25 iyun 2025-ci il, Bakı: 24-25 iyun tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Fintex Sammiti 2025” tədbiri keçirilib.
Tədbir innovasiyaların, əməkdaşlığın və inkişafın təşviqi məqsədilə ölkənin aparıcı mütəxəssislərini və beynəlxalq ekspertləri rəqəmsal valyutaları, müasir bank məhsullarını, kibertəhlükəsizlik və maliyyə texnologiyaları sahəsindəki ən son trendləri müzakirə etmək üçün bir araya gətirib.
AMB-nin sədrinin müavini Vüsal Xəlilov tədbirin açılışında çıxış edərək rəqəmsal maliyyə ekosisteminin inkişafında Mərkəzi Bankın rolunu, həyata keçirilən təşəbbüsləri və sektorlararası əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb.
Daha sonra tədbir 7 panel müzakirəsi ilə davam edib.
AMB-nin Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin direktor müavini Ramil Mahmudov maliyyə xidmətlərinin rəqəmsal transformasiyası mövzusunda keçirilən müzakirələrə moderatorluq edib.
Texnoloji innovasiyalara əsaslanan növbəti paneldə AMB-nin İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru Sadiq Axundov süni intellekt ilə data mövzuları ətrafında fikir mübadiləsi aparıb və AMB-nin müasir texnologiyaların tətbiqi ilə bağlı təşəbbüslərini diqqətə çatdırıb.
AMB-nin Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin əməkdaşı Ülfət Yusifov isə innovasiyaların rəqəmsal dövrdəki təsirləri mövzusunda müzakirələrdə iştirak edib.
AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi innovasiya ekosisteminin gücləndirilməsində tənzimləyici institutların vasitəçilik rolundan danışıb. Eyni panelin iştirakçısı olan AMB-nin Ödəniş sektoru və maliyyə texnologiyalarının hüquqi təminatı şöbəsinin rəhbəri Günay Mahmudova isə çıxışı zamanı bank-fintex əməkdaşlığında hüquqi tənzimləmənin rolu, təsiri və bu sahədəki yeniliklərdən bəhs edib.
Tədbir çərçivəsində keçirilmiş növbəti müzakirə paneli AMB-nin sədrinin müşaviri Akif Bağırovun moderatorluğu ilə rəqəmsal maliyyənin təhlükəsizliyinin təmin olunması mövzusunda təşkil olunub. AMB-nin Bank sektorunun hüquqi təminatı şöbəsinin rəhbəri Mehdi Mehdizadə panelin iştirakçısı olaraq maliyyə sektorunda kibertəhlükəsizlik üzrə hüquqi çərçivələr barədə çıxış edib.
Qeyd edək ki, ölkədə ənənəvi olaraq keçirilən tədbirdə dövlət qurumları, kommersiya bankları, fintex şirkətləri, ödəniş texnologiyaları təminatçıları, akademik dairələrin nümayəndələri və beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edib.