16 aprel 2019, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankında cari ilin 12 aprel tarixində rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə bütün ölkə əhalisini əhatə edən “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın 2-ci tirajı oynanılmışdır.
Tirajın keçirildiyi dövrdə Azərbaycan Republikası ərazisində emissiya edilmiş, korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq lotereya iştirakçısına çevrilərək hər bir əməliyyata bir şans qazanmışlar.
Tiraj müvafiq Tiraj Komissiyasının nəzarəti altında oynanılmışdır. Tirajda lotereya şərtlərinə uyğun olaraq mart ayı ərzində ümumilikdə 317 878 ödəniş kartı ilə aparılmış 1 296 667 əməliyyat iştirak etmişdir. Lotereyanın dövrü ərzində mart ayında nağdsız ödəniş edən şəxslərin (ödəniş kartlarının) sayı fevral ayı ilə müqayisədə 15.8%, əməliyyatların sayı isə 21.2% artmışdır.
Lotereyanın uduş fondu ikinci tiraj üzrə 600 qalibin hər birinə 50 (əlli) manat təşkil etmişdir. Uduş barədə kart istifadəçilərinin banklar tərəfindən məlumatlandırılması və vəsaitlərin kart balanslarına əlavə olunması ən qısa zamanda həyata keçiriləcəkdir.
Qaliblərin siyahısı ilə Mərkəzi Bankın internet saytında tanış olmaq olar: https://www.cbar.az/page-133/stimullasdirici-lotereya