Azərbaycan Respublikasının Mərkəzi Bankının mühüm vəzifələrindən biri maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarını müdafiə etməkdir. Bununla əlaqədar, Mərkəzi Bank istehlakçıların və investorların hüquqlarının müdafiəsi sahəsində aşağıdakı hüquq və vəzifələri həyata keçirir:
- maliyyə bazarlarında investorların və istehlakçıların hüquqlarının müdafiəsini, onların pozulmuş hüquqlarının bərpa olunmasını təmin etmək məqsədilə Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdən və emitentlərdən sənədlər və məlumatlar alır, onların təhlilini aparır;
- qanunvericiliyi pozan şəxsləri inzibati məsuliyyətə cəlb edir;
- səhmdar cəmiyyətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirləri həyata keçirir;
- emitentlərdən hesabatları qəbul edir, onları təhlil edir və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür;
- investorlardan və maliyyə bazarlarının istehlakçılarından Mərkəzi Banka daxil olmuş ərizə və şikayətlərə baxır, onları təhlil edir və qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmalar aparmaqla müvafiq tədbirlər görür;
- investorların və maliyyə bazarının istehlakçılarının maarifləndirməsi üzrə müvafiq tədbirlər həyata keçirir;
- investorların və maliyyə bazarlarında istehlakçıların hüquqlarının pozulması ilə bağlı məhkəmə instansiyalarında iştirak edir;
- maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının müdafiəsi sahəsində qanun pozuntularının qarşısının alınması, onların pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə icrası məcburi olan göstərişlər verir.