30 iyun 2026-cı il, Bakı: Mərkəzi Bank tərəfindən Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq jurnalistika ixtisasının tələbələri üçün təşkil olunan “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” başa çatıb.
İyun ayının 29-da Mərkəzi Bankın inzibati binasında Bank əməkdaşlarının, ADU rəhbərliyi və tələbələrin, eləcə də tanınmış media nümayəndələrinin iştirakı ilə bağlanış mərasimi keçirilib.
Açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədr müavini Əli Əhmədov müasir dövrdə kommunikasiyanın ictimaiyyətin düzgün məlumatlandırılması və institusional etimadın möhkəmləndirilməsi istiqamətindəki mühüm rolundan danışıb. O, bu proqramın Mərkəzi Bank tərəfindən şəffaflığın artırılması və açıq kommunikasiya mühitinin formalaşdırılması üzrə həyata keçirilən təşəbbüslərdən biri olduğunu vurğulayıb.
Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin Kommunikasiya şöbəsinin rəisi Ülkər Həsənova sözügedən proqram vasitəsilə mürəkkəb iqtisadi proseslərlə cəmiyyət arasında körpü rolunu oynacaq peşəkar və ixtisaslaşmış media nümayəndələrinin yetişdirilməsinə töhfə verildiyini bildirib.
ADU-nun rektorunun müşaviri Anar Osmanlı və Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı proqramın tələbələrin peşəkar inkişafı baxımından əhəmiyyətini qeyd edərək bu təşəbbüsə görə Mərkəzi Bankın rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbirdə qonaq spiker qismində çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov tələbələri iqtisadi jurnalistika sahəsində ixtisaslaşmağa səsləyərək öz tövsiyələrini bölüşüblər.
Proqramın məzunu olan tələbələr də öz növbələrində təlimlərlə bağlı təəssüratlarını və yaddaqalan məqamları bölüşüblər.
Bağlanış mərasimində proqramı uğurla başa vurmuş tələbələrə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.
Qeyd edək ki, cari ilin aprel-may ayları ərzində Mərkəzi Bankın əməkdaşları tərəfindən keçirilən təlim sessiyaları çərçivəsində mərkəzi bankçılıq və maliyyə gündəminin əsas mövzuları tələbələrə sadə və anlaşılan formada təqdim olunub. 8 əsas istiqaməti əhatə edən sessiyalar zamanı gənc jurnalistlərə iqtisadi xəbərlərin hazırlanması ilə bağlı praktik tövsiyələr verilib.