Maliyyə savadlılığı fərdlərin maliyyə məhsul və xidmətlərini başa düşmək, maliyyə risk və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq və davranışlar toplusudur (İƏİT-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı). Bu səbəbdən əhalinin maddi rifahı, habelə ölkənin iqtisadi artımı və maliyyə sabitliyi üçün maliyyə savadlılığı vacib bir element hesab olunur.
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) əhalinin maarifləndirilməsinə, maliyyə savadlılığının artırılmasına və bu yolla onların hüquqlarının qorunmasına yönəlmiş müxtəlif səpkili tədbirlər həyata keçirir. Bu təbirlərdə əsas hədəf qrupları məktəblilər, tələbələr, müəllimlər, ev təsərrüfatları, iqtisadiyyat və bankçılıq üzrə ixtisaslaşan jurnalistlər və bank işçiləri olmuşdur. Ötən dövr ərzində istehlakçıların maliyyə savadlılığının artırılması məqsədilə hədəf qruplara təlim və seminarlar keçirilmiş, ictimai aksiyalar, yay məktəbləri, iş yerlərində təlimlər, müxtəlif nominasiyalarda müsabiqələr, öyrədici oyunlar, təbliğat-təşviqat kampaniyaları təşkil edilmiş və müxtəlif intellektual resurslar yaradılmışdır.
Maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, istehlakçıların savadlılıq səviyyəsinin və hüquqlarının müdafiəsinin artırılması, həmçinin maliyyə məsələləri ilə bağlı düzgün qərarların verilməsini dəstəkləmək məqsədilə keçirilən bu təbdirlərdə müasir intellektual vasitələrdən istifadə olunur. Belə intellektual vasitələrdən biri 2015-ci ildə istifadəyə verilmiş “Maliyyə savadlılığı” portalıdır (www.bizimpullar.az). Bu portal vasitəsilə iqtisadiyyat və maliyyə sahəsində informativ materiallarla, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalarla, virtual muzey və məktəblilər üçün rubrikalarla tanış olmaq, eləcə də iqtisadi məzmunlu oyun və kalkulyatorlardan istifadə etmək mümkündür.
AMB-nin iqtisadi maarifləndirmə məqsədilə yaratdığı digər intellektual vasitəsi 2017-ci ildə fəaliyyətə başlamış virtual təhsil platformasıdır (www.edu.e-cbar.az). Ənənəvi təlim üsullarını müasir formatda təklif edən bu platformanın əsas məqsədi iqtisadiyyat və maliyyə-bank sektorunda işləyən və işləmək istəyənlərin bilik və bacarıqlarının artırılmasını dəstəkləməkdir. Platformadakı interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən vaxt və istənilən yerdə peşəkarlıq səviyyəni təkmilləşdirmək mümkündür.
Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” ayrıca strateji hədəf kimi qeyd olunmuş və maliyyə savadlılığının əhəmiyyəti bir daha vurğulanmışdır. Bu sənəd istehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi proritetinin əsas icraçısı kimi AMB qarşısında əhalinin maarifləndirilməsinə dair strateji tapşırıqlar qoymuşdur. Həmin tapşırıqların, həmçinin Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında”kı əhalinin maliyyə savadlılığının yüksəldilməsi, rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması məqsədilə maarifləndirmə, təbliğat və təşviqat işlərinin icrası əvvəlki illərdə olduğu kimi hədəf qruplar üçün tədbirlər həyata keçirilir, “Maliyyə savadlılığı” portalının və virtual təhsil platformasının məzmunu mütəmadi zənginləşdirilir.
Bu istiqamətdəki işləri, eləcə də institusional koordinasiyanı AMB adından, onun iqtisadi maarifləndirmə ilə məşğul olan müvafiq struktur bölməsi həyata keçirir və bu məqsədlə, digər dövlətlərin mərkəzi bankları, xarici və yerli təlim-tədris institutları ilə əməkdaşlıq edilməsini, lazımi informasiya mübadiləsi aparılmasını, qarşılıqlı işgüzar əlaqələrin qurulmasını təmin edir.
Daha ətraflı məlumatı “Maliyyə savadlılığı” portalından (www.bizimpullar.az) əldə etmək mümkündür.