisiyaları, kreditlər, depozitlər və nağd valyuta, habelə digər formalarda ola bilər.
Ehtiyat aktivlərinin dəyişimi – Cari əməliyyatlar həmçinin Kapital və maliyyə hesabında uçota alınmış əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar hesabı kəsirli/profisitli olduqda, bu kəsir/profisit kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşməlidir/örtülməlidir. Lakin, əgər cari hesabın kəsiri/profisiti tam olaraq kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşmirsə (örtülmürsə), onda bu fərq ehtiyat aktivləri (valyuta ehtiyatları) hesabına maliyyələşə (örtülə) bilər.
Balanslaşdırıcı maddələr –Hər bir əməliyyatın kredit (daxilolmalar) və debet (ödənişlər) tərəfi olduğundan, balansın yekununda ikili yazılış qaydası üzrə məcmu kredit əməliyyatlarının yekun həcmi məcmu debet əməliyyatlarının yekun həcminə bərabər olmalıdır. Praktikada isə heç bir ölkənin tədiyə balansının tərtibatında buna nail olmaq mümkün olmur. Xüsusilə,ölkənin xarici iqtisadi əlaqələrinin sürətlə genişlənməsi şəraitində bir sıra əməliyyatların dəqiq qeydiyyatını aparmaq daha da çətin olur (informasiyanın tam olmaması, informasiya mənbələri arasında vaxt intervalı, qiymətləndirmələrdə kənarlaşmalar və s.). Nəticədə yaranan fərqlər cəmi yekunda balanslaşdırıcı maddələr rolunu oynayır.
Təsbit edilmiş məzənnə rejimi dedikdə ölkənin milli valyutasının hər hansı sərbəst dönərli xarici valyutaya (əsasən ABŞ dolları) qarşı nominal məzənnəsinin yalnız Mərkəzi Bankın siyasətindən asılı olaraq dəyişdirilməsi və ya sabit saxlanılması nəzərdə tutulur. Məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlaşdırır. “Üzən” valyuta məzənnəsi rejiminin tətbiq edildiyi zaman valyuta məzənnəsi valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır. Lakin, “üzən” valyuta məzənnəsi rejimi mərkəzi bank tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını istisna etmir. Belə ki, müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilər.
Milli valyutanın məzənnəsinə təsir edən ən mühüm amil daxili valyuta bazarında tələb və təklifin nisbətidir. Bu nisbət tədiyə balansının vəziyyətindən asılı olaraq formalaşır. (Tədiyyə balansı statistikası ilə AMB-nin rəsmi internet səhifəsində, aşağıdakı linkdə tanış olmaq olar: https://www.cbar.az/page-43/external-sector-statistics ).
Valyuta müdaxiləsi valyuta bazarında Mərkəzi Bank tərəfindən həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən, əsasən, özünün sərəncamında olan xarici valyuta ehtiyatlarından istifadə edir.
Açıq bazarda əməliyyatlar dedikdə əsasən mərkəzi bank tərəfindən qiymətli kağızların alqı-satqısı əməliyyatları nəzərdə tutulur. Mərkəzi Bank adətən hökumətin qiymətli kağızlarının alqı-satqısı ilə məşğul olur (əsasən, banklarla), lakin bununla yanaşı özü də qiymətli kağızların emissiyasını həyata keçirə bilər. Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda dövriyyədə olan pul kütləsi azalır (sterilizasiya), qiymətli kağızlar alındıqda isə pul kütləsi artır (emissiya). Qiymətli kağızlar birbaşa, habelə REPO və əks-REPO formasında alınıb satıla bilər. Bir çox hallarda Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən depozit və kredit əməliyyatları da açıq bazar əməliyyatları hesab olunur.
Yeni müddətli notların yerləşdirilməsində məqsəd Mərkəzi Bankın sterilizasiya alətlərini müddət üzrə diversifikasiya etməklə gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasına şərait yaradılması, bütövlükdə qiymətli kağızlar bazarının inkişafına və bu əsasda banklararası pul bazarının aktivləşməsini dəstəkləməkdir.
Yeni müddətli notlar “faiz dəhlizi” prinsipi tətbiq edilmədən yerləşdirilir. Yəni yeni müddətli notlarla bağlı keçirilən hərraclarda təqdim olunacaq sifarişlər Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi diapozonu ilə məhdudlaşmır və faizlər hərrac iştirakçılarının bazar faizləri ilə bağlı gözləntisini əks etdirir.
Notların yerləşdirilməsi üzrə hərracların keçirilməsində yeniliklərdən biri də hesablaşma rejimindəki dəyişikliklərdir. Belə ki, notlarla bağlanmış əqdlər üzrə hesablaşmaların daha rahat icra edilməsi üçün Mərkəzi Bankın bütün müddətlərdə yerləşdirdiyi notları ilə bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçirilir.
REPO mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatıdır. Bu əməliyyat dövriyyədə olan pul kütləsinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Əks-REPO isə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarından alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlara geri satılmasını nəzərdə tutan əməliyyatdır. Əks-REPO-nun tətbiq olunmasında məqsəd dövriyyədə olan pul kütləsinin qısamüddətli artırılmasıdır.
Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini ölkədəki iqtisadi durumu və maliyyə bazarlarının vəziyyətini nəzərə alaraq müəyyənləşdirir. Mərkəzi Bank açıq bazar, yenidənmaliyyələşmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini həm təsbit etmək yolu ilə, həm də müvafiq hərraclarda tələb və təklif əsasında müəyyənləşdirə bilər.
Faiz dərəcəsi borc bazarında pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyili isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyil göstərirlər, əllərində olan nağd pulu isə xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir. Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyili güclənir. Çünki əmanətlər üzrə faizlər nağd pulu saxlamağın (bank sektorundan kənarda yığım etməyin) “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyat norması qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə, iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyat normasını azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni, 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.
Pul multiplikatoru bank sisteminin əlavə pul yaratmaq qabiliyyətidir. İlkin mərhələdə pul Mərkəzi Bank tərəfindən emissiya yolu ilə yaradılır. Sonradan banklar onu daha da artırırlar. Bu proses qeyri-nağd pulu təşkil edən depozitlər hesabına baş verir. Belə ki, pul kütləsinə yalnız nağd pul deyil, həm də depozitlər daxildir. Pulun artırılması və ya multiplikasiyası prosesində 3 tərəf iştirak edir: kommersiya bankları, depozitorlar və kreditorlar. Kommersiya bankları depozitlər cəlb edirlər. Sonra cəlb etdikləri depozitləri kredit olaraq digər iqtisadi subyektlərə verirlər. Krediti götürən iqtisadi subyektlər onu mal və xidmətlərin alınmasına yönəldirlər. Mal və xidməti satan müəssisələr əldə etdiyi vəsaitin bir hissəsini yenidən banklara depozit kimi yerləşdirirlər. Sonra bu depozitlər yenidən kredit kimi verilir. Zəncirvari davam edən bu prosesdə Mərkəzi Bankın yaratdığı pul bir neçə dəfə artmış olur.
Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, inflyasiyanın hədəflənməsi rejimi (İHR) qiymət sabitliyinin qorunması, inflyasiyanın aşağı və sabit səviyyədə saxlanılması üçün ən optimal rejimdir. BVF-nin məlumatına görə İHR tətbiq edən ölkələrin sayı 40-a yaxınlaşmışdır. İHR-ə keçiddən sonra əksər ölkələrdə inflyasiyanın volatilliyi və səviyyəsi aşağı düşmüş, iqtisadi artım göstəricisi yaxşılaşmışdır.
İHR-də inflyasiya pul siyasətinin prioritet hədəfi olaraq elan edilir. Bu dəqiq hədəf, dəyişkən intervallı hədəf və hədəf diapozonu formasında ola bilər. Bu rejimdə inflyasiya, əsasən, faiz dərəcələri vasitəsilə idarə olunur. Transmissiyanın I həlqəsində mərkəzi bankın uçot dərəcəsi banklararası bazarda qısamüddətli faizlərə təsir edir. Transmissiyanın II həlqəsində qısamüddətli faizlər pulun uzunmüddətli dəyərinə təsir göstərməklə məcmu tələbi və bu əsasda inflyasiyanı dəyişdirir. Bu rejimdə siyasət reaksiyası inflyasiya proqnozunun hədəflə müqayisəsindən asılıdır. Proqnoz hədəf çərçivəsindədirsə siyasət dəyişmir. Proqnoz hədəfdən kənarlaşırsa bunun səbəbindən asılı olaraq siyasət dəyişdirilir. Qəbul edilmiş qərarlar geniş kommunikasiya olunur.
Valyuta ehtiyatlarının idarə olunmasının məqsədi dövlətin pul və məzənnə siyasətinin həyata keçirilməsi və ölkənin beynəlxalq öhdəlikləri üzrə hesablaşmalarının aparılması üçün valyuta ehtiyatlarının təhlükəsiz və likvid saxlanılması, həmçinin investisiya gəliri əldə edilməsidir.
Mərkəzi Bankın valyuta ehtiyatları yalnız makroiqtisadi “stabilizator” və “təhlükəsizlik yastığı” funksiyasını həyata keçirir.
Mərkəzi Bank sərəncamında olan valyuta ehtiyatlarını idarə edir və onlara tam nəzarəti həyata keçirir.
Mərkəzi Bankın valyuta ehtiyatlarının təhlükəsizliyi və likvidliyi başlıca priorotet olduğundan o, aşağı risk dözümlülüyünə malikdir və investisiya horizontu 1 ildir. Mərkəzi Bank investisiya portfelini formalaşdırarkən bu müddət ərzində portfelin itki ilə üzləşməməsini əsas götürür.
Mərkəzi Bankın valyuta ehtiyatlarının artım mənbələrini, əsasən daxili bazardan valyuta alışları/satışları və idarəetmədən əldə olunan gəlirlər, eləcə də valyuta ehtiyatlarının tərkibində olan xarici valyutaların məzənnələrinin dəyişməsi təşkil edir.
Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə olunması strategiyasına uyğun olaraq Mərkəzi Bank valyuta ehtiyatlarını xarici maliyyə institutlarında depozitlərə, xarici ölkələrin sabit gəlirli qiymətli kağızlarına, eləcə də qızıla investisiya edə bilər.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, hər bir kredit təşkilatı müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən xidmətlər üçün digər ödənişləri müəyyən etməkdə sərbəstdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsinə uyğun olaraq zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
“Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2-ci maddəsinə görə, qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.
"Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin Fondun iştirakçı bankı qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya, hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manat məbləğində pul vəsaitləri qorunan əmanət hesab edilir.
Mərkəzi Bankın maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi olan infobank.az internet səhifəsinə daxil olaraq “kreditlər” bölməsinə keçid etməklə respublika ərazisində fəaliyyət göstərən banklardakı kredit məhsulları barədə məlumat əldə etmək mümkündür.
Qeyd olunan məlumat Mərkəzi Bankın infobank.az internet səhifəsinə daxil olaraq əldə edilə bilər. Həmçinin infobank.az internet səhifəsində respublika ərazisində fəaliyyət göstərən banklara məxsus ödəniş terminallarına dair məlumatlar da öz əksini tapmaqdadır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə uyğun olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Eyni zamanda vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
Dəbbə pulu (cərimə, penya) öhdəliyin icrasının təmini üsullarından biri olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 947.2-ci maddəsinə uyğun olaraq istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində qaytarmalıdır, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Digər tərəfdən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
"Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə əsasən hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir. Odur ki, vəfat etmiş şəxsin hesabları və əmanətləri barədə məlumatlar Qanunvericiliyə müvafiq olaraq vərəsəlik işini aparan notariuslar tərəfindən müvafiq kredit təşkilatlarından əldə edilə bilər. Bununla yanaşı nəzərə alınmalıdır ki, müştərilərlə banklar arasında bağlanılmış bank hesabları barədə müqavilələr, həmin şəxslərin hesabları və hesablar üzrə əməliyyatlarını əks etdirən məlumatlar Mərkəzi Bankda toplanmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964.2-ci maddəsinə görə, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Digər tərəfdən, İcra haqqında Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz, eyni zamanda əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
Hər hansı şəxsin kredit tarixçəsi barədə məlumatlar “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan hallarda və qaydada hal-hazırda fəaliyyət göstərən “Azərbaycan Kredit Bürosu” MMC-yə müraciət edərək əldə edilə bilər.
Bank sisteminin likvidlik mövqeyindən asılı olaraq Mərkəzi Bank tərəfindən ya vəsaitlərin yerləşdirilməsi, ya da vəsaitlərin sterilizasiyası üzrə əməliyyatlar həyata keçirilə bilər.
Bank sisteminə əlavə likvidliyin ötürülməsi məqsədilə mərkəzi bankların istifadə etdiyi alətlərdən biri də kommersiya banklarına yenidənmaliyyələşdirmə kreditlərinin verilməsidir.
Bank sistemində izafi likvidlik müşahidə olunduqda əsasən likvidliyin verilməsi alətlərindən deyil, vəsaitlərin sterilizasiyası alətlərindən, o cümlədən notların yerləşdirilməsi və depozitlərin cəlbi alətlərindən aktiv istifadə edir.
Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi cəlb olunmuş müddətli əmanətlərin orta faiz dərəcəsi əsasında müəyyən edilir. Qanunvericiliyə əsasən qorunun əmanətlər üzrə faiz həddinin dəyişdirilməsi barədə qərar Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurası tərəfindən nəzarət orqanı ilə razılaşdırılmaqla həyata keçirilir.
Banklarda əmanət yerləşdirilməsinə dair cari şərtlərlə infobank.az internet səhifəsinə daxil olaraq “əmanətlər” bölməsinə keçid etməklə tanış ola bilərsiniz.
Azərbaycanda xarici investisiyanın cəlbi üçün əlverişli mühit, habelə xarici investisiyaların qorunmasına dair Qanun mövcuddur. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirakı “Banklar haqqında” Qanunla tənzimlənir. Hazırda bununla bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Xarici bankların digər ölkələrdə törəmə banklar açmaq məsələsinə gəldikdə isə bu, həmin bankların biznes strategiyalarından asılıdır. Məlumat üçün qeyd edək ki, son hesabat tarixinə (30.04.2020) 13 bankda xarici kapital (o cümlədən, 7 bankda iştirak payı 50%-dən yuxarı) iştirak edir.
29 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurası yaradılmışdır. Şuranın iclasları dövrü olaraq təşkil olunur və bununla bağlı Mərkəzi Bankın rəsmi internet saytında müvafiq press relizlər dərc edilir.
Şuranın əsas məqsədi ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə real sektor və maliyyə sektoru arasında əməkdaşlığın gücləndirilməsi, biznesin banklarla qarşılıqlı fəaliyyətlərində meydana çıxan çətinliklər və onların həlli yolları, biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, sahibkarlarla maliyyə bazarlarının iştirakçıları arasında qarşılıqlı etimadın gücləndirilməsi, biznesin maliyyə dövriyyəsinin şəffaflığının artırılması məqsədilə onun nağdsız ödəniş alətlərindən istifadə imkanlarının genişləndirilməsi, həmçinin sahibkarların maliyyə savadlılığının davamlı yüksəldilməsi məsələləri barədə aktiv müzakirələri təşkil etmək və müvafiq təkliflərin verilməsini təmin etməkdən ibarətdir.
Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyası və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən lizinq təşkilatları üzərində nəzarətin həyata keçirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmir.
Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyası və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən lombard təşkilatları üzərində nəzarətin həyata keçirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmir.
Lizinq və lombard fəaliyyətini həyata keçirən təşkilatlar tərəfindən fiziki şəxslərə verilmiş vəsaitlər üzrə kompensasiya və restrukturizasiya məbləğlərinin hesablanması nəzərdə tutulmur. Fərman yalnız banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) tərəfindən verilmiş kreditləri əhatə edir.
Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.7-ci yarımbəndinə əsasən restrukturizasiya dedikdə kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə kreditlərin (güzəştli kredit) rəsmiləşdirilməsi başa düşülür. Bu zaman restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir:
Fərmanda belə restrukturizasiya məqsədilə banklara və bank olmayan kredit təşkilatlarına (kredit ittifaqları istisna olmaqla) tövsiyə edilir ki, vaxtı keçmiş kredit borcu olan müvafiq fiziki şəxslərə həmin kreditlərə hesablanmış faizlər silinməklə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Bu zaman yeni güzəştli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit öhdəliklərinin icrası davam etməlidir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın (Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur.
Ölkədə nağdsız ödənişlərin həcminin artırılması nəticəsində dövriyyədə olan nağd pul kütləsinin əksər hissəsi banklara cəlb edilir ki, bununla da pul siyasətinin effektiv həyata keçirilməsi, investisiya potensialının yüksəldilməsi və kölgə iqtisadiyyatının qarşısının alınması imkanı yaranır. Hazırda əhali tərəfindən ödəniş kartları vasitəsilə aparılan əməliyyatların həcminin 13%-i nağdsız qaydada həyata keçirirlir.
Ölkədə ödəniş kartı vasitəsilə internet üzərindən və bankomatla vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə, sığorta, ipoteka, kabel televiziya və başqa kütləvi xidmətlər üzrə ödənişlərin aparılması mümkündür. Eyni zamanda POS-terminal vasitəsilə mal və xidmətlərin dəyərinin ödənilməsi həyata keçirilir. Bundan əlavə, banklar tərəfindən kart istifadəçilərinə elektron depozitin açılması, pul köçürmələrinin həyata keçirilməsi və digər xidmətlər təqdim edilir.
Ölkədə ödəniş kartlarından istifadənin genişləndirilməsi və kart bazarınının inkişaf etdirilməsi üçün imkanlar vardır.
Beynəlxalq təcrübədə geniş istifadə olunan bir sıra kart məhsullarının tətbiq edilməsi, göstərilən xidmətlərin çeşidinin artırılması zəruridir.
Artıq əhaliyə kütləvi xidmət göstərən özəl və hökumət qurumları tərəfindən ödəniş kartlarından istifadə edilməklə xidmət haqlarının ödənilməsi imkanı yaradılmışdır. Həmçinin sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərə aldıqları mal, iş və xidmətlərin dəyərinin nağdsız üsullarla ödənilməsi imkanının yaradılması məqsədilə korparativ və biznes tipli ödəniş kartlarından geniş istifadə olunmalıdır. Nəqliyyat sektorunda sərnişindaşımalarda və yanacaqdoldurma məntəqələrində ödənişin aparılması sürətini artırmaq üçün təmassız ödəniş kartları tətbiq edilməlidir.
Ödəniş kartının hansı banka aid olmasından asılı olmayaraq təsərrüfat subyektlərində POS-terminal vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə kart sahibindən heç bir halda xidmət haqqı tutulmur. Belə ki, təsərrüfat subyekti ilə bank ekvayer arasında bağlanmış müqaviləyə əsasən təsərrüfat subyekti dövriyyəsindən və ya aylıq olaraq, bankın quraşdırdığı POS-terminala və göstərdiyi xidmətə görə banka xidmət haqqı ödəyir və bu səbəbdən kart sahibindən heç bir xidmət haqqı tutulmur.
Lakin ödəniş kartları ilə yerli bank filialları və poçt şöbələrində, habelə internet üzərindən dövlət büdcəsinə həyata keçirilən vergi, rüsum, cərimə və digər ödənişlər üzrə əlavə xidmət haqqı tutula bilər. Xidmət haqqının tutulması ilə bağlı məlumat müxtəlif üsullarla öncədən kart sahibinə bildirilməlidir.
Mərkəzi Bank tərəfindən ölkədə müasir standartlara əsaslanan, təhlükəsiz və suveren Milli Ödəniş Sistemi yaradılmışdır. Beynəlxalq maliyyə qurumlarının qiymətləndirməsinə görə, yaradılmış milli ödəniş sistemi regionda ən qabaqcıl mövqedədir. Bu infrastruktur ödənişləri saniyələr ərzində və təhlükəsiz həyata keçirməyə imkan verir. Sistemin xarici risklər və beynəlxalq telekommunikasiya şəbəkəsi olan SWIFT-dən asılılığı aradan qaldırılmışdır.
Əlavə olaraq Mərkəzi Bankda informasiya və ödəniş sistemlərinin etibarlı və davamlı, eyni zamanda təhlükəsizlik tələbləri qorunmaqla fəaliyyətinin təşkili əsas strateji hədəflərdən biridir. Bu məqsədlə yaxın və uzun müddətli strateji təşəbbüsləri özündə ehtiva edən strateji fəaliyyət planı beynəlxalq təşkilatların dəstəyi ilə yaradılmışdır.
Həmin fəaliyyət planına müvafiq olaraq yeni nəsil təhlükəsizlik avadanlıqları və proqram təminatları davamlı tətbiq edilir, o cümlədən informasiya resurslarının müəyyən edilmiş zaman qrafikinə əsasən kənardan müdaxilə sınaqları həyata keçirilir.
Kart bazarının inkişaf etdiyi bir şəraitdə kart sahiblərinin bu ödəniş alətlərinə inam və etibarının artırılması prioritet məsələlərdəndir. Bu məqsədlə kart əməliyyatlarında fırıldaqçılıq hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi və bu sahədə riskin idarə edilməsi mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamətdə Mərkəzi Bank tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bura normativ hüquqi bazanın möhkəmləndirilməsi, bank mütəxəssislərinə bilik və bacarıqların artırılması üçün treninqlərin təşkili, bank və aidiyyatı qurumların fəaliyyətlərinin əlaqələndirilməsi kimi tədbirləri qeyd etmək olar.
Mərkəzi Bank tərəfindən hazırlanmış “Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları” qüvvəyə minmişdir. Bu Qaydalara əsasən bankların kartlarla aparılan şübhəli əməliyyatların vaxtında aşkar edilərək qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqin aparılması və bu tip əməliyyatlar üzrə risklərin idarə edilməsi sistemi və kadr potensialı olmalıdır. Eyni zamanda, beynəlxalq təcrübə əsasında “Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə Tövsiyələr” işlənib hazırlanaraq banklara göndərilmişdir.
Ödəniş kartları sahəsində çalışan bank mütəxəsisslərinin kartlarla fırıldaqçılıq hallarının qarşısının alınması üzrə bilik və bacarıqlarının artırılması məqsədilə Mərkəzi Bankın təşəbbüsü ilə “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatları tərəfindən müxtəlif mövzularda seminarlar təşkil edilmişdir.
Ödəniş kartları infrastrukturu vasitəsilə aparılan əməliyyatların təhlükəsizliyinin təmin edilməsi və fırıldaqçılığın qarşısının alınması məqsədilə Mərkəzi Bank, banklar, kart prosessinq mərkəzləri, milli təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi üçün qarşılıqlı əməkdaşlıq zəruridir. Bu məqsədlə Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, seçilmiş bankların, kart prosessinq mərkəzlərinin mütəxəssislərindən, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət Kartlarla fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə İşçi Qrupu yaradılmışdır.
Əlavə olaraq, ödəniş sistemlərinə nəzarətin tərkib hissəsi olaraq Mərkəzi Bank tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir.
Tövsiyələr ümumilikdə banklar tərəfindən təşkilati və infrastruktur imkanlarının təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin, bank heyətinin və həmçinin ödəniş kartları sahibləri ilə işin təşkilinə yönəldilmişdir. Hər bir banka ödəniş kartları ilə aparılan əməliyyatların sutka ərzində monitorinqinin həyata keçirilməsi xidmətinin yaradılması, bu istiqamətdə digər banklarla, kart prosessinq mərkəzləri və hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığın təmin edilməsi, ödəniş terminallarının və ödəniş kartlarının EMV (çip) texnologiyalarına tam keçidinin sürətləndirilməsi və maqnit zolaqlı kartların istifadəsinin tədricən məhdudlaşdırılması, kart infrastrukturunun təhlükəsizliyinin tədricən “PCI DSS” standartının tələblərinə uyğunlaşdırılması, internet üzərindən həyata keçirilən ödənişlərdə “3D secure” təhlükəsizlik texnologiyasının (“Verified by Visa” və “MC SecureCode”) tətbiqinə keçidin sürətləndirilməsi, bankomatlarda xüsusi sensorların, həmçinin bankın təhlükəsizlik xidmətinə xəbərdarlıq siqnalı göndərən “antiskimming” qurğularının və müşahidə kamerasının quraşdırılması və digər kartlarla fırıldaqçılıq hallarının aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi tövsiyə edilmişdir.
Fəaliyyət Planına uyğun olaraq, kart infrastrukturunun təhlükəsizliyinin artırılması məqsədilə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Həmin tədbirlərdən biri də tədricən maqnit lentli kart infrastrukturundan çip texnologiyalarına keçidin təmin edilməsidir. Bu məqsədlə bankların mövcud imkanları da nəzərə alınmaqla və son müddət göstərilməklə keçid planının hazırlanması və təsdiq edilməsi nəzərdə tutulmuşdur. Çip texlogiyalara keçid öz növbəsində təhlükəsizlik standartlarını artırmaqla bərabər ödəniş kartları bazarında təklif edilən məhsulların keyfiyyətini və çeşidini artıracaqdır.
Ödəniş kartları sənayesi üzrə məlumatların təhlükəsizliyi standartı (PCİ DSS) bütövlükdə beynəlxalq kart təşkilatları tərəfindən (Visa, MasterCard, Amex, Diners Club) ödəniş kartı sahiblərinin məlumatları üzrə təhlükəsizlik standartlarının hərtərəfli geniş tətbiqinin asanlaşdırılması üçün nəzərdə tutulmuşdur. “PCI DSS” standartları ödəniş kartı sahiblərinin məlumatlarının qorunmasını təmin edən texniki və istismar tələbləri təşkil edir. Bu standartlar auditorlar tərəfindən ödəniş kartları üzrə məlumatların emalında iştirak edən bütün tərəflərin yoxlanılmasında tətbiq edilir. Ödənişlərin emalında iştirak edən tərəflər dedikdə təsərrüfat subyektləri, kart prosesinq mərkəzləri, bank ekvayerlər, kartları emissiya etmiş banklar, məlumatların ötürülməsinə cəlb edilmiş üçüncü tərəflər və ümumilikdə ödəniş kartları haqqında məlumatların ötürülməsi, emalı və saxlanılmasında iştirak edən bütün tərəflər nəzərdə tutulur. Bütövlükdə standartlar ödəniş kartı sahiblərinin məlumatlarının məxfiliyinin təmin edilməsi məqsədi ilə əsasən 12 minimal tələbi özündə birləşdirir.
Əvvəlcədən ödənilmiş kartların (“Pre-paid card”) satışı daha əlverişli formada təşkil olunaraq emitent bank tərəfindən üçünçü tərəf cəlb oluna bilər. Belə ki, emitent bank bağlanmış müqavilə əsasında əvvəlcədən ödənilmiş kartların satışına üçüncü şəxsləri cəlb edə bilər. Bu zaman kartı alan şəxsin eyniləşdirilməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
“Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydalarına” əsasən əvvəlcədən ödənilmiş kart əvvəlcədən mədaxil edilmiş vəsait həcmində mal, iş və xidmətlərin dəyərinin ödənilməsinə və/və ya nağd pul vəsaitinin alınmasına imkan verən kartdır. Hal-hazırda dövriyyədə olan ödəniş kartlarından fərqli olaraq əvvəlcədən ödənilmiş kartlar yalnız fiziki şəxslər tərəfindən istifadə olunur və bu kartları debit və kredit kartlarından fərqləndirən əsas cəhət bank hesabının açılmasındadır. Belə ki, əvvəlcədən ödənilmiş kartlar konsolidə edilmiş hesaba bağlanır.
Hökumət Ödəniş Portalı Milli Ödəniş Sisteminin infrastruktur imkanlarından daha səmərəli istifadə edilməsi, əhali və iqtisadi subyektlər arasında nağdsız hesablaşmaların genişləndirilməsi və ölkənin bütün regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmışdır. Portal vasitəsilə mərkəzləşdirilmiş qaydada vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və başqa kütləvi xidmətlər üzrə ödənişlərin toplanılması təmin edilmişdir.
Hal-hazırda bu infrastruktura 13 mərkəzi icra hakimiyyəti orqanı, 'Elektron Məhkəmə' portalı üzərindən 96 məhkəmə orqanı, pilot olaraq seçilmiş 10 bələdiyyə orqanı, səhm paketi dövlətə məxsus olan 9 hüquqi şəxs, 6 dövlət ali təhsil müəssisəsi, İcbari sığorta Bürosu vasitəsi ilə 13 sığorta şirkəti və 3 mobil rabitə operatoru inteqrasiya olmuşdur. Bu gün HÖP-ə inteqrasiya olunmuş qeyd olunan qurumlar üzrə ümumilikdə 521-dən çox xidmət, o cümlədən 400-dən artıq dövlət xidmətləri üzrə ödənişlər 'Azərpoçt' MMC, 'Naxçıvanpoçt' MMC və 30 bankın 2000-dən çox ödəniş məntəqəsində, 1000-dən çox ödəniş terminallarında nağd formada və portalın internet resursundan, bankların elektron bankçılıq xidmətlərindən istifadə edilməklə ödəniş kartları və bank hesabları vasitəsilə nağdsız qaydada qəbul edilir.
Hökumət Ödəniş Portalında qeydiyyat Fərdi İdentifikasiya Nömrəsi (FİN) vasitəsilə aparılır. İstifadəçi şəxsi kabinetinə qeydiyyat kodundan, email ünvanından, elektron imzasından və ya mobil nömrəsindən istifadə etməklə daxil ola bilər.
Hökumət Ödəniş Portalında (www.gpp.az) qeydiyyatdan keçmiş ödəyici portala inteqrasiya olunmuş dövlət orqanları, kommunal təşkilatlar, rabitə operatorları və digər kütləvi xidmət müəssisələrinin istifadə etdiyi identifikasiya metodlarına uyğun olaraq şəxsi kabinetində əlaqələndirmələr yaradır. Bundan sonra şəxsi kabnetinə daxil olan ödəyici vahid bir məkanda bütün bu xidmətlər üzrə öhdəliklərini görür və ödənişlərini apara bilir. Eyni zamanda bu təşkilatlar qarşısında yaranmış öhdəlikləri haqqında dərhal ödəyiciyə onun seçimindən asılı olaraq SMS və yaxud e-mail ilə məlumat çatdırılır. Ödəyici aparılmış ödənişlərin tarixçəsini istənilən period üzrə izləmək imkanına malikdir. Şəxsi kabinetlə yanaşı portal vasitəsilə qeydiyyatsız rejimdə ayr-ayrılıqda təşkilatlar üzrə seçilmiş identifikasiya kodlarından istifadə edilməklə ödənişlərin aparılması mümkündür.
Eyni zamanda ödəyici Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş Azərpoçt MMC və 30 bankın 2000-dən çox online rejimdə işləyən ödəniş məntəqəsinə, həmçinin 1000-dən çox ödəniş terminalına yaxınlaşmaqla ödənişlərini apara bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, ödəniş sistemlərinin inkişafı istiqamətində verdiyi tapşırıqların vaxtında icrası məqsədi ilə Mərkəzi Bank tərəfindən həm aidiyyatı hökumət qurumları, həm də banklarla birlikdə müxtəlif tədbirlər həyata keçirilir.
Belə tədbirlərdən biri kimi banklar arasında maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi, elektron bankçılıq xidmətlərinin inkişaf etdrilməsi, nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədi ilə 2013-cü ildən illik əsasda nominasiya müsabiqəsi keçirilir. Hər il keçirilən nominasiya müsabiqəsi çərçivəsində “Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, “Elektron ticarətin inkişafında lider bank”, “Təmassız ödəniş kartları üzrə lider bank” və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyaları üzrə qalib banklar müəyyən edilir və mükafatlandırılır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” nə əsasən verilmiş tapşırıqlardan biri də rəqəmsal iqtisadiyyatın formalaşdırılması, rəqəmsal ödənişlərin genişləndirilməsidir.
Bu tapşırığın icrası çərçivəsində ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, qeyri-neft sektorunun aparıcı sahələri üzrə nağd iqtisadiyyatın həcminin ölçülməsi, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə 2017-ci ilin fevral ayından “Nağdsız Azərbaycan” layihəsinə start verilmişdir.
Layihə çərçivəsində Mərkəzi Bankla “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının layihəyə cəlb edilmiş ekspert heyəti tərəfindən rəqəmsal ödənişlər üzrə milli strategiya tədqiq edilmiş, cari ödəniş ekosistemi araşdırılmış, nağd ödənişlərə təkan verən makro və mikro faktorlar müəyyən edilmiş, sektorlar üzrə nağd iqtisadiyyatın həcmi qiymətləndirilmiş, nağddan rəqəmsal ödənişlərə miqrasiya üzrə ümumi metodlar qiymətləndirmişdir. Nəticədə nağd iqtisadiyyatın həcmi ölçülmüş və nağd iqtisadiyyatın təməl səbəbləri müəyyən edilmişdir. Qeyd edilən işlərin həyata keçirilməsi üçün Mərkəzi Bank, dövlət qurumları, kommersiya bankları və pul köçürmə sistemləri ilə müsahibə, Bakı şəhərində və 9 rayonda 560 təşkilat və 700 istehlakçı arasında sorğu və müsahibə təşkil edilmişdir.
Layihə üzrə görülmüş işlərin yekunu olaraq Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu da cəlb edilməklə, rəqəmsal ödənişlərin inkişafına mane olan institusional problemlərin aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması və maliyyə savadlılığının və ictimai məlumatlılığın artırılması istiqamətlərində 18 prioritetdən və 59 tədbirdən ibarət olmaqla “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanmış və hökumətə təqdim edilmişdir.
Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan və banklar, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatoru və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi (maliyyə institutları) tərəfindən müştərilərə təqdim edilən standart bank hesab nömrəsidir.
Azərbaycan Respublikasında IBAN-ın strukturu aşağıdakı formadadır:
IBAN strukturu vəsaiti göndərən bankda vəsaiti alan bankın müştərisinin hesabının doğruluğunu yoxlamağa imkan verməklə əməliyyat risklərini minimallaşdırıcaq, banklalarası hesablaşmalar zamanı vəsaitlərin son istifadəçiyə çatdırılmasını sürətləndirəcək, hesablaşmalarda avtomatik emal əmsalının (STP) yüksəldilməsini təmin edəcəkdir.
IBAN ölkədaxili və ölkədənkənar banklararası hesablaşmalarda iştirak edən bütün bank hesablarına tətbiq edilməlidir. Maliyyə institutları daxili siyasətlərindən asılı olaraq digər hesablarına da IBAN tətbiq edə bilərlər.
Mərkəzi Bankın internet saytının “Ödəniş sistemləri” bölməsində “IBAN” başlığı altında bu barədə ətraflı materiallar, o cümlədən “Standart bank hesab nömrəsinə (IBAN) keçid üzrə Metodoloji Rəhbərlik” yerləşdirilmişdir.
IBAN-a tam keçid müəyyən edildikdən sonra köhnə hesab nömrəsi əks olunan ödəniş sənədləri maliyyə institutları tərəfindən icraya qəbul edilməməlidir.
Kapital bazarı maliyyə sektorunda resursların effektiv bölüşdürülməsini təmin edən platformadır. Kapital bazarı dedikdə qiymətli kağızların emissiyası, tədavülü, ödənilməsi, saxlanılması və öhdəliklərlə yüklənməsi kimi əməliyyatların həyata keçirildiyi bazar başa düşülür. Kapital bazarı dövlətin və hüquqi şəxslərin qiymətli kağızlar vasitəsilə öz layihələrini maliyyələşdirə biləcəkləri bazardır. Kapital bazarının ən geniş yayılmış alətləri investisiya qiymətli kağızları olan səhmlər və istiqrazlardır.
Kapital bazarının iştirakçıları bu bazarın əsas oyunçuları olan emitentlər, investorlar, mərkəzi depozitar, investisiya şirkətləri, digər lisenziyalaşdırılan şəxslər və maliyyə bazarlarına nəzarət orqanıdır. Emitent – qiymətli kağızları buraxan hüquqi şəxslər, investorlar isə bu qiymətli kağızları alan şəxslərdir. Alıcı və satıcılara bu bazarda iştirak imkanını təmin edən - maliyyə vasitəçiliyi rolunu oynayan təşkilatlardır. Nəzarət orqanı, yəni Mərkəzi Bank, bazarın tənzimlənməsi, bazar iştirakçılarının fəaliyyətinə nəzarət, investorların hüquqlarının qorunması, bazarın şəffaflığı və inkişafına cavabdeh qurumdur.
Dövlətlər adətən fiskal siyasətin həyata keçirilməsi, dövlət büdcəsində yaranmış kəsrin aradan qaldırılması, eyni zamanda dövlət layihələrinin maliyyələşdirilməsi məqsədilə dövlət istiqrazları buraxır.
Kapital bazarında özəl təşkilatlar tərəfindən maliyyələşmə üçün geniş istifadə olunan qiymətli kağızlar səhmlər və istiqrazlardır. Səhmlər sahibinə hər hansı bir təşkilatın aktivlərində müəyyən bir paya sahib olmaq və həmin paya uyğun olaraq təşkilatın gəlirinin bir hissəsini dividend şəklində əldə emək hüququ verən qiymətli kağızdır.
Kapital bazarının infrastrukturuna investisiya şirkətləri, fond birjası, mərkəzi depozitar, klirinq təşkilatı, investisiya fondları, investisiya fondunun idarəçisi və investisiya fondunun depozitarı daxildir. Mərkəzi depozitar istisna olmaqla, digər nəzarət subyektləri bu sahədə müvafiq lisenziyaya malik olmalıdırlar.
Kapital bazarı vasitəsilə maliyyələşən təşkilatlar aşağıdakı mərhələlərdən keçir:
Şirkətlər öz hədəflərinə çatmaq, öz layihələrini maliyyələşdirmək üçün müəyyən pul vəsaitinə ehtiyac duyurlar. Bu zaman onlar maliyyələşməni ya daxili mənbələr hesabına, yəni bölüşdürülməmiş mənfəətlərindən istifadə etməklə ya da xarici mənbələr hesabına, kredit götürmək və ya qiymətli kağız buraxmaqla, həyata keçirirlər.
Kapital bazarı vasitəsilə maliyyələşmə dedikdə də məhz dövlətin və ya şirkətlərin qiymətli kağız emissiya edərək kapital cəlb etməsi, maliyyələşməsi başa düşülür. Qiymətli kağızlar vasitəsilə maliyyələşmənin üstünlükləri bunlardır:
İnvestorlar Azərbaycan qiymətli kağızlar bazarından hər hansı bir qiymətli kağızı əldə etmək və ya sahib olduğu qiymətli kağızı satmaq istədikdə bunun üçün investisiya şirkətlərinə üz tutmalıdırlar. Fond birjalarında alqı-satqı yalnız fond birjasına üzv olan investisiya şirkətləri vasitəsilə mümkündür. Bunun üçün, qiymətli kağızlarla ticarət etmək niyyətində olan investor investisiya şirkəti ilə müqavilə bağlayır və investisiya şirkəti investor üçün mərkəzi depozitarda qiymətli kağız hesabı açır. Bundan sonra investorlar investisiya şirkətinə alqı-satqı sifarişlərini verə bilir. İnvestisiya şirkəti bu sifarişləri fond birjasına ötürərək sifarişin icrasını təmin edir.
İnvestorlar fond bijasından istər dövlət, istərsə də korporativ qiymətli kağızlar ala bilərlər. Eyni zamanda, investorlar birjadankənar ticarət əməliyyatlarını da həyata keçirə bilərlər. Bunun üçün onlar yenə də investisiya şirkəti və ya notarius vasitəsilə qiymətli kağızlarla əqdlərin bağlanmasını həyata keçirə bilərlər. İnvestorun qiymətli kağızları onun Milli Depozit Mərkəzində olan qiymətli kağız hesabında saxlanılır. İnvestorlar mülkiyyətində olan qiymətli kağızlar barədə məlumatları elektron izləmə imkanına malikdirlər.
İnvestorun qiymətli kağızları onun Milli Depozit Mərkəzində olan qiymətli kağız hesabında saxlanılır. Sənədsiz qiymətli kağızlar üzrə depo hesabından çıxarış həmin qiymətli kağızlara mülkiyyət hüququnu təsdiqləyən yeganə hüquqi sənəddir. Depo hesabı Milli Depozit Mərkəzinin üzvünün müraciəti əsasında müştəri üçün mərkəzi depozitarda açılmış və özündə müştərinin qiymətli kağızlarına olan hüquqlara dair qeydləri əks etdirən hesabdır. Beləliklə investor malik olduğu qiymətli kağızlara dair məlumatı investisiya şirkəti vasitəsilə və ya birbaşa Milli Depozit Mərkəzinə yaxınlaşaraq depo hesabından çıxarış almaqla əldə edə bilər. Eyni zamanda investorlar Milli Depozit Mərkəzinin elektron xidmətlər bölməsinə elektron imza ilə daxil olmaqla mülkiyyətlərində olan qiymətli kağızlar barədə məlumatları elektron qaydada əldə edə bilərlər.
Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi haqqında qərarı səhmdar cəmiyyətinin səhmdarlarının ümümi yığıncağı tərəfindən qəbul edilir və adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Səhmdar cəmiyyəti xalis mənfəətindən nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir.
Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq (illik ümumi yığıncaq) ildə bir dəfədən az olmayaraq və maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq direktorlar şurası (müşahidə şurası) (o olmadıqda icra orqanı) tərəfindən çağırılmalıdır. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətlərində bu tələb istisna olmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı bildirişin səhmdara çatdırılmasını təmin etməlidir.
Növbədənkənar ümumi yığıncaq direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə (direktorlar şurası (müşahidə şurası) olmadıqda icra orqanının təşəbbüsü ilə) və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. İcra orqanı müvafiq tələbin (təşəbbüsün) daxil olduğu gündən a) üç iş günü ərzində ümumi yığıncağın vaxtı və yerini təyin edib bu barədə KİV-də elan verməli, b) beş iş günü ərzində ümumi yığıncağın çağırılması barədə bildirişləri səhmdarlara göndərməli, c) otuz gündən tez, qırx beş gündən gec olmayaraq ümumi yığıncağın keçirilməsini təmin etməlidir.
Səhmdar, səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, ümumi yığıncağın gündəliyində dəyişiklik və əlavələr edilməsini, habelə səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin, səhmdarların reyestrinin və cəmiyyətin nizamnaməsinin surətinin ona təqdim edilməsini tələb etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüququna malikdir.
Emitentin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanmalı və növbəti ilin ilk 6 ayı ərzində səhmdarların illik ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. İllik hesabat qeyd olunan qaydada təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Mərkəzi Banka təqdim edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) üzvləri və səhmlərinin iyirmi faizinə malik olan səhmdarları cəmiyyətin icra orqanının üzvü seçilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sahəvi qanunlara əsasən bu şəxslərdən əlavə digər şəxslər də icra orqanı üzvü ola bilməyən şəxslərə aid edilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3-cü maddəsinə görə açıq səhmdar cəmiyyətinin (banklar və xarici bankların yerli filialları istisna olmaqla) xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir.
Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər, habelə səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azalda bilər.
Səhmdarların ümumi yığıncağında səsvermə "Bir səsli səhm — bir səsdir" prinsipi ilə həyata keçirilir.
Səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətli sayılır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, səhmdar cəmiyyətinin yaradılması zamanı təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir.
Sığorta hər hansı itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edən vasitədir.
Sığorta sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Sığortalanan risklər aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar:
Qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qadağan olunan mənafelər, cərimələr, habelə oyunlarda, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelərdən başqa qanunazidd olmayan hər hansı əmlak mənafeyinin aid olduğu fiziki şəxs, əmlak və ya hal sığortalana bilər.
Sığorta bazarının peşəkar iştirakçıları:
Sığorta bazarının digər iştirakçıları:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs
Təkrarsığortaçı - təkrarsığorta fəaliyyətinə lisenziyası olan, ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf
Sığorta agenti - müvafiq lisenziyası olan və sığortaçıya sığorta müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs
Sığorta brokeri - müvafiq lisenziyaya malik olan və sığorta (təkrarsığorta) müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün sığortalıya (təkrarsığortalıya) vasitəçilik xidməti göstərən şəxs
Aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssisdir.
Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız maliyyə bazarlarına nəzarət orqanının reyestrinə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər.
Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür.
Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
Sığorta məbləği dedikdə, sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi başa düşülür.
Əmlakın sığorta dəyəri dedikdə, sığorta müqaviləsi bağlanan andakı bazar dəyəri nəzərdə tutullur.
Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda qismən sığorta şərti tətbiq edilə bilər. Bu zaman, qismən sığortanın tətbiq olunmasına dair müddəa sığorta müqaviləsində əks olunmalıdır. Yalnız bu halda, sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.
Minik avtomobillərinə köhnəlmə əmsalı sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda sığorta ödənişi verilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinin 50 %-dən çox olmamaqla tətbiq edilir.
Sığorta ödənişi verilərkən avtomobilin tam məhvi və avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi hallarında köhnəlmə əmsalı tətbiq olunmur.
Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda zərər məbləğindən azadolma məbləği çıxılmır.
Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.
“İcbari Sığortalar haqqında” Qanunun (Qanun) 17.1.4-cü maddəsinə əsasən icbari sığorta ödənişi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış əsasında həyata keçirilir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bu arayış Forma 4 adlanır.
Qanunun 17.4-cü maddəsinə əsasən sığortaçı qeyd olunan arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqanlar bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin informasiya sisteminin İcbari Sığorta Bürosunun informasiya sistemi ilə inteqrasiyası nəticəsində Forma 4 arayışının elektron şəkildə də alınması mümkündür.
“İcbari Sığortalar haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən yol-nəqliyyat hadisəsi haqqında Forma 4 arayışı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda tələb olunmur:
Yuxarıda qeyd olunan şərtlərin hər birinin mövcud olduğu hallarda, hadisə iştirakçıları tərtib etdikləri və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etməlidirlər.
Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
Qeyd edilən məsələ “İcbari sığortalar haqqında” Qanunda da öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 18.1-ci maddəsinə əsasən ödənişin verilməsi üçün tələb olunan sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
"İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Lakin əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, belə şəxsə pul şəklində sığorta ödənişi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.4-cü maddəsinə əsasən yalnız həmin şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda mümkündür.
Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi reyestrdən seçilmiş müstəqil ekspert tərəfindən aparılır.
Sığortalı tərəfindən açıqlanmalı olan məlumatlar dedikdə, sığorta müqaviləsi bağlanarkən, eləcə də müqavilə bağlandıqdan sonra sığortalıya məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar nəzərdə tutulur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Eyni zamanda sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
Daşınmaz əmlakın kommersiya və ya qeyri-kommersiya tipli hər hansı təsnifatı qanunvericilikdə nəzərdə tutulmamışdır. Hüquqi şəxslərin kommersiya və ya qeyri-kommersiya tipli fəaliyyətindən asılı olmayaraq onlara məxsus və sığortalanması Qanunla qadağan olunmayan bütün növ daşınmaz əmlak icbari sığortaya cəlb edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Sığorta hadisəsi zamanı daşınmaz əmlaka dəymiş zərərə görə icbari sığorta üzrə son hədd olaraq qanunvericiliklə müəyyən olunan (məs: Bakı şəhəri üzrə 25000 manat) sığorta məbləği həddində təzminat verilməsi nəzərdə tutulmuşdur. Vətəndaş daşınmaz əmlakın bazar dəyərinə uyğun olaraq əlavə təminat almaq üçün isə əmlakını könüllü qaydada sığorta etdirə bilər. Bu halda vətəndaşlar baş vermiş sığorta hadisəsi zamanı dəymiş zərərə uyğun olaraq (məs: Bakı şəhəri üzrə) maksimum 25000 manatadək olan hissədə icbari qaydada, 25000 manatı aşan hissədə isə könüllü sığorta müqaviləsi üzrə müəyyən edilmiş sığorta məbləği həddində, lakin əmlakın faktiki bazar dəyərindən artıq olmamaq şərti ilə sığorta ödənişi ala biləcəklər.
Mənzillərin ipoteka krediti ilə yüklü olub-olmamasından asılı olmayaraq bütün mənzillərə də icbari sığorta şamil edilir.
“İcbari Sığortalar haqqında” Qanunun 8.4-cü maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir.
Həmçinin, Qanunun 77.1-ci maddəsinə əsasən həmin Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş məsuliyyəti daşıyırlar.
Xeyr. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə görə bu növdən olan əmlaklar icbari sığortaya cəlb edilmir.
“İcbari Sığortalar haqqında” Qanunun 40.3-cü maddəsinə əsasən ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir. Onu da qeyd edək ki, həmin şəxslərə məxsus evlərin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta məbləğinin 0,2 faizindən artıq olmamaq şərtilə maliyyə bazarlarına nəzarət orqanı (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı) tərəfindən müəyyən edilir.
Bildiririk ki, daşınmaz əmlakın icbari sığortası məbləği Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 06 dekabr 2011-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası”na əsasən hesablanır.
İcbari sığorta müqaviləsi qanunla müəyyən edilmiş icbari sığorta növünü aparmağa müvafiq icazə almış sığortaçı ilə bağlanır və icbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə görə icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.
Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Beləliklə, şəxs icbari sığorta müqaviləsini bağlamadığı təqdirdə il ərzində bir neçə dəfə inzibati məsuliyyətə cəlb oluna bilər.
Cərimələrin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.57-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, qeyri-yaşayış sahələrinin icbari sığortasına və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Qeyd olunan qurumlar tərəfindən inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi zamanı tətbiq ediləcək cərimələr dövlət büdcəsinə ödənilir.
"Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə müvafiq olaraq sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri Azərbaycan Respublikası Mərkəzi Bankı (Mərkəzi Bank) tərəfindən aparılır. Bununla əlaqədar. https://www.cbar.az/page-207/legal-entities-engaged-in-ancillary-insurance-and-independent-experts linkinə klikləməklə Mərkəzi Bankın rəsmi saytına daxil olaraq hər hansı bir ekspertin bu reyestrə daxil olub-olmamasını müəyyən etmək mümkündür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında həmin maddədə nəzərdə tutulan formalardan hər hansı birində həyata keçirilir (ödənilir). Beləliklə, sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakın təmiri və ya bərpası, yaxud da zərərin əvəzinin pul şəklində ödənilməsi barədə qərar sığortaçı tərəfindən qəbul edilə bilər.
"İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxsin təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.
Müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razılıq əldə olunmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əmlak sığortası üzrə faydalanan şəxsin sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olduğu hal istisna olmaqla, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilə bilər. Bunlara a) zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; b) sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; c) sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; yaxud d) sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi aid edilir. Əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, sığorta ödənişinin yuxarıda sadalanan c və d bəndlərində göstərilən formaları tətbiq edilir. Sığorta ödənişinin digər formaları əmlakın etibarnaməli idarəçisi olan faydalanan şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda tətbiq edilir.
Şəxsin mülkiyyətində bir neçə daşınmaz əmlakı olarsa hər bir daşınmaz əmlak ayrı-ayrılıqda icbari sığortaya cəlb olunur.
Aqrar sığorta sistemi kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının “Aqrar sığorta haqqında” Qanunla müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Aqrar sığorta münasibətlərinin predmetinə daxildir:
Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:
Aqrar sığortalının sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətləri aqrar sığortanın riski ola bilməz.
“Aqrar sığorta haqqında” Qanuna əsasən sığorta haqqının bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur ki, bu da öz növbəsində aqrar sığorta sahəsində istehlakçıların maliyyə yükünü azaltmaqla kənd təsərrüfatı sığortasının əhatə dairəsinin genişləndirilməsinə xidmət edəcəkdir.
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi manatdır. Bir manat 100 (yüz) qəpikdən ibarətdir. Pul nişanları kağız və metal pul formasında tədavülə buraxılır.
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
Mərkəzi Bankın tədavülə buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.
Mərkəzi Bank Azərbaycan Respublikasının Konstitusiyasına və Mərkəzi Bank haqqında Qanuna müvafiq olaraq ölkə ərazisində nağd pul dövriyyəsini təşkil edir, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir.
Mövcud qanunvericiliyə əsasən ölkə iqtisadiyyatının pul nişanlarına olan tələbatı Mərkəzi Bank tərəfindən kommersiya bankları və onların filial şəbəkələri vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmana əsasən köhnə pul nişanları məbləğindən asılı olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları tərəfindən məhdudiyyətsiz və müddətsiz olaraq dəyişdirilir.
Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən 01 yanvar 2006-cı il tarixdən tədavülə yeni nəsil pul nişanları buraxılmış və bu dövrdə istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə "Azərbaycan Milli Bankı" sözləri yazılmışdır.
“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən “Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu”na dəyişikliklər edilmiş və Qanunda “Milli Bankı” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilmişdir. Bununla əlaqədar Qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunan kağız pul nişanlarının üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz olunmuşdur.
Hazırda üzərində həm "Azərbaycan Milli Bankı" və həm də "Azərbaycan Mərkəzi Bankı" sözləri olan pul nişanları tədavüldə mövcuddur və bu pul nişanları ölkə ərazisində qanuni ödəniş vasitəsidir.
Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun olaraq hazırlanmışdır. Belə ki, manat 4 pilləli mühafizə sisteminə malikdir. 1-ci dərəcəli mühafizə elementləri xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli mühafizə elementləri ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli mühafizə elementləri banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli mühafizə elementləri yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.
Aşağıdakı linkə daxil olaraq hər bir pul nişanının mühafizə elementləri ilə tanış olmaq mümkündür:
https://www.cbar.az/moneymarks/banknotes?category=1
Saxta pul nişanı müəyyən etdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Saxta pul nişanlarının dəyəri ödənilmir və onlar geri qaytarılmır.
Saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Mərkəzi Bank milli pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin effektivliyinin artırılmasını və bununla bağlı fəaliyyətin müvafiq dövlət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə koordinasiya olunmasını daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə, həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Azərbaycan manatının saxtalaşdırma səviyyəsi dünyanın aparıcı valyutaları ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.
Milli pul nişanlarımız mövzusuna, müasirliyinə və eləcə də dizayn fəlsəfəsinə görə öz aktuallığını qoruyub saxlamaqdadır. Bununla belə, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da pul nişanlarının saxtalaşdırılması cəhdləri olur. Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı qanunvericiliyə uyğun olaraq davamlı tədbirlər həyata keçirir.
Mərkəzi Bank tərəfindən milli pul nişanlarının saxtalaşdırılmasının qarşısının alınması üçün müvafiq tədbirlər, o cümlədən onların mühafizə sistemlərinin dövri olaraq beynəlxalq təcrübədə olan ən son texnologiyaların tətbiqi yolu ilə yenilənməsi həyata keçirilir.
Qanunvericiliyə müvafiq olaraq tədavülə yararlı, tədavülə yararsız və həqiqiliyi sübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini saxlamış milli pul nişanları kredit təşkilatları tərəfindən qəbul edilir və dəyişdirilir.
Eyni zamanda, saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilə bilər.
Əhalinin pul nişanlarının nominal strukturuna olan tələbatının ödənilməsi, eləcə də zədələnmiş pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Bankda və onun ərazi idarələrində (Naxçıvan MR İdarəsi, Gəncə, Biləsuvar və Quba Regional Mərkəzləri, Yevlax Ehtiyat Mərkəzi) əhaliyə xidmət kassaları fəaliyyət göstərir.
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi manatdır və Mərkəzi Bank emitent bank olaraq yalnız milli pul nişanlarının dəyişdirilməsini həyata keçirir.
Bildiririk ki, bank sistemində pulların ekspertizasının təşkilini və aparılmasını tənzimləyən qaydalara əsasən Azərbaycan Mərkəzi Bankı yalnız saxtakarlıq əlamətlərini müəyyən etmək məqsədilə xarici valyutada kağız pul nişanlarını banklardan, müvafiq dövlət və digər səlahiyyətli orqanlardan qəbul edir.
Xarici valyuta pul nişanlarının dəyişdirilməsi ilə bağlı bank sistemində pulların ekspertizasının təşkili və aparılmasını tənzimləyən qaydalara əsasən ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müraciət oluna bilər.
Milli pul nişanlarının dizaynı, texniki parametrləri, istehsal həcmi və istehsalçı şirkətin müəyyən edilməsi, pulların istehsalı və ölkəyə gətirilməsi ilə bağlı bütün məsələlər Azərbaycan Respublikasının Baş Nazirinin sədrlik etdiyi və üzvləri hüquq mühafizə orqanları və iqtisadi dövlət qurumları olan Pul İslahatı Komitəsinin qərarlarına əsasən həyata keçirilir.
Pul İslahatı Komitəsi tərəfindən milli pul nişanlarının istehsalı ilə bağlı istənilən qərarın qəbul edilməsi zamanı pulların təhlükəsizliyinin təmin edilməsi üçün dünyada mövcud olan ən son texnologiyalar və innovasiyalar tətbiq edilməklə ən optimal və xərclər baxımından ən səmərəli təkliflər nəzərə alınır.
Tədavülə yararsız milli pul nişanlarının məhvedilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış və hüquq mühafizə orqanlarının da daxil olduğu məhvetmə üzrə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən aparılır.
Mərkəzi Bank tərəfindən “Tədavüldə təmiz pul siyasəti” qəbul edilmiş və bu siyasət çərçivəsində dövriyyədə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə davamlı tədbirlər həyata keçirilir.
Kommersiya bankları tərəfindən Mərkəzi Banka təhvil verilən pul nişanları yüksək texnoloji sistemlərdə emal olunur və keyfiyyətinə görə çeşidlənir. Tədavülə yararlı pul nişanları təkrar dövriyyəyə buraxılır, tədavülə yararsız pul nişanları isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış məhvetmə üzrə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən məhv edilir.
Mərkəzi Bank tərəfindən tədavüldə olan pul nişanlarının, o cümlədən banklar tərəfindən bankomatlara yüklənən pul nişanlarının keyfiyyətinin davamlı monitorinqi həyata keçirilr. Monitorinqlər zamanı banklar tərəfindən keyfiyyəti aşağı olan, çirklənmiş və fiziki cəhətdən aşınmış pul nişanlarının tədavülə buraxılması halları müəyyən edilərsə, Mərkəzi Bank kommersiya banklarına bununla bağlı göstəriş və tövsiyyələr verir.
Bildiririk ki, Mərkəzi Bank beynəlxalq təcrübəni də nəzərə almaqla milli pul nişanlarının istehsalını insan sağlamlığına zərərli olmayan materiallardan istifadə olunmaqla həyata keçirir.
Bununla yanaşı, pul nişanları tədavülə buraxıldıqdan sonra onların dövriyyədə keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən tədavüldə təmiz pul siyasəti qəbul edilmişdir. Bu siyasət çərçivəsində Mərkəzi Bank dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanlarının kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə yığaraq tədavüldən çıxarılmasını və müvafiq Dövlət Komissiyasının İşçi qrupunun iştirakı ilə məhv edilməsini həyata keçirir.
Təkrar dövriyyəyə buraxılan pul nişanları isə Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan keçməklə yüksək temperatur rejiminə malik qablaşdırma sistemlərində müxtəlif toz və çirklərdən sterilizasiya olunaraq qablaşdırılır.
Qablaşdırılmış pullar isə Mərkəzi Bankın xüsusi rejimli xəzinə saxlanclarında saxlanılır. Bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilmiş və sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiyası olunur.
Eləcə də, dövriyyədə olan pul nişanlarının təmizliyinin və yüksək keyfiyyətinin təmin edilməsi üçün Mərkəzi Bank tərəfindən kommersiya banklarına daim xüsusi göstərişlər verilir və əhali üçün maarifləndirici tədbirlər həyata keçirilir.
Bununla belə, bank sistemindən kənarda əhəmiyyətli həcmdə nağd pul kütləsi dövr etdiyi üçün bu pul nişanları da infeksiya yayabilmə baxımından potensial risk mənbəyi ola bilər. Bununla əlaqədar infeksiyaya yoluxma risklərinin minimallaşdırılması məqsədilə Mərkəzi Bank əhaliyə, eləcə də biznes subyektlərinə nağd puldan istifadəni maksimal məhdudlaşdırmağı və nağdsız ödənişlərə (elektron və mobil bankçılıq, ödəniş kartları, o cümlədən təmassız ödəniş alətləri vasitəsilə) böyük üstünlük verməyi tövsiyə edir.
Nağd ödəniş avadanlıqlarının quraşdırılması zamanı pul nişanlarının keyfiyyət parametrlərindən (saxta olmayan, çirklənməmiş, zədələnməmiş, əzilməmiş, korlanmamış, cırılmamış, deşilməmiş, əlavə vasitələrlə hissələri yapışdırılmamış) asılı olaraq onların adaptasiyası (sistemə uyğunlaşdırılması) həyata keçirilir. Bu zaman saxta və dəyəri ödənilməyən pul nişanlarının nağd ödəniş avadanlıqları tərəfindən qəbul edilməməsi və bu sahədə müvafiq risklərin minimallaşdırılması məqsədilə belə avadanlıqları istismar edən kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatları tərəfindən müvafiq keyfiyyət parametrlərinə cavab verməyən pul nişanlarının qəbuluna ciddi məhdudiyyətlər tətbiq edilir.
Qanunvericiliyə uyğun olaraq, müvafiq keyfiyyət parametrlərinə cavab verməyən pulların nominal dəyərinin ödənilməsi yalnız onların ekspertizasının həyata keçirilməsindən sonra müəyyən edilə bilər. Belə ki, tədavülə yararsız, həqiqiliyi şübhə doğurmayan (saxta olmayan) və bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət olan səthinin 100%-ni saxlamış milli pul nişanlarının nominal dəyəri məhdudiyyətsiz ödənilir. Bununla əlaqədar qanunvericiliyə əsasən Mərkəzi Bank və onun ərazi idarələrinə və yaxud ölkə ərazisində fəaliyyət göstərən kredit təşkilatlarına müraciət oluna bilər.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 1996-cı ildən etibarən ölkənin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır.
Yubiley və xatirə pul nişanları barədə məlumatlar, o cümlədən satışda olan yubiley və xatirə pul nişanları və onların satış qiymətləri barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində "Milli pul nişanları" bölməsində yerləşdirilir.
Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmtələr portalında "Elektron müraciətlər sistemi"nə daxil olaraq sifariş edə, eləcə də Mərkəzi Bankın əsas inzibati binasında və ərazi idarələrində yerləşən kassalarına müraciət edərək əldə edə bilər.
1, 3 və 5 nominallı qəpiklər mislə örtülmüş poladdan, 10 və 20 nominallı qəpiklər latunla ortülmüş poladdan və 50 nominallı qəpik isə latun və nikellə örtülmüş poladdan hazırlanmışdır.
Metal pul nişanlarının çəkisi aşağıdakı kimidir:
1 qəpik | 3 qəpik | 5 qəpik | 10 qəpik | 20 qəpik | 50 qəpik |
2.8 qr | 3.45 qr | 4.85 qr | 5.25 qr | 6.6 qr | 7.7 qr |
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinə əsasən Mərkəzi Bankın tədavülə buraxdığı pul nişanları, o cümlədən metal pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.
Tadavüldə metal pul nişanlarının artımı iqtisadiyyatın metal pullara olan tələbatının yüksək olması, Mərkəzi Bankın qəpiklərin dövriyyəsinin effektiv təşkili və təşviqi sahəsində həyata keçirdiyi siyasət, ilə bağlıdır. Eyni zamanda aşağı nominallı qəpiklərə (1, 3 və 5 qəpikliklər) olan yüksək tələb pərakəndə ticarətdə qiymətlərin formalaşmasında qəpiklərin qalması, istehlakçıların qəpiklərlə davranış¬ mədəniyyətinin yüksəlməsi, kiçik ticarət müəssisələrinin iri ticarət şəbəkələri ilə əvəzlənməsi və bu zaman onlar arasında qiymət rəqabətinin aparılması kimi faktorlarla izah oluna bilər.
Bank sistemində pulların ekspertizasının təşkili və aparılmasını tənzimləyən qaydalara əsasən ekspertizadan keçirilmiş nominal dəyəri ödənilməyən pul nişanları vətəndaşlara geri qaytarılmır və müvafiq qaydada Mərkəzi Bankda saxlanılır.