“İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanının 5.4-cü bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ
Bakı şəhəri, 13 fevral 2006-cı il
№ 44
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 13 fevral tarixli
44 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
İpoteka kağızının dövlət qeydiyyatı
QAYDALARI
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və ipoteka kağızının sadələşdirilmiş dövlət qeydiyyatını tənzimləyir.
1.1-1. Bu Qaydalar daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızına şamil edilmir.
1.2. İpoteka kağızının dövlət qeydiyyatı qiymətli kağızların dövlət reyestrində Azərbaycan Respublikasının Prezidenti yanında Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən aparılır.
1.3. Daşınar əşyaların ipoteka hüququnu təsdiq edən ipoteka kağızları barədə məlumatlar (qeydlər) qiymətli kağızların dövlət reyestrində əks etdirilir.
1.4. Yalnız bütün növ qiymətli kağızlar blanklarının hazırlanması və satışı fəaliyyətinə lisenziya almış mətbəələr tərəfindən çap olunmuş ipoteka kağızları dövlət qeydiyyatına alınır.
II. İpoteka kağızının dövlət qeydiyyatı
2.1. İpoteka kağızının Maliyyə Bazarlarına Nəzarət Palatada dövlət qeydiyyatına alınması üçün ipoteka saxlayanın ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:
2.1.1. daşınmaz və daşınar əmlak barədə dövlət reyestrindən çıxarışın surəti;
2.1.2. tərtib edilmiş və imzalanmış ipoteka kağızı (ipoteka kağızını tərtib edən fiziki şəxsin imzası notariat qaydasında təsdiqlənməlidir);
2.1.3. notariat qaydasında təsdiq edilmiş və dövlət qeydiyyatına alınmış ipoteka müqaviləsinin surəti;
2.1.4. qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
2.2. Təqdim olunmuş sənədlərə 3 (üç) iş günü ərzində baxılır. Sənədlərdə çatışmazlıq, uyğunsuzluq və ya hər hansı bir nöqsan aşkar edilmədikdə, ipoteka kağızı dövlət qeydiyyatına alınır. Bu barədə ipoteka kağızının üz tərəfində xüsusi ayrılmış yerdə qeydiyyat orqanının - Maliyyə Bazarlarına Nəzarət Palatasının adı, qeydiyyat tarixi və nömrəsi göstərilməklə, səlahiyyətli şəxsi tərəfindən imzalanaraq möhürlə təsdiqlənir və ipoteka saxlayana qaytarılır.
2.3. İpoteka kağızı qanunla nəzərdə tutulan rekvizitləri özündə əks etdirmədikdə və ya qiymətli kağızlara qoyulan tələblərə cavab vermədikdə, qüvvədə olan qanunvericiliyin digər tələblərinə əməl edilmədikdə, Maliyyə Bazarlarına Nəzarət Palatası ipoteka kağızının dövlət qeydiyyatına alınmasını bu nöqsanlar aradan qaldırılanadək, habelə ipoteka predmeti barədə məhkəmə mübahisəsi həll olunanadək dayandıra bilər.
2.4. Sənədlər tam təqdim olunmadıqda və ya ipoteka qoyanın ipoteka predmeti üzərində sərəncam vermək hüququ məhdudlaşdırıldıqda, ipoteka kağızının dövlət qeydiyyatından imtinanın səbəbləri göstərilməklə 2 (iki) iş günü ərzində ipoteka saxlayana yazılı məlumat verilir.
III. İpoteka kağızının əlavə dövlət qeydiyyatı
3.1. İpoteka üzrə əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə, ipoteka kağızında müvafiq dəyişikliklər edilərək ipoteka kağızının əlavə dövlət qeydiyyatı aparılır. İpoteka kağızının əlavə dövlət qeydiyyatının aparılmasına dair ipoteka saxlayanın ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:
3.1.1. ipoteka kağızının əsli;
3.1.2. əlavə dövlət qeydiyyatın aparılmasına səbəb olan əqdin notariat qaydasında təsdiq edilmiş nüsxəsi;
3.1.3. əlavə dövlət qeydiyyatı üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
3.2. İpoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə, verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alınır. İpoteka kağızı üzrə hüquqların verilməsi ipoteka kağızında digər şəxsin xeyrinə verilmə qeydinin (indossamentin) edilməsi və ipoteka kağızının ona verilməsi yolu ilə həyata keçirilir. Verilmə qeydini edən fiziki şəxs olduqda, onun imzası notariat qaydasında təsdiq edilməlidir.
İpoteka kağızı üzrə hüquqlar verilərkən əsas öhdəlik qismən icra olunmuşsa, ipoteka kağızının mülkiyyətçisi bu barədə ipoteka kağızında müvafiq qeyd aparır və əsas öhdəliyin icra olunmamış hissəsi güzəşt edilmiş hesab edilir.
Verilmə qeydində ipoteka kağızı üzrə hüquqların verildiyi şəxsin adı tam və dəqiq göstərilməlidir. İpoteka kağızında hüquq sahibinin adı göstərilmədən indossamentə yol verilmir.
3.3. İpoteka kağızının əlavə dövlət qeydiyyatı 2 (iki) iş günü ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrə daxil edilir, ipoteka kağızı üzərində müvafiq qeyd aparılır, səlahiyyətli şəxs tərəfindən imzalanaraq möhürlə təsdiqlənir və ipoteka saxlayana qaytarılır.
3.4. Maliyyə Bazarlarına Nəzarət Palatası ipoteka kağızının dövlət qeydiyyatı və əlavə dövlət qeydiyyatı barədə məlumatı 1 (bir) iş günü ərzində ipotekanın qeydiyyat orqanına təqdim edir.
IV. İpoteka kağızının ləğv edilməsi
4.1. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində müəyyən edilmiş hallarda ipoteka saxlayan ipoteka kağızına xitamverildiyi gündən 5 (beş) təqvim günü ərzində Maliyyə Bazarlarına Nəzarət Palataya ərizə və ipoteka kağızının əsli təqdim olunmaqla müraciət etməlidir.
4.2. Maliyyə Bazarlarına Nəzarət Palatası xitam verilən ipoteka kağızını alan kimi qiymətli kağızların dövlət reyestrində yazılarının ləğv edilməsinə dair qeydləri apardıqdan sonra ipoteka kağızını həmin gün ipotekanın dövlət qeydiyyatını aparan orqana göndərir.
4.3. İpotekanın dövlət qeydiyyatını aparan orqan ipoteka kağızını alan kimi dərhal onun üz tərəfinə “Xitam verilmişdir” ştampı vurmaqla ləğv edir və öz arxivində saxlayır.
V. Yekun müddəalar
5.1. Maliyyə Bazarlarına Nəzarət Palatası ipoteka kağızları haqqında məlumat bazasını yaradaraq, məlumatın saxlanılmasını təmin etməlidir.
5.2. Dövlət qeydiyyatına alınmış ipoteka kağızının surəti Maliyyə Bazarlarına Nəzarət Palatasının arxivində saxlanılır.
5.3. İpoteka kağızının dövlət qeydiyyatının aparılması qaydalarının pozulmasından inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.