Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycan Mərkəzi Bankına rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə aidiyyatı dövlət qurumları ilə birlikdə beynəlxalq təcrübənin araşdırılaraq Azərbaycanda tətbiqi perspektivlərinə dair müvafiq təkliflərin hazırlanması tapşırılmışdır.
Verilmiş tapşırığın icrası çərçivəsində ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, qeyri-neft sektorunun aparıcı sahələri üzrə nağd iqtisadiyyatın həcminin ölçülməsi, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 28.12.2016-cı il tarixli qərarına əsasən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığa başlanılmışdır.
Layihə çərçivəsində Mərkəzi Bankla “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının heyəti və ekspertləri tərəfindən rəqəmsal ödənişlər üzrə milli strategiya və cari ödəniş ekosistemi araşdırılmış, nağd ödənişlərə təkan verən makro və mikro amillər müəyyən edilmiş və nağd puldan rəqəmsal ödənişlərə miqrasiya üzrə ümumi metodlar dəyərləndirilmişdir. Qeyd edilən işlərin həyata keçirilməsi üçün Mərkəzi Bank tərəfindən dövlət qurumları, kommersiya bankları ilə görüşlər keçirilmiş, Bakı şəhərində və 9 rayonda 560 təşkilat və 700 istehlakçı arasında sorğu və müsahibə təşkil edilmişdir. Həmçinin, əsas istiqamətlər üzrə strategiyanın müəyyənləşdirilməsi, bu sahədə inkişaf etmiş ölkələrin təcrübələrinin araşdırılması, tövsiyələrin dəqiqləşdirilməsi, onların təsirinin analiz edilməsi, habelə implementasiya asanlığının qiymətləndirilməsi və prioritetləşdirilməsi üzrə işlər nəzərdən keçirilmişdir. 6 Nazirlik, 25-dən yuxarı maliyyə qurumu, 10 özəl sektor iştirakçısı və 7 digər hökumət qurumlarının iştirakı ilə müzakirələr təşkil edilmiş, 30-dan yuxarı fərqli ölkənin təcrübəsi araşdırılmışdır.
Layihə üzrə görülmüş işlərin yekunu olaraq 4 istiqamətdə (rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması və rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi) 16 prioritetdən və 60-a yaxın tədbirdən ibarət olmaqla ölkəmiqyaslı yeni strateji sənədin – Dövlət Proqramının layihəsi hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.