Dövlət Proqramı çərçivəsində Mərkəzi Banka mühüm tapşırıqlar verilmişdir. Bu tapşırıqların həyata keçirilməsi istiqamətində Mərkəzi Bank aşağıdakı tədbirlərin əsas icraçısıdır.
“Ani Ödəniş Sistemi”nin (AÖS) yaradılması nəticəsində ölkənin ödəniş ekosistemi fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmaların 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verəcəkdir. İstifadəçilər istənilən zaman və istənilən vasitələrlə bir-birlərinə ödəniş edə biləcəklər. Eyni zamanda, ölkənin təsərrüfat subyektlərində müasir mobil həllərin tətbiqi mümkün olacaqdır.
Ötən dövr ərzində AÖS-ün texniki platformasının və proqram təminatlarının sistemin tələblərinə uyğun olaraq əsas və ehtiyat mərkəzlərdə quraşdırılması, konfiqurasiya edilməsi başa çatdırılmışdır. İcraçı şirkətin ekspertlərinin iştirakı ilə təkrar qiymətləndirmə aparılmış və yekun funksional-texniki tələblər müəyyən edilmişdir. Sistemdə iştirakçı təşkilatlarla informasiya mübadiləsi üçün nəzərdə tutulan məlumat formatları ISO 20022 standartı əsasında ilkin versiyada hazırlanmışdır.
Layihə üzrə bank sektoru üçün təqdimat keçirilmiş, sistemin funksional imkanları, Mərkəzi Bank və iştirakçı təşkilatlar tərəfindən görüləsi işlər haqqında geniş məlumat verilmişdir. Eyni zamanda, banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının, həmçinin kart təşkilatlarının sistemin funksionallıqlarından istifadəsi üzrə spesifikasiyalar hazırlanmış və xüsusi internet resursunda yerləşdirilməklə onların istifadəsinə təqdim edilmişdir.
Eyni zamanda, AÖS-də fiziki və hüquqi şəxslərin identifikasiya olunması üçün Daxili İşlər Nazirliyinin “Giriş-çıxış” İAMAS və Vergilər Nazirliyinin AVİS sistemləri ilə informasiya mübadiləsinin aparılması üçün texniki spesifikasiyalar hazırlanmış və icraçı şirkət tərəfindən tətbiq edilməyə başlanmışdır.
Milli Ödəniş Sistemi infrastrukturunda “QR Code” vasitəsi ilə ödənişlərin aparılması üçün ölkə üzrə vahid standartının layihəsi hazırlanaraq ictimaiyyətə təqdim olunmuşdur.
Layihənin fiziki şəxslər arasında (P2P) hesablaşmaları və mövcud kart infrastrukturundan ödənişlərin aparılmasını əhatə edəcək birinci mərhələsi üzrə funksional imkanların yaradılması üzrə işlərin 01 sentyabr 2019-cu il tarixinə kimi başa çatdırılması və test mühitində sınaq işlərinə başlanılması nəzərdə tutulur.
Azərbaycanın bank sektorunda həyata keçirilən xidmətlərin keyfiyyətinin artırılması, müştəri məmnunluğunun yüksəldilməsi məqsədilə Mərkəzi Bank ölkədə ilk dəfə olaraq pilot Blokçeyn platforması üzərindən Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması üzrə işlərə start vermişdir. Layihənin effektiv və səmərəli realizasiyası, layihə çərçivəsində nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və layihəyə cəlb edilmiş iştirakçı təşkilatlarla qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə dövlət qurumları və pilot olaraq seçilmiş kommersiya banklarının rəsmi nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır. Sistemin "Prototipi" hazırlanaraq işçi qrupunda nümayiş etdirilmişdir.
Layihə çərçivəsində ölkədə innovativ maliyyə texnologiyalarının genişlənmə strategiyasını özündə əks etdirən Rəqəmsal Transformasiya Planının layihəsi İBM şirkəti tərəfindən hazırlanmışdır. Sənəd hazırlanarkən müasir innovaitv trendlər təhlil edilmiş, İBM şirkətinin qlobal olaraq həyata keçirdiyi oxşar layihələr və anoloji təcrübələr araşdırılmışdır. Həmin təcrübənin ölkəyə gətirilməsi və innovativ maliyyə texnologiyalarının tətbiq edilməsi istiqamətində onlarla potensial layihələr müəyyən edilmişdir. Layihə üzrə işlər davam etməkdədir.
Dövlət Proqramında Mərkəzi Bankın qarşısına qoyulmuş tapşırıqlardan biri də ölkənin bütün maliyyə bazarının ISO20022 standartına miqrasiya planının hazırlanaraq təqdim olunmasıdır.
ISO20022 standartı istifadəçidən istifadəçiyə əməliyyat proseslərini avtomatlaşdırmağa imkan verən, maliyyə sistemində universal mübadilə standartıdır. Onun tətbiqi ilə maliyyə bazarı iştirakçıları arasında kommunikasiya standartları, prosedurları və formatları uyğunlaşdırılacaq, o cümlədən ödəniş sistemləri iştirakçıları arasında hesablaşmalar, həmçinin bu sahədə bir sıra prosedur və biznes proseslər optimallaşdırılacaqdır. Standartların ölkənin maliyyə sektorunda tətbiqi elektron ödənişlərdə avtomatik emal əmsalını yüksəldəcəkdir.
Bu istiqamətdə Mərkəzi Bank tərəfindən artıq bir sıra xarici təşkilatlarla əməkdaşlığa başlanılmışdır. Hazırda layihə üzrə işlər davam etməkdədir.
Azərbaycan Mərkəzi Bankı tərəfindən cəmiyyətdə rəqəmsal ödənişlərə ictimai marağın artırılması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə cari ilin fevral, mart və aprel ayları ərzində bütün əhali təbəqəsinə hədəflənərək ölkə miqyasında “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya keçirilmişdir. Bu dövrdə Azərbaycan bankları tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə etmişdir. Lotereya dövründə uduş məbləği 50 manat olmaqla ümumi ölkə üzrə 1800 şəxs qalib olmuşdur. Nəticədə cari ilin fevral-aprel ayları ərzində bütün ölkə üzrə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı 14.4 milyona, əməliyyatların həcmi isə 922.8 milyon AZN-ə çatmışdır. Bu da ötən ilin analoji dövri ilə müqayisədə müvafiq olaraq 56% və 57% artım deməkdir.
Ətraflı: https://www.cbar.az/page-133/stimullasdirici-lotereya
Ətraflı: https://www.cbar.az/press-release-2172/central-bank-held-novruz-khonchasi-financial-literacy-event