Ödəniş sistemləri

ÜMUMİ MƏLUMAT

Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) ödəniş sistemləri sahəsində fəaliyyəti onun struktur bölməsi olan Ödəniş sistemləri və hesablaşmalar departamenti tərəfindən həyata keçirilir.

Ödəniş sistemləri və hesablaşmalar departamentinin missiyası müasir standartlara cavab verən elektron ödəniş sistemlərinin yaradılması, onların sabit və fasiləsiz istismarının təşkil edilməsi, beynəlxalq aləmdə bu istiqamətdə baş verən meyllər nəzərə alınmaqla daim inkişaf etdirilməsi və təkmilləşdirilməsidir.

AMB tərəfindən beynəlxalq təcrübə əsasında beynəlxalq maliyyə qurumlarının texniki yardımı və maliyyə köməyindən istifadə edilməklə son on il ərzində Milli Ödəniş Sisteminin yaradılması və inkişafı istiqamətində geniş islahatlar aparılmışdır.

1998-ci ildə Milli Ödəniş Şurasında Milli Ödəniş Sisteminin yaradılmasının konseptual əsasları və strategiyası hazırlanmışdır.

2001-ci ilin əvvəllərində Milli Ödəniş Sisteminin arxitekturasının əsasını təşkil edən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi yaradılaraq istifadəyə verilmişdir. AZİPS sisteminin istismara verilməsi nəticəsində banklar arasında hesablaşmaların real vaxt rejimində (on-line) həyata keçirilməsinə, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına imkan yaranmışdır.

2002-ci ilin sonlarından etibarən Milli Telekommunikasiya Şəbəkəsinin bazasında Milli Ödəniş Sisteminin arxitekturasının ikinci mühüm elementi olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi yaradılaraq istifadəyə verilmişdir. Beləliklə, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əmək haqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, eyni zamanda, xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəssisələrinin, böyük sayda ödəniş əməliyyatları (məs., vergi, gömrük və sosial müdafiə ödənişləri) aparan hökumət qurumlarının Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradıldı.

AZİPS və XÖHKS sistemlərinin fövqəladə hallarda etibarlı və davamlı fəaliyyətini təmin etmək məqsədilə onların Sumqayıt Ehtiyat Mərkəzində ehtiyat surətləri yaradılmışdır. Sistemlərin əsas və ehtiyat mərkəzlərdə yerləşən serverləri arasında real vaxt rejimində informasiya mübadiləsi təşkil edilmişdir.

Ödəniş sistemləri sahəsində aparılan islahatların əhatə dairəsinin genişləndirilməsi və regionlara istiqamətləndirilməsi, yaradılmış Milli Ödəniş Sisteminin imkanlarından daha aktiv istifadə olunması, bütün ölkə üzrə vahid elektron ödəniş məkanının yaradılması, hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılıması zərurətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı edilmişdir.

Dövlət Proqramına uyğun olaraq ölkədə kart ödənişlərinin daha da inkişaf etdirilməsi və Milli Ödəniş Sisteminin arxitekturasının tamamlanması üçün yeni infrastrukturun – “MilliKart” Prosessinq Mərkəzi* yaradılaraq respublikada fəaliyyət göstərən 18 bankın idarəçiliyinə və istifadəsinə verilmişdi.

Kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi və ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyasının tamamlanmasının icrası ilə əlaqədar olaraq kommunal xidməti haqlarının yığımı üzrə Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin yaradılaraq 2008-ci ilin 11 iyul tarixindən etibarən istismara verilmişdir. Sistem vasitəsilə KÖMİS-ə qoşulmuş kommunal xidməti müəssisələri üzrə ödənişləri həm nağd, həm də bankomatlarda və KÖMİS-in internet xidmətindən (www.apus.az) istifadə etməklə ödəniş kartları vasitəsilə həyata keçirmək mümkündür.

2011-ci ilin 8 avqust tarixindən etibarən KÖMİS vasitəsilə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələr haqqında məlumat almaq və ödəniş aparmaq mümkündür.

Dövlət büdcəsinə ödəniləcək vəsaitlərin vahid platforma üzərindən qəbul edilməsinin təmin edilməsi məqsədilə KÖMİS-in texniki və funksional imkanlarının genişləndirilərək “Hökumət Ödəniş Portal”ı yaradılmışdır. Vergilər və Maliyyə nazirliklərinin aktiv iştirakı ilə bu qurumlar tərəfindən toplanılması təmin edilən vergi və tədiyə növlərinin 90 iqtisadi təsnifat kodu üzrə ödənişlərinin “Hökumət Ödəniş Portalı” vasitəsilə toplanması təmin edilmişdir. Yaradılmış imkan nəticəsində 11 aprel 2012-ci il tarixindən etibarən vergi ödəyiciləriləri KÖMİS-in ödəniş məntəqələrində və eyni zamanda internet səhifəsində (www.apus.az), həmçinin Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında ödəniş kartları vasitəsilə vergi və tədiyə növləri üzrə ödənişlərini apara bilərlər. Dövlət Sosial Müdafiə Fondunun daxili informasiya sisteminin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunması üzrə işlər uğurla yekunlaşdırılmışdır. İnteqrasiya nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlərin ödənişlərinin “Hökumət Ödəniş Portalı”nın infrastruktur imkanlarından istifadə edilməklə qəbul edilməsi imkanı yaradılmışdır. Digər dövlət qurumlarının daxili informasiya sistemlərinin “Hökumət Ödəniş Portalı”na inteqrasiyası istiqamətində işlər görülür.

Mərkəzi Bank tərəfindən beynəlxalq maliyyə institutları, inkişaf etmiş Avropa ölkələrinin mərkəzi bankları, o cümlədən MDB dövlətlərinin mərkəzi bankları ilə ödəniş sistemlərinin öyrənilməsi və inkişafı sahəsində əməkdaşlıq daim genişləndirilir və təcrübə mübadiləsi aparılır. Departamentin əməkdaşları Dünya Bankının “MDB dövlətlərinin ödəniş sistemləri və qiymətli kağızlar üzrə hesablaşmalar sistemləri sahəsində təşəbbüs (CİSPİ)” layihəsi qrupunun tərkibində MDB dövlətlərinin iştirakı ilə keçirilən görüşlərdə, eyni zamanda, Türkiyə Mərkəzi Bankı və BHB tərəfindən təşkil olunan Şərqi Avropa ölkələrinin iştirakı ilə keçirilən görüşlərdə iştirak edir, ödəniş sistemləri üzrə təcrübə mübadiləsi aparır. Dünya Bankının “MDB dövlətlərinin ödəniş sistemləri və qiymətli kağızlar üzrə hesablaşmalar sistemləri sahəsində təşəbbüs” layihəsi çərçivəsində Azərbaycanın ödəniş və qiymətli kağızlar üzrə hesablaşma sistemləri adlı kitab – Gümüş Kitab hazırlanmış, Dünya Bankı tərəfindən nəşr edilmişdir.

Mərkəzi Bank tərəfindən ödəniş sistemləri sahəsində əldə edilmiş uğurlar müxtəlif beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş və nailiyyətlər bir sıra mərkəzi bankların diqqətini cəlb etmişdir. Belə ki, ödəniş sistemində aparılan islahatlarla tanış olmaq və təcrübə mübadiləsi keçmək üçün Qırğızıstan və Gürcüstan respublikalarının mərkəzi banklarının, 6 Mərkəzi Afrika ölkəsini (Çad, Kamerun, Konqo, Mərkəzi Afrika Respublikası, Qabon və Ekvatorial Qvineya) təmsil edən Mərkəzi Bankın, Oman Mərkəzi Bankının və Əlcəzair Mərkəzi Bankının nümayəndələri Mərkəzi Bankda olmuş, AZİPS və XÖHKS sistemlərinin iş prinsipi ilə tanış olmuşlar.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə