26 may 2025-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov və sədrin müşaviri Ülvin Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərinə səfər ediblər. Səfər çərçivəsində BƏƏ Mərkəzi Bankının (BƏƏMB) sədri Xaled Məhəmməd Balama ilə görüş təşkil olunub. Görüş zamanı iki ölkənin bank-maliyyə sektorları arasında mövcud əlaqələr, mərkəzi banklar arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin mərkəzi banklar tərəfindən maliyyə, bank və sığorta, eləcə də rəqəmsal ödənişlər infrastrukturu və nəzarət texnologiyaları sahəsində tənzimləyici və qanunverici çərçivələrin təkmilləşdirilməsi üzrə görülən işlər müzakirə edilib, qurumlar arasında sıx və məhsuldar əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.
Görüşün sonunda maliyyə sektoru üzrə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinin möhkəmləndirilməsi məqsədilə AMB və BƏƏMB arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Tərəflər Memorandum çərçivəsində bankçılıq, sığorta, ödəniş xidmətləri, ödəniş sistemləri və maliyyə bazarlarının digər sahələri ilə bağlı qanunvericilik bazasının müzakirəsi, sürətli ödəniş sistemləri kimi pərakəndə ödəniş sistemlərinin qarşılıqlı inteqrasiyasının qiymətləndirilməsi, həmçinin qabaqcıl təcrübə haqqında məlumat mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, hər iki qurum təcrübə və bilik mübadiləsi, o cümlədən qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmək üçün görüş, kurs, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Sədrlər Anlaşma Memorandumunun iki dost ölkə arasında iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyi ilə bağlı əminliklərini vurğulayıblar.