Tədqiqatın adı: Azərbaycanın neytral faiz dərəcəsi: Hazırda haradayıq?
Nömrə: 02/2026
Müəllif(lər): Xəzan Baxşalıyev, Fərid Muradzadə, Vüqar Əhmədov
Dil: İngilis dili
Tarix: 2026
Xülasə: Məqalədə Holston, Laubach və Williams (2017) tərəfindən irəli sürülmüş natamam-struktur xarakterli vəziyyət-məkan (state-space) modelindən istifadə etməklə, 2005-ci ilin I rübündən 2026-cı ilin I rübünədək olan dövr üzrə Azərbaycan iqtisadiyyatı üçün neytral faiz dərəcəsi (𝑟∗) qiymətləndirilir. Modelin parametrləri Kalman filtri vasitəsilə qiymətləndirilmiş, müşahidə olunmayan trend komponentlərinə uyğun siqnal-küy nisbətləri isə median-qərəzsiz qiymətləndirmə (median-unbiased estimation) metodu əsasında müəyyən edilmişdir. Qiymətləndirmələrin nəticələrinə əsasən, neytral faiz dərəcəsi təhlil dövrünün başlanğıcında təxminən 8,1 faiz təşkil etdiyi halda, 2026-cı ilin I rübünə 2,9 faiz səviyyəsinədək tədricən azalmışdır. Sözügedən azalma, əsasən, 2015-ci ildə qlobal enerji qiymətlərində kəskin eniş və məzənnə korreksiyası ilə səciyyələnən dövrdə müşahidə edilmişdir. 2021–2022-ci illərdə qlobal enerji qiymətləri əhəmiyyətli yüksəlsə də neytral faiz dərəcəsi qismən və müvəqqəti yüksəlmişdir. Neytral faiz dərəcəsinin trend artım tempi (𝑔) və digər determinantlar (𝑧) üzrə dekompozisiyası göstərir ki, 𝑟∗ göstəricisində müşahidə olunan dəyişkənliyin demək olar ki, bütün hissəsi trend artım tempindəki dəyişikliklərlə izah olunur. Digər determinantları əks etdirən 𝑧 komponenti isə bütün müşahidə dövrü ərzində sıfıra yaxın səviyyədə qalmışdır. Eyni məlumat dövrü üzrə yenidən qiymətləndirilmiş Laubach və Williams (2003) spesifikasiyası neytral faiz dərəcəsinin səviyyəsini 30–100 baza bəndi daha yüksək olsa da, onun dinamikası dəyişməz qalır. Trend artım tempinin siqnal-küy nisbətinə münasibətdə aparılmış həssaslıq təhlili neytral faiz dərəcəsinin uzunmüddətli azalma meylinin əsas istiqamətinin müxtəlif parametr seçmələri şəraitində də qorunduğunu təsdiqləyir. Alınmış nəticələrin interpretasiyasına iki mühüm metodoloji məhdudiyyət təsir göstərir. Birincisi, məhsul buraxılış kəsrinin (output gap) faiz dərəcəsinə həssaslığının aşağı olmasıdır. İkincisi, 𝑧 komponentinin müşahidə tənlikləri sistemində yalnız sözügedən elastiklik vasitəsilə müəyyən edilməsi onun zəif identifikasiya olunmasına səbəb olur. Ümumilikdə, əldə edilmiş nəticələr göstərir ki, 2015-ci ildən əvvəlki dövrlə müqayisədə iqtisadiyyatda tarazlıq şəraitinə uyğun gələn siyasət faiz dərəcəsinin səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşmüşdür. Bununla belə, neytral faiz dərəcəsinə dair bu qiymətləndirmələr monetar siyasətin mövqeyinin müəyyənləşdirilməsində müstəqil və yeganə göstərici kimi deyil, pul-kredit siyasətinin mövqeyini qiymətləndirən digər makroiqtisadi və maliyyə göstəricilərini tamamlayan analitik vasitə kimi nəzərdən keçirilməlidir.
Açar sözlər: Kalman filtir, neytral faiz dərəcəsi, trendin artım tempi, monetar siyasət qaydaları, buraxılış kəsrinin neytral səviyyəsi.
JEL təsnifatı: E01, E2, E43, P44