18 may 2026-cı il, Bakı: Mərkəzi Bank rəqəmsal maliyyə texnologiyaları ekosisteminin inkişafının təşviqinə, eləcə də bu sahədə məlumatlılığın artırılmasına və insan kapitalının inkişafına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda təlim proqramı təşkil olunub.
50-yə yaxın tələbənin iştirak etdiyi proqram zamanı “Rəqəmlərlə iqtisadiyyatın idarə edilməsi”, “Rəqəmsal maliyyə məhsulları”, “Ödəniş sistemləri və innovasiyalar”, “Məlumatların idarə edilməsi” və “Virtual aktivlərin tənzimlənməsi” mövzularında təlimlər keçirilib. Təlimlər zamanı iştirakçılara qeyd olunan istiqamətlər üzrə aktual yanaşmalar, praktik biliklər və real nümunələr təqdim olunub.
Mərkəzi Bankın nümayəndələri tərəfindən keçirilən sessiyalar çərçivəsində tələbələr rəqəmsal maliyyə ekosistemində baş verən yeniliklər, müasir çağırışlar və innovativ həllərlə yaxından tanış olmaq imkanı əldə ediblər. Proqram eyni zamanda interaktiv müzakirə mühiti yaradaraq iştirakçıların mövzular üzrə daha dərin bilik qazanmasına şərait yaradıb.
Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.