5 noyabr 2026-cı il, Bakı: Mərkəzi Bankın və maliyyə institutlarının iştirakı ilə Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib.
“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilən bu aksiyada Mərkəzi Bankın sədrinin müşaviri Bəhruz Balayev və Bank əməkdaşları, qurum və assosiasiyaların rəhbər şəxsləri, eləcə də assosiasiyalara üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.
Aksiya zamanı ölkədə meşə fondunun bərpası və yaşıllıqların genişləndirilməsi məqsədilə 2 hektar ərazidə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
Xatırladaq ki, Memorandum Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində imzalanıb. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir.