“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ödəniş sistemi operatoru (Mərkəzi Bank istisna olmaqla) ödəniş sistemləri sahəsində fəaliyyətini lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.
Ödəniş sistemi – ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması üzrə rəsmiləşdirilmiş və standartlaşdırılmış ümumi mexanizm və qaydalara malik, üç və daha artıq iştirakçının üzv olduğu pul vəsaitinin köçürülməsi sistemi;
Ödəniş sistemi operatoru – Qanuna uyğun olaraq ödəniş sisteminin fəaliyyətini təşkil edən və həmin sistemin qaydalarını müəyyən edən şəxs.
Mərkəzi Bank nəzarət subyektlərinin və ödəniş agentlərinin ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Reyestrə nəzarət subyektlərinin, onların filial və nümayəndəliklərinin adları, hüquqi ünvanı, rəhbər şəxslərinin adları, verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrəsi və tarixi, həyata keçirilməsinə lisenziya verilmiş fəaliyyət növü, o cümlədən ödəniş agentlərinin adı, ünvanı, rəhbər şəxsləri (hüquqi şəxs olduqda), həyata keçirilmələrinə icazə verilmiş fəaliyyət növləri, fəaliyyətinə xitam verilmiş nəzarət subyektləri və ödəniş agentləri barədə məlumatlar daxil edilir.