Nömrə: 09/2016
Müəllif(lər): Ramiz Rəhmanov
Dil: İngilis dili
Tarix: 10 Dekabr 2016-cı il
Tədqiqat işində daimi və müvəqqəti neft qiyməti şoklarının üç neft ixracatçısı ölkənin (Azərbaycan, Qazaxıstan və Rusiya) iqtisadiyyatlarına təsirləri araşdırılır. Bunun üçün beş endogen dəyişəndən (real qısamüddətli faiz dərəcəsi, real effektiv məzənnə, real büdcə xərcləri, real idxal və real qeyri-neft istehsal) və iki ekzogen dəyişəndən (daimi neft qiymət şoku və müvəqqəti neft qiyməti şoku) ibarət olan VARX modeli istifadə edilir. 2003-2015-ci illəri əhatə edən dövr üçün qiymətləndirilən şok-cavab fuksiyaları göstərir ki, Azərbaycanda daimi neft qiyməti şoku real faiz dərəcəsi istisna olmaqla digər iqtisadi göstəricilərə əhəmiyyətli təsir göstərir, müvəqqəti neft qiyməti şoku isə ancaq real idxala və real effektiv məzənnəyə əhəmiyyətli və müsbət təsir göstərir. Qazaxıstan üçün şok-cavab funksiyaları göstərir ki, daimi neft qiyməti şokunun real faiz dərəcəsi, real idxal və real büdcə xərclərinə əhəmiyyətli müsbət təsiri var, müvəqqəti neft qiyməti şoku isə real büdcə xərcləri istisna olmaqla digər dəyişənlər üzərində əhəmiyyətli müsbət təsirə malikdir. Rusiyada daimi neft qiyməti şoku bütün dəyişənlərə əhəmiyyətli və müsbət təsir göstərir, müvəqqəti neft qiymət şokunun isə real faiz dərəcəsini çıxmaq şərti ilə digər dəyişənlərə əhəmiyyətli müsbət təsiri var. Rusiyada real büdcə xərclərinin müvəqqəti neft qiyməti şoklarına əhəmiyyətli dərəcədə reaksiya göstərməsi “Daimi gəlir fərziyyəsi”-nə ziddir. Büdcə xərclərinin belə davranışını ölkədə neft gəlirlərinin xərclənməsi siyasətilə izah etmək olar. Tədqiq olunan ölkələrdə “Holland Sindromu”-nun əlamətlərinin olmasına gəldikdə isə qiymətləndirmə nəticələri bir əlamətin olmasına işarə edir. Belə ki, neft qiyməti şokları qeyri-neft sektorunun tənəzzülünə gətirib çıxarmır, lakin neft qiymətlərinin artımı məzənnənin bahalaşmasına səbəb olur.
Açar sözlər: daimi neft şoku, müvəqqəti neft şoku, makroiqtisadi siyasət, qeyri-neft iqtisadiyyatı, Daimi Gəlir Fərziyyəsi, Holland Sindromu, VARX, Azərbaycan, Qazaxıstan, Rusiya
JEL təsnifatı: C54, E32, E37, E63, Q32