12 aprel 2019, Bakı: Mərkəzi Bankın rəhbərliyi ilə Mastercard beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri arasında görüş keçirilmişdir. Görüşün mövzusu ölkədə nağdsız hesablaşmaların inkişafı, müasir ödəniş həllərinin tətbiqi və bu kontekstdə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən tədbirlərin müzakirəsi olmuşdur.
Görüş zamanı bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Mərkəzi Bankla birlikdə 2018-ci ilin yekunları üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsi həyata keçirilmiş, bütövlükdə qeyd edilən dövr üzrə görülən işlərə müsbət rəy verilmişdir. Qiymətləndirmənin nəticələri üzrə hesabat dövlət başçısına təqdim edilmişdir.
Vurğulanmışdır ki, görülən tədbirlər nəticəsində 2018-ci il üzrə elektron ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatların həcmi ötən illə müqayisədə 31%, kartlarla aparılan nağdsız əməliyyatların həcmi isə 70% artmışdır. 2019-cu ilin I rübünün dinamikası da müsbət olmuş və ümumi kart dövriyyəsində nağdsızın payı 20%-ə çatmışdır.
Görüş zamanı Dövlət Proqramında nəzərdə tutulmuş strateji hədəflərin realizasiyası üzrə növbəti dövr üçün qarşılıqlı fəaliyyət istiqamətləri müzakirə edilmiş və nəqliyyat sektorunda, təhsil müəssisələrində müasir nağdsız ödəniş imkanlarının yaradılması, yeni innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi, bank əməkdaşlarının peşəkar bilik səviyyəsinin və əhalinin maliyyə savadlılığının artırılması kimi sahələrdə birgə əməkdaşlıq barədə razılığa gəlinmişdir.
Həmin gün eyni zamanda ictimai nəqliyyatda nağdsız ödənişlərin tətbiq edilməsi imkanlarınının müzakirə edilməsi məqsədilə Mərkəzi Bankın, Bakı Metropoliteninin və Mastercardın rəhbər şəxslərinin iştirakı ilə birgə görüş keçirilmişdir. Görüş zamanı ictimai nəqliyyatda nağdsız ödəniş alətlərin tətbiqi, bu sahədə ən son nailiyyətləri, beynəlxalq təcrübə və birgə fəaliyyət istiqamətləri müzakirə edilmişdir.
Bildiririk ki, cari ilin fevral ayında Baki Nəqliyyat Agentliyində və Sumqayıt şəhər İcra Hakimiyyətində nəqliyyat infrastrukturunun nümayədələrinin iştirakı ilə anoloji görüşlər həyata keçirilmiş, ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi imkanları müzakirə edilmişdir.
Görülən işlərin əsas məqsədi cəmiyyətdə rəqəmsal ödəniş mədəniyyətinin formalaşdırılması, nağdsız ödənişlərin tətbiqi imkanlarının genişləndirilməsi, iqtisadi dövriyyədə nağdsız ödənişlərin həcminin artırılması və nağd dövriyyənin azaldılmasıdır.