16 iyul 2021-ci il, Bakı: Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursundan, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn əsas çağırışların, mesajların, hədəflərin və bu istiqamətdə aidiyyatı üzrə görülən işlər barədə məlumatın cəmiyyətə düzgün kommunikasiya edilməsi, bu xüsusda mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bankda daim diqqət mərkəzində saxlanılır.
Media orqanları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər Mərkəzi Bankın siyasətinin və fəaliyyətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsinə, həmçinin siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsinə, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılmasına, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılmasına, ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırlımasına xidmət edir. Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, “Mərkəzi bankçılıq” və “Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi” mövzularında təlimlər təşkil olunur.
Bu prosesin davamı olaraq milli mətbuatın 146-cı il dönümü ərəfəsində, eləcə də yeni qəbul olunmuş “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üzrə kommunikasiya strategiyası”ndan irəli gələn vəzifələrin reallaşmasına töhfə vermək məqsədilə 16 iyul 2021-ci il tarixində Mərkəzi Bankda mətbuat nümayəndələri üçün növbəti təlim keçirilmişdir.
Təlim iştirakçılarına uzun illər ərzində mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla işlənmiş strateji kommunikasiya çərçivəsinin konseptual təcrübəsi bazasında, xüsusən Mərkəzi Bankın fəaliyyətinin spesifikliyi, kreativlik və irsilik prinsiplərini rəhbər tutaraq 2021-2023-cü illər üçün hazırlanmış Mərkəzi Bankın yeni kommunikasiya strategiyası və əməliyyat çərçivəsi barədə məlumat verilmişdir.
Daha sonra təlim iştirakçıları üçün “Mərkəzi Bank sosial şəbəkələrdə” mövzusunda təqdimat keçirilmiş, başlıca xarici hədəf qrupu olan media institutları ilə peşəkar kommunikasiyanın gücləndirilməsi, sosial şəbəkələrlə kommunikasiyanın üstünlükləri, jurnalistlərin maliyyə maariflənməsinin yüksəldilməsi məsələləri, eləcə də bu sahədə gözlənilən nəticələr barədə ətraflı məlumat verilmişdir.
Bununla yanaşı təlimdə “Ödəniş kartları və onlardan istifadənin üstünlükləri” mövzusunda da təqdimat keçirilmiş, milli ödəniş sisteminin infrastrukturu, ödəniş əməliyyatının anatomiyası, ödəniş kartları ilə bağlı fırıldaqçılıq halları ilə mübarizə məsələləri barədə geniş məlumat verilmiş, rəqəmsal ödənişlərin imkan və faydaları media nümayəndələrinin diqqətinə çatdırılmışdır.
Təlim zamanı jurnalistləri maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılmışdır.